Xəbər lenti



Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.

İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram Məmmədovun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Haysuf Hacıyevin idarə etdiyi dərman vasitələri və digər mallarla yüklü nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsini təmin etmək müqabilində onlara müraciət etmiş vətəndaş Arzu Abdullayevdən rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Hidayət Məmmədov Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılığa köməkçilik), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma), Bayram Məmmədov həmin Məcəllənin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), Arzu Abdullayev və Haysuf Hacıyev isə həmin Məcəllənin 200-1.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi), 200-1.2.3 (külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə ibtidai istintaqı aparan müstəntiqin vəsatəti və İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında təqsirləndirilən şəxslər Hidayət Məmmədov, Bayram Məmmədov və Arzu Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs,  Haysuf Hacıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.



Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) mart ayı üzrə 273 müraciətçinin 222-si barədə müsbət qərar verərək müvafiq şəhadətnamələr təqdim edib, 51 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə TKTA məlumat yayıb.
 
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 39 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 təhsil forması, 2 dövlət nümunəli olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərqi göstərmək mümkündür.
 
Ölkələr üzrə Türkiyədən 84, Ukrayna 62, Rusiyadan 49, Birləşmiş Krallıq 21, Gürcüstan 14, Macarıstan 11, Belarusdan 4, Polşadan 4, Kanada 3, həmçinin Almaniyadan, Amerika Birləşmiş Ştatları, Estoniya, İtaliya, Koreya, Moldova, Sudan Respublikalarının hər birində 2, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Belçika Krallığı, Fransa, Avstriya, Latviya, Litva Respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.
 
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat ixtisası üzrə 21, biznesin idarə edilməsi ixtisası üzrə 19, maliyyə ixtisası üzrə 19, menecment ixtisası üzrə 16, dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 13 müraciət qeydə alınıb.
 


“Vacib məqamı xüsusilə vurğulamaq istərdim, çünki bu bizə tez-tez ünvanlanan suallardan biridir. İştirakçı layihəni təqdim etdiyi zaman pedaqoji işçi olsa da, sonradan bu statusunu itirərsə, məsələn, işdən ayrılsa və ya fəaliyyətini dayandırsa, o zaman layihə məzmun qiymətləndirməsi mərhələsinə buraxılsa belə, yenidən texniki ekspertizaya qaytarılır və həmin mərhələdən keçmiş sayılmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verən Elm və Təhsil Nazirliyi Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

Sektor müdiri bildirib ki, tamamilə elektronlaşdırılmış şəkildə grants.edu.az platforması üzərindən həyata keçirilən müsabiqəyə təqdim olunan bütün layihələr ilkin olaraq texniki ekspertiza mərhələsindən keçirilir. Bu mərhələdə layihənin və iştirakçının müsabiqə elanında qeyd edilmiş şərtlərə uyğunluğu yoxlanılır. Yəni layihənin icra müddəti, büdcəsi, təqdim olunan sənədlərin tamlığı, eyni zamanda iştirakçının pedaqoji statusu və əvvəlki layihələrinin səmərəliliyi nəzərdən keçirilir. Texniki meyarlara tam cavab verən layihələr növbəti mərhələyə – məzmun ekspertizasına buraxılır.

Məzmun ekspertizası mərhələsində layihələr 100 ballıq şkala üzrə, 9 müxtəlif meyar əsasında qiymətləndirilir. Qiymətləndirmə prosesi isə bu sahədə ixtisaslaşmış, yüksək təcrübəyə malik müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Müsabiqənin keçid balı 50-dir, yəni 50 və daha yüksək bal toplayan layihələr qrant almağa namizəd hesab olunurlar. Bununla belə, müsabiqənin ümumi büdcəsi 1 900 000 manat olduğuna görə, yalnız ən yüksək bal ardıcıllığı ilə büdcəyə sığan layihələr qrantla təmin olunur. Bütün bu mərhələlər ərzində iştirakçılar öz layihələrinin statusunu şəxsi kabinetlərindən real vaxtda izləyə bilirlər. Məsələn, əgər iştirakçı texniki ekspertiza mərhələsindən keçməzsə, bunun səbəbi həmin iştirakçının şəxsi kabinetində ətraflı şəkildə göstərilir. Eyni şəkildə, məzmun qiymətləndirməsi mərhələsində hər bir meyar üzrə iştirakçının topladığı ballar da onun şəxsi kabinetində əks olunur. Bu yanaşma bizə prosesin hər addımında iştirakçının məlumatlılığını və şəffaflığı təmin etməyə imkan yaradır: 

“Bir məqamı da qeyd edim ki, qrant qalibləri elan olunduqdan sonra bütün nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bu zaman həm layihənin adı, həm ayrılmış büdcə, həm də qrant qalibi barədə əsas məlumatlar açıqlanır. Daha sonra isə qrant qazanmış layihələrin icrası və əldə olunan nəticələr müsabiqənin rəsmi səhifələrində geniş şəkildə işıqlandırılır. Biz hesab edirik ki, bu, həm prosesin şəffaflığını təmin edir, həm də növbəti müsabiqələrə müraciət etmək istəyən təhsil işçiləri üçün ilhamverici nümunə və yol göstərici rolunu oynayır”.


 
 


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı suallarını cavablandırıb.

Bakıvaxtı.az bu barədə İRNA-ya istinadən xəbər verir.

ABŞ-ylə danışıqların mümkünlüyü ilə bağlı suala Bekayi belə cavab verib:

"İranın cavab məktubu ABŞ-yə çatdırılıb. ABŞ-nin bu məsələ ilə bağlı qərarını gözləyirik. Dolayı danışıqların irəliləyişində digər tərəflərin iştirakının rekordu aydındır. Belə bir proses formalaşarsa, Oman bu missiyanın əsas namizədi olacaq".

Əli Hüseynov



Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) təkcə inşa etdikləri binalardakı mənzillərdən deyil, həm də parkinq yerlərindən pul qazanırlar.

Göydələnlərin altında avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlər ya yüksək qiymətə vətəndaşlara satılır, ya da icarəyə verilir.

Bu isə əksər hallarda binadan mənzil almış sakinlərin narazılığına səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baku TV-yə danışan vətəndaşların sözlərinə görə, hər ay avtomobili qarajda parlamaq üçün 50 manat ödəsələr də, bunun müqabilində onlara qəbz və yaxud başqa sənəd təqdim edilmir. Parkinq yerini birdəfəlik almaq üçün isə 25 min manat ödəmək lazımdır. Amma bu məbləği ödəyənlərə də heç bir sənəd, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmir.

Bəs hər kvadratmetri az qala mənzillə eyni qiymətə təklif olunan belə qarajların satışı nə dərəcədə qanunidir? Həmin ərazilər əslində kimə məxsus olmalıdır?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikinti qanunvericiliyinə əsasən mənfi birinci mərtəbədə kommunikasiya xətləri keçən ərazilər başqa təyinat üzrə istifadə oluna bilməz: "Bu əraziləri isə tikinti şirkətləri adətən vətəndaşlara qaraj kimi satırlar, lakin həmin ərazini özəlləşdirəndə kommunikasiya xətləri keçən hissələr çıxılmalıdır".

Hüquqşunas Vüsal Cəfərov deyir ki, binaların altındakı ərazilərdən istifadə hüququ yaşayış binasını inşa edən şirkətin təşkilatı hüquqi formasından asılıdır: "Əgər binanı MMC tikibsə, oradakı bütün sahələr, o cümlədən qarajlar və kommersiya obyektlərinin həmin şirkətin mülkiyyətində qalır. Yox, əgər binanı MTK tikibsə bu zaman binanın altındakı qarajlar binanın digər ümumi hissələri kimi sakinlərə məxsus olmalı və ümumi əmlak sayılmalıdır".

 


Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə palatadan bildirilib.

"Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir", - cavabda qeyd olunur.

Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb.



İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır.

Ardını oxu...



Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov