Xəbər lenti



Kamran Əliyev yenidən baş prokuror təyin edilir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb. 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Məlumat üçün bildirək ki, Konstitusiyaya əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.

Nuranə Daxilqızı



zərbaycan Prezidenti İlham Əliyev bu gün Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

 

 




















 


Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi hər zaman önəmli yer tutur. Milli maraqlara əsaslanaraq tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipi ilə əlaqələrin qurulması dövlətimiz üçün prioritetdir.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Onunm sözlərinə görə, ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu var. Deputat bildirib ki, bu baxımdan İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə əsaslanır. İqtisadi, ticari, elmi, mədəni əlaqələr tarix boyu Azərbaycan və İran xalqlarını birləşdirib. Qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrimiz həm ikitərəfli formatda, həm regional müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir.

Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında keçirilən görüşlər, imzalanan sənədlər iki ölkə arasında möhkəm təmələ əsaslanan münasibətlərin daha da inkişaf edəcəyini deməyə əsas verir. Ölkəmizin qonşu dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. “Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır:

"Prezident İlham Əliyev mətbuata bəyanatında da qeyd etdi ki, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür: “Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. İran Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq”.

Vüqar Rəhimzadə: İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətləri üzərində formalaşıb

Onun sözlərinə görə, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Azərbaycan və İran arasında bu cür münasibətlər həm regional təhlükəsizlik məsələləri, həm də çoxtərəfli əməkdaşlıq üçün münbit şərait yaradır. Görüşlər zamanı Azərbaycan-İran arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verildi:

"Azərbaycan ilə İran arasında nəqliyyat sahəsindəki əməkdaşlıq əlaqələri xüsusi diqqət çəkir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə yatırıb. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan və İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi beynəlxalq mahiyyət daşıyan bir layihənin həyata keçirilməsində də əməkdaşlıq edir. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avtomobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbaycanın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. Şimal-Cənub layihəsi bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib".

Deputat vurğulayıb ki, İranla Azərbaycan arasında tarixi dostluq münasibətləri üzərində formalaşmış əlaqələrin inkişafı ölkələrimiz və bölgənin ümumi inkişafı baxımından böyük önəm kəsb edir. Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda çıxışı zamanı Prezident İlham Əliyev qeyd etdi ki, səfər zamanı əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər bir daha Azərbaycan-İran dostluğunu, qardaşlığını təsdiqləyir. Bir sözlə, bu rəsmi səfərin çox gözəl siyasi nəticələri vardır. İmzalanmış sənədlər arasında xüsusilə prezidentlər tərəfindən imzalanmış Birgə Bəyannaməni qeyd etmək lazımdır. Bu, çox ciddi və gələcək əməkdaşlıq üçün ölkələrimizə yol göstərən sənəddir.

Əli Hüseynov



Azərbaycanda Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.

Bunu “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov “Kommunal İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumu”nda bildirib.

Onun sözlərinə görə, kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılmasına dair Yol Xəritəsi var: “Yol Xəritəsindəki 18 bənddən 12-sini “Azərişıq” həyata keçirəcək. Bizim qarşımıza Vahid İnformasiya Sisteminin yaradılmasına dair strukturun formalaşdırılması, dünya təcrübəsinin öyrənilməsi və bu sistemin bazasının yaradılması və sair ilə bağlı tapşırıqlar qoyulub”.

O qeyd edib ki, hazırda qurum beynəlxalq təcrübənin öyrənilməsi, konsepsiyanın hazırlanması ilə bağlı işlər görür.



Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda əvvəlcə milli mətbuatımızın 150 illiyinə dair planlaşdırılan fəaliyyətlə bağlı müzakirələr aparıldı. İH üzvləri Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamını yüksək qiymətləndirdilər, mühüm sənədə görə dövlət başçısına təşəkkürlərini çatdırdılar. Onlar Sərəncamın mətbuatımızın keçdiyi yola müstəsna dəyərin növbəti bariz nümunəsi olduğunu, özlüyündə ənənə mahiyyəti daşıdığını vurğuladılar, sənədə əsasən Mətbuat Şurasının üzərinə də mühüm missiyanın düşdüyünü bildirərək, qurumun bununla bağlı fəaliyyətə hazır olduğunu bildirdilər.

***

Sonra Mətbuat Şurasının sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənildi. R.Məcid bildirdi ki, bu ilin yanvarında MŞ Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsi və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birgə “Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək proqramı” layihəsini icra etdi. Şura  yanvarın 29-da keçirilmiş Bələdiyyə seçkiləri ilə bağlı “qaynar xətt” təşkil etdi. Məqsəd jurnalistlərin prosesi sərbəst işıqlandırmalarına dəstək olmaq idi.

Qurum ötən müddətdə mediada məhkəmə proseslərinin işıqlandırılması hallarına dair açıqlama yaydı. Sənəddə medianın məhkəmə proseslərindən reportaj və məlumatlarında xarakterik hallar, o cümlədən, neqativ cəhətlər diqqətə çatdırıldı.

Həmçinin, Mətbuat Şurası “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzi və Xəzər Media Mərkəzi ilə birgə Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı elan etdiyi müsabiqənin qaliblərinin adlarını açıqlandı.

Şuranın təşəbbüsü ilə tanınmış jurnalistlərin yubileylərinə həsr olunmuş 9 toplantı təşkil olundu.  Fevralın 25-də Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında oldular, onlarla geniş fikir mübadiləsi aparıldı.

Məlum olduğu kimi, fevralın 19-dan 24-nədək Ər-Riyadda Səudiyyə 4-cü Beynəlxalq Media Forumu keçirildi. “İnkişaf edən dünyada media” devizi ilə keçirilən Forum çərçivəsində 80-dən çox panel müzakirə və seminarlar təşkil edildi. Tədbirdə MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli iştirak etdi.

Martın 31-də Şura bəyanat yayaraq, Almaniyanın “Döyçe Velle” (Deutsche Welle) platformasında Azərbaycan və Ermənistan arasındakı münaqişə ilə bağlı yayımlanmış sənədli filmi jurnalistika prinsiplərinə zidd hal kimi qiymətləndirdi. Bəyanat xarici media orqanlarına da göndərildi.

Hesabat müddətində Qlobal Bakı Forumunda iştirak üçün ölkəmizə gəlmiş tanınmış italiyalı jurnalist Carlo Marino Azərbaycan Mətbuat Şurasında oldu. Bundan başqa, MŞ-nin Etika Komissiyası məlumat yayaraq, son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsini, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması hallarını pislədi. 

R.Məcid onu da bildirdi ki, aprelin 2-də Mətbuat Şurasının Veysəloğlu Şirkətlər Qrupu və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi ilə birgə media subyektlərinin təmsilçiləri arasında “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi elan etdi. Ötən müddətdə MŞ İdarə Heyətinin üzvləri dünyanın müxtəlif bölgələrində düzənlənmiş ümumilikdə 20-dək tədbirə qatıldılar.

***

İclasda MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədovanın məlumatı dinlənildi. S.Məmmədova Şuraya müxtəlif media orqanlarının fəaliyyətinə dair həm şifahi, həm də yazılı narazılıqların daxil olduğunu diqqətə çatdırdı. O, 5 yazılı şikayətin rəhbərlik etdiyi komissiyada nəzərdən keçirildiyini diqqətə çatdırdı və bildirdi ki, onlardan yalnız biri barədə qərar çıxarılması rəyinə gəlinib.

S.Məmmədova fəaliyyəti narazılıq doğurmuş media subyektlərinin tənqid hədəflərinin fikirlərinin öyrənilməsinə biganə yanaşdıqlarını xarakterik mənfi hal kimi səciyyələndirib, habelə bir sıra şikayət müəlliflərinin mediadan narazılığının əsassız olduğunu deyib. Komissiya sədri Şuraya müraciətlərin düzgün əsaslandırılmaması, şikayət müəlliflərinin medianın ictimai missiyasını nəzərə almamaları kimi xarakterik cəhətlərin mövcudluğunu da vurğulayıb.

***

İclasda müzakirəsi aparılmış növbəti məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. R.Məcid məlumat verib ki, Şiraya üzv olmaq niyyətini bildirən çoxsaylı media orqanları var və onların seçimində digər prinsiplərlə yanaşı, Media Reyestrində qeydiyyata alınma da başlıca şərt kimi götürülür. Müzakirələrdən sonra “Bakivaxtı.az”, “Valyuta.az”, “Fanat.az”, “Dogru.az” saytları və “Füyuzat” dərgisi Mətbuat Şurasının üzvlüyünə qəbul ediliblər. Bildirilib ki, İdarə Heyətinin növbəti iclaslarında namizəd media qurumlarının da üzvlük müraciətlərinə baxılacaq.

***

İclasda sədr R.Məcid MŞ İdarə Heyətinin üzvü Ceyhun Musaoğluna 50 illik yubileyi ilə bağlı Şuranın diplomunu təqdim etdi. Toplantı iştirakçıları yubilyara xoş sözlərini və təbriklərini çatdırdılar. C.Musaoğlu göstərilən diqqətə görə təşəkkürünü bildirdi. 



“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz buna hörmətlə yanaşırıq”.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycana bu səfər iki ölkə arasında münasibətlərin gücləndirilməsinə yönəlib.



"Azərbaycan digər dövlətlərlə, qonşu ölkələrlə münasibətlərdə ikitərəfli əməkdaşlığa daha çox önəm verir”.

Bunu siyasi şərhçi Fuad Abbasov Bakivaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan heç zaman hansısa dövlətlə əlaqəsini üçüncü ölkəyə qarşı istifadə etməyib, buna imkan verməyib:

“Əfsuslar olsun ki, İrandan adekvat yanaşma görməmişik".

Ekspert bildirib ki, Tehran hökuməti hər fürsətdə Azərbaycanı İsraillə əməkdaşlıqda suçlayıb, ikili münasibətlərin guya onlara qarşı yönəldiyini iddia edib:

"Zəngəzur dəhlizi və Ermənistanın ərazi bütövlüyünü özünün "qırmızı xətt"ləri elan edib. Amma son dönəmlərdə Rusiya və İranın Suriyadan çəkilməsi də Tehran rejiminin əlini zəiflədib. Qərbin, xüsusən ABŞ-nin İrana qarşı təzyiqləri, sanksiyaları gündəmdədir. Belə məqamda İranın Azərbaycanla yaxınlaşamağa ehtiyacı var. Bu fonda nəqliyyat, iqtisadiyyat və sahələrdə əməkdaşlıq sazişlərinin imzalanması mümkündür”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov