Xəbər lenti



Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Bəhruz Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu təyinatadək Bəhruz Əhmədov Hərbi Prokurorluqda bir sıra vəzifələrdə çalışıb.

1984-cü il təvəllüdlü B.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib. Əslən Neftçala rayonundandır.

Əmək fəaliyyətinə prokurorluq orqanlarında başlamış yeni hərbi prokuror 2018-ci ildə Qazax hərbi prokuroru vəzifəsinə təyin edilib. Bu təyinatınadək o, Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifəsini tutub.

 

 
 


Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana rəsmi səfəri, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlər, xüsusilə Prezident İlham Əliyevlə baş tutan görüş Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakter daşıyan təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı etimadın, ortaq maraqların və ortaq gələcək vizyonunun bariz göstəricisi oldu.

Prezident İlham Əliyevin qəbulunda Yaşar Gülərin iştirakı iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq hərbi-siyasi əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Görüş zamanı tərəflər regional təhlükəsizlik, birgə hərbi təlimlər, hərbi təyinatlı vasitələrin satın alınması və müdafiə sənayesi sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin, Azərbaycan Ordusunun formalaşdırdığı özünəməxsus modelin Türkiyə ilə təcrübə mübadiləsi fonunda daha da təkmilləşdirilməsi məsələsinə də toxunulub.

Yaşar Gülərin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının başlanğıc dövründə formalaşmış strateji əsasların bu gün necə təkmilləşdiyini və Azərbaycan Ordusunun milli modelinin möhkəmlənməsində Türkiyə ilə tərəfdaşlığın rolunu nə dərəcədə əks etdirir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın təməli, iki qardaş ölkənin ortaq tarix, mədəniyyət və milli maraqlar üzərində qurulmuş strateji münasibətləri fonunda atılıb:

"Əməkdaşlığın başlanğıc dövründə imzalanan sənədlər və razılaşmalar yalnız texniki və ya protokol xarakteri daşımayıb, əksinə, hərbi-siyasi və təhlükəsizlik məsələlərini birbaşa əhatə edən real, icra yönümlü addımlar atılıb. Bu da onu göstərir ki, iki ölkə arasında hərbi münasibətlər sadəcə müttəfiqlik deyil, eyni zamanda qarşılıqlı öhdəliklər və davamlı strateji koordinasiyaya əsaslanır".

Ekspertin sözlərinə görə, müqavilələrin bəndləri içərisində xüsusilə təhlükəsizlik və hərbi-siyasi sahələr üzrə əməkdaşlığın prioritet kimi müəyyən olunması, bu əməkdaşlığın yalnız sahəvi deyil, bütövlükdə regional sabitliyə və güc balansına təsir edən bir konsepsiya olduğunu göstərir. Bu kontekstdə Azərbaycan-Türkiyə münasibətləri Qafqazda və daha geniş coğrafiyada yeni hərbi-siyasi düzənin formalaşmasına təkan verən mühüm amillərdən biridir:

"Hərbi əməkdaşlığın bünövrəsinin möhkəm atılması nəticəsində sahələrin bütün istiqamətlərində - istər texniki-təchizat, istərsə də təlim-təhsil sahəsində sistemli inkişaf müşahidə olunub. Ən önəmlisi, bu proses yalnız Azərbaycan tərəfinin öyrənməsi üzərində qurulmayıb. Əksinə, Azərbaycan bu əməkdaşlıq modelində həm öyrənən, həm də öyrədən bir tərəf kimi çıxış edir. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı təcrübə, xüsusilə müasir döyüş taktikaları və texnologiyaların tətbiqi sahəsində əldə etdiyi uğurlar, tərəfdaş ölkə Türkiyə üçün də maraq doğuran praktik nümunələr olub. Müasir hərbi əməkdaşlığın mühüm sütunlarından biri də hərbi təyinatlı vasitələrin satın alınması və birgə istehsal layihələridir. Türkiyə müdafiə sənayesinin inkişafı və Azərbaycanın bu sahədə tərəfdaş olaraq ortaya çıxması, yalnız alış-veriş münasibətindən ibarət deyil, eyni zamanda iki ölkənin texnoloji suverenliyini gücləndirən birgə proqramların əsasını qoyur".

Ramil Məmmədli: Azərbaycan ordusu özünəməxsus milli model formalaşdırıb

Müsahibimiz əlavə edib ki, bütün qoşun növləri üzrə Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında əlaqələrin mövcudluğu, bu əməkdaşlığın sistemli xarakter daşıdığını göstərir. Quru qoşunları, hava qüvvələri, xüsusi təyinatlı birliklər və dəniz qüvvələri səviyyəsində keçirilən birgə təlimlər, qarşılıqlı uyğunlaşma və döyüş hazırlığının inteqrasiyasına şərait yaradır.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, təhsil sahəsi də bu əməkdaşlığın əsas sütunlarından biridir. Hər il yüzlərlə azərbaycanlı kursant Türkiyənin qabaqcıl hərbi məktəblərində təhsil alır, burada əldə etdikləri bilik və bacarıqları daha sonra Azərbaycanda tətbiq edirlər. Bu isə təkcə fərdi inkişaf deyil, Azərbaycan Ordusunun ümumi modernləşmə prosesinə birbaşa təsir edən faktordur.

"Bu kontekstdə xüsusi vurğulanmalı məqam isə Azərbaycan Ordusunun sistemi ilə bağlıdır. Azərbaycan bu sistemin qurulmasında müxtəlif orduların təcrübəsindən yararlansa da, özünəməxsus milli model formalaşdırıb. Bu model nə Rusiya, nə Türkiyə, nə də başqa bir ölkənin ordusunun tam təkrarı deyil. Əksinə, Azərbaycan mövcud coğrafi, siyasi və təhlükəsizlik reallıqlarına uyğun şəkildə öz ordusunun strukturunu, idarəetmə prinsiplərini və döyüş doktrinasını formalaşdırıb. Bu isə onu sübut edir ki, Azərbaycan artıq yalnız müttəfiqlərindən öyrənən deyil, eyni zamanda təcrübəsini paylaşan, yeni yanaşmalar təklif edən regional güc statusundadır",- Ramil Məmmədli fikrini yekunlaşdırıb.

Əli Hüseynov



Son günlərdə ölkənin bir sıra çaylarında, xüsusilə də Kür çayında sululuğun artması müşahidə olunub. Çayda su səviyyəsinin yüksəlməsi Kür boyu yaşayan sakinlər arasında narahatlıq yaradıb.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, su mənbələrində suyun həcminin artması qar və buzların əriməsi, habelə intensiv yağışlar və leysanlarla əlaqədardır:

"Son vaxtlar Kürün axını da xeyli sürətlənib, bir müddət öncə su azlığı zamanı çayda əmələ gələn kiçik adalar yoxa çıxıb. Kür çayında sululuğun artmasının əsas səbəbi antropogen təsirlər deyil, təbii amillərdir. Çayda suyun səviyyəsinin artması son vaxtlar müşahidə olunan yağışlarla bağlıdır. Kür çayında müşahidə olunan su səviyyəsinin artması sahil boyunca yerləşən regionların sakinlərini sevindirib. Çünki son illər fermerlər əkinlərin suvarılması zamanı çətinliklərlə üzləşib, sahələrini suvarmaq üçün su tapa bilməyiblər. Su o qədər azalıb ki, hətta çayda xırda adalar əmələ gəlib".

Onun sözlərinə görə, bu baxımdan Kürdə suyun artması müsbət haldır:

"Kürdə suyun səviyyəsinin qalxması çay ətrafında yerləşən su nasos stansiyalarının da fəaliyyətinə müsbət təsir edəcək, qurğuların su götürmə qabiliyyəti yaxşılaşacaq. Bununla belə, Kür çayında artımın hazırda müşahidə olunan tempi qrunt sularının səviyyəsinin yüksəlməsinə gətirib çıxara bilər".

Elman Cəfərli: İstənilən təbii fəlakətə hazır olmaq, vaxtında ehtiyat tədbirləri görmək lazımdır

E.Cəfərli qeyd edib ki, çayda suyun səviyyəsi artdıqca sel və daşqın təhlükəsi yaranır:

"Lil və digər qarışıqların çökməsi nəticəsində çayın deltasının dərinliyi azalıb və onun su tutumu aşağı düşüb, drenaj sistemləri və kollektorlar tutulub və digər hallar bu təhlükəni artıran amillərdir".

"Kürdə suyun səviyyəsinin qalxması bir sıra fəsadlar törədə bilir. Yol infrastrukturunda problemlər yaşanır, körpülərin uçma, zədələnmə təhlükəsi yaranır, əkin sahələrini, otlaqları su basır, yararlı torpaqlarda eroziya prosesi başlayır. Bəndlərin dağılması təhlükəsi yaranır ki, bu da fermerləri narahat edən məsələdir. Bu baxımdan istənilən təbii fəlakətə hazır olmaq, vaxtında ehtiyat tədbirləri görmək lazımdır”, - Elman Cəfərli əlavə edib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bakıvaxtı.az-a verilən açıqlamada bildirilib ki, son vaxtlarda müşahidə olunan yağıntılar, həmçinin dağlıq ərazilərdə qarın əriməsi nəticəsində çay hövzələrində suyun səviyyəsi yüksəlib. Xüsusilə yaz aylarında bu cür mövsümi dəyişikliklər çaylarda sululuğun artmasına səbəb olur.

Qeueumdan qeyd edilib ki, hazırda Kür çayında suyun səviyyəsinin artması ilə bağlı mövcud vəziyyət ADSEA Regional Su Meliorasiya Xidməti tərəfindən daim izlənilir və hər hansı təhlükə yaranacağı təqdirdə operativ tədbirlərin görülməsi nəzərdə tutulub:

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən nizamlanmayan çayların daşma təhlükəsinin qarşısının alınması üçün investisiya layihələrinə uyğun mütəmadi bəndsalma işləri görülür. Bununla yanaşı digər çayların da intensiv yağıntılar zamanı daşmasının qarşısını almaq məqsədilə öncə müvəqqəti bəndsalma işləri həyata keçirilir, davamında isə daimi mühafizə bəndləri tikilir. Bu kimi ərazilər daim rayonlar üzrə fəaliyyət göstərən Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən nəzarətdə saxlanılır".

Nuriyyə Musayeva

 


Rudaw” telekanalı yaydəğə məlumata görə, may ayında kecirilən 12-ci qurultayında PKK (Kürdüstan İşçi Partiyası) terror təşkilatı özünü ləğv etdiyini açıqlayıb.

PKK Türkiyə ilə silahlı mübarizəni dayandırdığını bəyan edib.

 



Son dövrlərdə sosial mediada xarici vətəndaşlıq qəbul etmiş şəxslərin Azərbaycanda hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı müzakirələr aparılır.
 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə münasibət bildirib.
 
Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinin tələblərinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
 
/Modern.az


"Məktəbdə" layihəsinin növbəti görüşü ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə təsadüf etdi.

336 nömrəli tam orta məktəbdə baş tutan görüşdə millət vəkili, yazıçı Aqil Abbas ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin inkişafı naminə misilsiz xidmətlər göstərdiyini, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmasını qeyd etdi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Heydər Əliyev siyasətinin qələbəsi

Millət vəkili qeyd etdi ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı: "Azərbaycan bir neçə yerə bölünəcəkdi. Heydər Əliyev gəldi, Azərbaycanın iqtisadiyyatını yaratdı, dövləti yenidən qurdu. Ulu öndərin gözəl bir sözü vardı: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Bu gün həqiqətən də Azərbaycan dünyaya günəş kimi doğur. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, biz xoşbəxt olmuşuq. Biz bu gün Qarabağa qayıtmışıq, Şuşadan, Cıdır düzündən danışırıq. Heydər Əliyev həmişə deyirdi ki, biz Qarabağı azad edəcəyik, Şuşa alınacaq. Biz əvvəllər heç vaxt Azərbaycan xalqının tarixini özümüz yazmamışıq: ərəblər, farslar, başqaları yazıb. Heydər Əliyev Azərbaycan xalqının tarixini özü yazdı. Bu tarixin ardını da hazırda Prezident İlham Əliyev yazır".

Ünsiyyətcil insan

Aqil Abbas ulu öndərlə şəxsən görüşdüyünü də xatırladı: "Mən Heydər Əliyevlə görüşmüşəm, söhbət etmişəm. 50 yaşım olanda o, mənə zəng vurdu, təbrik etdi, qiymətli hədiyyələr göndərdi. Onun media işçiləri, ədəbiyyat adamları ilə görüşlərində də iştirak etmişəm. Xalq şairi Məmməd Arazın yubiley tədbirində də söhbətimiz olmuşdu. Yadımdadır ki, foyedə Məmməd Arazın bir qolundan ulu öndər, bir qolundan mən tutmuşdum. Xeyli söhbət etdik. Ulu öndər çox ünsiyyətcil insan idi, qarşısındakına şərait yaradırdı ki, vətəndaş kimi ona ürək sözlərini deyə biləsən. İlham Əliyev də elə ünsiyyətcildir. Qarabağda keçirilən tədbirlərdə mən dəfələrlə bunun şahidi olmuşam".

Qarabağa böyük qayıdış

Millət vəkili Qarabağın 30 illik işğaldan azad olunmasına, bu torpaqlarda aparılan quruculuq işlərinə də toxundu: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa böyük qayıdış davam edir. Bu quruculuğu azad olan torpaqlarımızn hər bir yerində görmək mümkündür. Mən tez-tez o bölgəyə, həmçinin Ağdama gedirəm. Havasını udmağa gedirəm. İndi Ağdam çox soyuqdur, adam üşüyür. Şəhəri insanların nəfəsi qızdırır. Şəhər onda şəhər olur ki, orada adamlar yaşayır. Quruculuq işləri başa çatandan, insanlar məskunlaşandan sonra oralarda hər şey gözəl olacaq. İndi Ağdamda gözəl bir şəhər tikilir".

Cıdır düzündən görünən Vətən

Yazıçı Şuşanın, Cıdır düzünün gözəlliklərindən də bəhs etdi: "Cıdır düzündən baxanda Vətən əl içi kimi görünür: laləli, nərgizli... Elə bil ki, bütün Vətəni o hündürlükdən görürsən. Bir dəfə bir jurnalist "deyirsiniz Şuşa, Cıdır düzü müqəddəsdir. Niyə müqəddəsdir", - deyə soruşdu. Bilirsiniz, Cıdır düzü niyə müqəddəsdir? Orada Pənah xan, İbrahim xan, Mehdiqulu xan, Natəvan oturub. Məhəmməd bəy Cavanşir orada at çapıb, güləşib. O adamlara görə Cıdır düzü müqəddəsdir. Mən bir dəfə məktəbdə 100 məşhur şuşalının ad-soyadını yazdım. Sonra şuşalılar mənə daha 60 məşhur insanın adını yazıb göndərdilər. Bir balaca şəhər dünyaya 160 məşhur insan bəxş edə bilib. Elə təkcə Üzeyir bəyin, Əhməd bəy Ağaoğlunun adını çəkmək kifayətdir..."

"Dolu" filminin davamı çəkiləcək

Yazıçı Qarabağ müharibəsindən bəhs edən "Dolu" əsəri əsasında çəkilən filmə də toxundu: "Mən Qarabağ haqqında məğlub olmuş bir xalqın taleyini, amma qələbəsini yazmışam. Əsgərlər komandirə qoşulub Qarabağa gedirlər. Səkkiz il sonra biz həmin yolla piyada Ağdama getdik. Mən "Dolu" filminin davamını yazmışam. Ssenarini Mədəniyyət Nazirliyinə təqdim etmişəm. Yəqin ki, ikinci "Dolu" filmi çəkiləcək".

Yazıçılığı daha üstün sayıram

A.Abbas yazıçı və millət vəkili olmağın məsuliyyətindən də danışdı: "Hər ikisi məsuliyyətlidir. İnsan beş il millət vəkili ola bilər, amma yazıçısansa, ömürlük yazıçı olursan. Hər yazılan yazı əbədi qalan bir şeydir. Demirəm, mən böyük yazıçıyam, amma tarixi yazıçılardan öyrənmişəm. Bu mənada yazıçılığı daha üstün sayıram".

"O vaxt komandanı dağılmağa qoymamışam"

A.Abbas Ağdam təmsilçisi "Qarabağ" Futbol Klubunun növbəti çempionluğuna da münasibət bildirdi: "Mən "Qarabağ" Futbol Klubunun prezidenti və təsisçisi olmuşam. O vaxt komandanı dağılmağa qoymamışam. Bu gün də komanda ilə bir yerdəyəm. Bugünlərdə "Qarabağ" klubu 12-ci dəfə Azərbaycan çempionu oldu. Bu qələbənin 11-i baş məşqçi Qurban Qurbanovun adı ilə bağlıdır. Mən istərdim ki, Azərbaycan çempionatı güclü olsun ki, "Qarabağ"ın rəqibi yaransın".

"İlk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm"

A.Abbas müəllimlərin əməyini yüksək dəyərləndirərək ilk müəlliminin nəvazişini hələ də xatırladığını dedi: "Leyla adlı ilk müəllimimin əlinin tumarını hələ də saçımda hiss edirəm. Şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində ibtidai müəllimin və sonrakı pillələrdə dərs deyən müəllimlərin, həmçinin təhsil müəssisələrinin rolu böyükdür. Müəllim əməyi ən yüksək dəyərə layiqdir".

Millət vəkili görüşdə şagirdlərin mütaliəsinə, rəqəmsal dünyada mobil telefonlardan, sosial platformalardan aşırı istifadənin müsbət və zərərli tərəflərinə də toxundu, məktəblilərə tövsiyələrini verdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov