Xəbər lenti



Son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutur.

Ermənistanın bu təxribatlarda məqsədi nədir? Baş verənlər yeni hərbi qarşıdurmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistan tərəfinin son günlərdə ordumuzun mövqelərini atəşə tutması qəbul edilməzdir. Onun sözlərinə görə, ancaq biz Ermənistanın bundan öncəki fəaliyyətlərinə baxdıqda açıq görürük ki, hər zaman sülhə yox, revanşa hazırlanıblar.

Müsahibimiz qeyd edib ki, dildə sülhdən danışan Ermənistan mütəmadi olaraq sərhədlərimizdə təxribadlar törədir:

“Ermənistan paralel olaraq ordusunu silahlandırmağa çalışır. Ermənistan tərəfindən dəfələrlə Azərbaycan ordusunun mövqelərinə atəş açaraq təxribat törədib. Ermənistanın hərbi siyasi rəhbərliyi bununla bağlı çox absurd açıqlamalar verərək bu məsuliyyətdən boyun qaçırmağa çalışır".

Azər Bayramov: Bu təxribatlar Ermənistana heç bir kömək etməyəcək

Ekspert bildirib ki, son günlərdə PUA-larla ordumuzun mövqelərini təşviqat xarakterli izləmək istəyi onların daha ciddi təxribata hazırlaşdığının göstəricisidir. Dediyinə görə, Azərbaycandakı həmsərhəd ərazilərdə, xüsusilə də "Yerkrapa" adlanan təşkilatın ünsürləri yerləşdirilib:

"Əlbəttə, biz düşmənin təxribat xarakterli bütün hərəkətlərini izləyib nəzərdə saxlayırıq. Ancaq bu təxribatlar Ermənistana heç bir kömək etməyəcək".

"Biz 44 günlük müharibədən sonraki antiterror təxribatlarında müşahidə etdik ki, həmin o terrorçular bir gün ərzində məğlub olub, darmadağın edildi. Növbəti antiterrorların da aqibəti eyni olacaq",- deyə Azər Bayramov vurğulayıb.

Nuriyyə Musayeva



Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti kəskin enib.

Oxu.Az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4.89 ABŞ dolları, yaxud 6.24 % azalaraq 73.48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15.81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149.66 dollara satılıb.



Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib. 

“Bizimaz.az” “Unikal”a istinadən xəbər verir ki, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib. 

Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib.

Məlumata görə, mərhum sabah Bakıda dəfn olunacaq.

Allah rəhmət eləsin!


ABŞ hökuməti Çindən idxala 34%, Avropa İttifaqına isə 20% həcmində gömrük rüsumları tətbiq edəcək. Bundan əlavə, oxşar tədbirlər Vyetnam (46%), Hindistan (26%), İndoneziya (32%), Kamboca (49%), Malayziya (24%), Koreya Respublikası (25%), Tailand (36%), Tayvan (32%), İsveçrə (31%), Yaponiya (24%) və digər ölkələrə də təsir edəcək. Eyni zamanda Tramp administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% rüsum tətbiq edəcək.

Bəs bu proses dünya iqtisadiyyatına necə təsir edə bilər? Gedişat nə vəd edir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, Tramp bu qərarı ilə ticarət müharibəsinə başladığını təsdiqləmiş oldu:

"Təbii ki, bu prosesin sonunda artıq digər ölkələr də müvafiq addımlar atacaq və böyük ehtimal xüsusilə də Çin və Avropa İttifaqının (Aİ) bu istiqamətdə gözlənilən adekvat addımları qlobal iqtisadi resursların səmərəli istifadə edilməsi imkanlarını dünyada ciddi şəkildə məhdudlaşdıracaq. Əlbəttə ki, ən qısa zamanda bu kimi məqamların aradan qaldırılması ilə bağlı ciddi siyasi həll yolları düşünülməsə, bu proses Ümumdünya Ticarət Təşkilatının bu günə qədər ortaya qoyduğu bütün prinsipləri və ticarətin liberallaşdırılması istiqamətindəki səyləri aradan qaldıracaq və nəticələrini zəiflədəcək. Dolayısı ilə bu proses sonda qiymət artımları, qlobal səviyyədə ciddi inflyasiya təzyiqləri, eyni zamanda əhalinin alıcılıq gücünün azalması və qlobal iqtisadiyyatın resessiyasına (iqtisadi fəallığın bir müddət davamlı olaraq geriləməsi ilə müşayiət olunan fazası - red.) qədər davam edəcək bir prosesi öz paralelində gətirəcək. Bir sözlə, indiki şərtlər daxilində qlobal iqtisadi mənzərə heç də arzuolunan deyil və inkişafmeyilli parametrləri özündə əks etdirmir. Əksinə, bunun çox ciddi təsirləri həm maliyyə, həm də əmtəə bazarlarında özünü göstərəcək".

Eyni zamanda, burada digər məqam ondan ibarətdir ki, Tramp hökuməti böyük ehtimal ki, daxildə yaranan qiymət artımları təzyiqini mümkün qədər ucuz neftlə kompensasiya etmə siyasətini həyata keçirməyə çalışacaq. O, bu istiqamətdə dünya bazarlarında neftin ucuzlaşması ilə bağlı çağırışlar edəcək ki, bu da resessiya riskini artırmaqla dünyada neftə tələbatı azaldacaq. Bu çağırış Azərbaycan üçün də arzuolunmayan bir mühitin başlanğıcını özündə əks etdirir. İndiki şərtlər daxilində tədiyyə balansı kifayət qədər həssasdır və bu istiqamətdə hökumət gecikmədən müvafiq siyasət konsepsiyasını hazırlamalıdır", - deyə ekspert vurğulayıb.

O, ABŞ-Azərbaycan birbaşa ticarət münasibətlərindən də danışıb:

"ABŞ Azərbaycan məhsullarına 10 faiz rüsum tətbiq edib. Azərbaycandan bu ölkəyə təxminən 135 milyon dollarlıq mal ixrac olunur. Bunun təxminən 55 milyon dollarlıq hissəsi sırf yerli məhsullardır. Yəni Azərbaycanın ABŞ-yə ixracının az olması ixracla bağlı mənfi təsirlərin də çox olmayacağı deməkdir".

Mərahim Nəsib



Pakistanın keçmiş Baş naziri, “Ədalət naminə hərəkat” müxalif partiyasının təsisçisi İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərilib.

“Qafqazinfo”  “The Times of India” portalına istinadən xəbər verir ki, İ.Xanın namizədliyini “Pakistan World Alliance” hüquq müdafiə təşkilatı irəli sürüb.

Bildirilib ki, keçmiş Baş nazir Pakistanda demokratik dəyərlərin və insan haqlarının qorunmasına verdiyi töhfəyə görə namizəd olaraq göstərilib. 

Siyasətçi daha əvvəl də, 2019-cu ildə bu mükafata namizəd kimi irəli sürülmüşdü. 

Xatırladaq ki, İ.Xan 2018-2022-ci illərdə Pakistanın Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Xan 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.



“Doyçe Velle” nifrət və irqi ayrı-seçkilik xarakterli verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir

BAYRAQDAR MEDİA – “Biz Qərbi Azərbaycan İcması olaraq Almaniyaya məxsus “Alman Dalğası” (“Doyçe Velle”) ictimai yayımçı qurumu tərəfindən martın 30-da efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur”.

Bu fikirlər Qərbi Azərbaycan İcmasını bəyanatında yer alıb.

İcmadan Bizimaz.az verilən məlumata görə, bəyanatda, həmçinin deyilir: “İlk növbədə, veriliş Azərbaycan xalqının əzablarını tamamilə gözardı edərək, tarixi faktları təhrif edir. Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib. Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin olması və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz, ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır”.

Bəyanatda qeyd edilir ki, verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli yanaşma sərgiləyir: “Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyətinə toxunmaq üçün qəsdən olunur. Xatırladaq ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi. Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Doyçe Velle”nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Doyçe Velle” nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir”.



Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, güclü yeraltı təkanlar nəticəsində minlərlə insan yaralanıb, onlarla yaşayış məntəqəsi isə tamamilə dağılıb.

Axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı ehtimal edilir.

Təbii fəlakət bölgəsində fövqəladə vəziyyət elan olunub, beynəlxalq humanitar təşkilatlar isə zərərçəkənlərə yardım göstərməyə başlayıb.

Əli Hüseynov



"Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirdiyi halda Azərbaycanı günahlandırmağa çalışır".

Bunu son günlər Ermənistan tərəfindən mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulmasını şərh edən politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın son təxribatları regionda sülhün bərqərar olmasında maraqlı olmadığını büruzə verir:

"Son vaxtlar Ermənistan hərbi-siyasi təxribatlarını intensivləşdirib. Bu, bir daha göstərir ki, Ermənistan sülh sazişinin imzalanması və Azərbaycanla münasibətlərin normallaşmasına dair verdiyi bəyanatlar əməlləri ilə üst-üstə düşmür. Ermənistan sülhdə maraqlı olsa belə, müstəqil siyasət yürüdə bilmir və lazımi siyasi iradəyə malik deyil. Buna görə də kənar güclərin təsiri altına düşür. Həmin güclər ki, regionda sülh və sabitlik istəmirlər. Ermənistan təxribat törətməklə, həm sülh sazişini kölgə altına salır, həm də Azərbaycanı hünahkar çıxarmağa çalışır. Lakin Ermənistanın bu cəhdləri əbəsdir və boş səylərdir".

Kənan Novruzov: Ermənistanın hərbi-siyasi təcribatları bir müddətdən sonra ona baha başa gəlir

K.Novruzov hesab edir ki, Ermənistanın hazırda atdığı addımlar bumeranq effekti verə bilər. Çünki Azərbaycanın səbri sonsuz deyil.

Müsahibimiz qeyd edib ki, Ermənistanın davam edən hərbi-siyasi təcribatları bir müddətdən sonra ona baha başa gəlir:

“Biz bunu Tovuz hadisələri, Aprel döyüşləri, bir günlük antiterror əməliyyatı və İkinci Qarabağ Savaşından görmüşük. Ermənistanın eyni ssenarini yenə də davam etdirməsi istisna deyil. Əgər bu ölkə konkret olaraq destruktiv yolu seçərsə və sülh mövzusundan uzaqlaşarsa, bu halda Azərbaycan tərəfi cavab verməli olacaq”.

K.Novruzov bildirib ki, Ermənistan ölkəmizi ittiham etməklə, Azərbaycana qarşı ictimai rəyi dəyişdirəcəyini düşünürsə, bunu bacarmayacaq. Çünki hər iki ölkənin niyyəti və gücü beynəlxalq ictimaiyyətlə yanaşı, erməni cəmiyyətinə də məlumdur.

Politoloq vurğulayıb ki, Azərbaycanın istəyi regionda sülh və sabitliyin bərqərar olmasıdır. Bunu hətta Ermənistan cəmiyyətində də başa düşənlər var. Bundan başqa, Azərbaycan güclü tərəfdir. Ermənistan nə etsə də, təxribatları faydasız olacaq.

Gülşən Şərif



Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətdən məlumat verilib.

Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. Dərhal iki ölkənin Prezident administrasiyaları və Xarici İşlər nazirlikləri arasında təmaslar başlayıb. Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. Almaniya Prezidenti Administrasiyasının rəhbəri adından ünvanlanmış məktubda baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunaraq, məktubun mediaya verilməsinə razılıq bildirilib.

Məktubu və onun Azərbaycan dilində tərcüməsini təqdim edir.

Almaniya Federativ Respublikasının

Prezidenti Administrasiyasının rəhbəri

Dövlət katibi Dörte Dinger

31 mart 2025-ci il

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə

Hörmətli Hikmət Hacıyev.

Federal Prezidentin sosial media hesabında qısa müddət ərzində Azərbaycanın bir regionuna aid bayrağın yanlış təsviri və onunla bağlı mətn dərc olunub. Səhv aşkar edildikdən sonra paylaşım dərhal silinib.

Bu paylaşım texniki səhv səbəbindən dərc edilib və Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə dair məlum mövqeyi ilə bağlı heç bir məna kəsb etmir.

Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm.

Federal Prezidentin qarşıdan gələn səfəri Azərbaycan-Almaniya tərəfdaşlığını möhkəmləndirmək və regionda davam edən sülh prosesinə dəstək vermək məqsədi daşıyır.

Hörmətlə,

D. Dinger

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov