Xəbər lenti


Belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa əhəmiyyətli fayda verir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Bildirib ki, hökumətin gördüyü işləri və əsas vəzifələri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və dəqiqləşdirməyə şərait yaradır.

Ə.Əsədov qeyd edib  ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar  siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi.

"Prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı olan cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.
Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi".

Nəzərə çatdırıb ki, Dövlət başçısının rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət 2024-cü ildə də müasir Azərbaycanın hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, ölkəmizin regional mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq münasibətlər sistemindəki rolunun artmasına xidmət etmişdir.

Mina Mikayılova

 


“Ermənistanın siyasi rəhbərliyindən müharibə mesajının verilməsi birinci dəfə deyil və onlar regional proseslərdə Rusiya, İran və ya Qərb dövlətləri ilə aralarındakı konfliktlər pik nöqtəyə çatdığında maksimum dərəcədə Azərbaycan mövzusundan və müharibə amilindən yararlanmağa çalışırlar”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu, bir diplomatik, siyasi taktikaya çevrilib və bir neçə dividentlər hədəf olunur.

Deputat qeyd edib ki, bölgədə maraqları zərbə alan ölkələr, məsələn, Fransa, Amerika Birləşmiş Ştatları, o cümlədən bütövlükdə Avropa İttifaqı mümkün dərəcədə “Azərbaycan təhlükəsi” adı altında Ermənistanın hərbi cəhətdən himayəsi üçün addımlar atırlar:

“Sual oluna bilər. Axı bu müharibənin səbəbi nədir? Sülh müqaviləsi imzalanmadığı üçün savaş olası deyil ki. Onillərlə də belə vəziyyət hökm sürə bilər və dövlətimizin başçısı dəfələrlə bu məsələni vurğulayıb ki, sülh sazişi Ermənistana daha çox lazımdır. Çünki 1990-cı illərdə Birinci Qarabağ savaşından sonra onlar xeyli əraziləri ələ götürüb, amma onunla paralel istəyirdilər ki, bu izolyasiya ortadan qalxsın. İndiki halda torpaqlar da əllərində deyil. İndi xalqa nə cür izah edəcəklər ki, hazırkı vəziyyətdə təcrid olunmuş durumda yaşamalarının günahı, səbəbi kimdədir?”

Müsahibimizin fikrincə, onlar maksimum dərəcədə bu anlaşmaya gedərək bölgədə bütün kommunikasiyaların, əlaqələrin, ticarət mübadilələrinin serkulyasiya etməsini istəyərlər:

“Belə olan şəraitdə müharibənin səbəbi nə olmalıdır? Nə zaman biz onu bəyan etmişik ki, tarixi torpaqlar kontekstində, Qərbi Azərbaycan mövzusunda və yaxud Zəngəzur məsələsində bizim hərbi planlarımız var? Buna dair hazırlıq da mövcud deyil, hər hansı bir ortaya qoyacaqları görüntülər də. Halbuki həmin Avropa İttifaqının “mülkü”, hərbi casus şəbəkəsinin yetərincə texniki avadanlıq qurğuları var ki, həm peyk, həm də yerdə ortaya qoysunlar, fiksasiya etsinlər ki, bax harada, məsələn, Şərqi Zəngəzur zonasındamı, ya Göyçə dağlarındamı biz hansısa bir məsafələrdə öz mövqelərimizi irəli daşımışıq. Ordu birləşmələri tam ayağa qaldırılıb, bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib və s.”

Deputata görə, əgər belə bir informasiya olsa idi, onu ən böyük propaqanda alətinə çevirərdilər və maksimum dərəcədə ondan maliyyə, hərbi, siyasi qazanc götürərdilər ki, başqa dövlətlər, məsələn, Fransa orduları gəlib onları müdafiə etsin.

Zahid Oruc: Bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur

Z.Oruc hesab edir ki, belə açıqlamalar bundan sonrakı dövrlərdə də veriləcək.

Azərbaycan tərəfinin aydın mətnlə ortaya iki müddəa ilə bağlı iradə qoyduğuna diqqət çəkən deputat əlavə edib ki, biz müqaviləni Paşinyanla yox, Ermənistan dövləti ilə imzalayacağıq. Çünki əgər bir siyasi iqtidar dəyişəcəksə, yeni gələnlər prosesi əvvəlki məqama qaytarmasınlar:

“Müqayisə yerinə düşməyəcək. Amma hər halda o da bir arqumentdir ki, ABŞ-də, sistemi oturuşmuş bir dövlətdə Co Baydenin hakimiyyəti dövründə qəbul edilən qərarların mütləq əksəriyyəti Donald Tramp tərəfindən ləğv olunur. Hələ söhbət hüquqi aktlardan gedir”.

Həmsöhbətimiz yekun olaraq bildirib ki, bizim tərəfdən Ermənistanın siyasi varlığına, dövlət mövcudluğuna bir təhlükə yoxdur:

“Burada məqsəd bu mövzunu informasiya məkanına çıxararaq, bunu daim kultivasiya edərək, necə deyərlər, hər zaman müxtəlif formalarda beynəlxalq mediaya çıxararaq, müxtəlif ölkələrlə rəhbərlərlə görüşdə qabardaraq, qaldıraraq bölgəyə daha artıq dərəcədə hərbi qüvvələri, NATO ordularını gətirməkdir”.

Mina Mikayılova



Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən martın 4-ü şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo” xəbər verir ki, o, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.



“Minimum əməkhaqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. 

Onun sözlərinə görə, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir:
“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əməkhaqqı 325 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.

Belə ki, əvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb”.

Deputat bildirib ki, digər bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır:

“Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq”.



Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva martın 6-da Gəncə şəhərinə səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirilib.

 

 
















 


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb.

Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft şirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini deyib, bu xüsusda səyləri birləşdirməyin önəminə toxunub.

Dövlət başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd edib.

Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparılıb, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub. Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edilib ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

 

 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov