Xəbər lenti


Xəbər verdiyimiz kimi, İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

“Qafqazinfo” xəbər verir ki, məsələ parlamentin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir. Martın 6-da Ali Məhkəmənin əvvəlki sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.

***

Milli Məclisin iclası başlayıb. İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli sədrlik edir. 

***

 

İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqlənib.

Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarını imzalayıb.

Qərarla İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.

Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Zaur Mir



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:

“Məlum olduğu kimi, BMT Baş Assambleyasının 2005-ci il 8 dekabr tarixli qətnaməsinə əsasən, hər il 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur.

2023-cü il üzrə “Minatəmizləmə prosesi gözləyə bilməz” kampaniyası çərçivəsində keçirilən bu günün əsas məqsədi minalarla çirklənməyə məruz qalmış ərazilərə diqqət çəkməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası 30 ilə yaxın bir dövr ərzində Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməmiş, insanların həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri başdan-başa minalamışdır.

2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizdə baş vermiş çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslər də mina terrorunun qurbanı olmuşlar.

Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, Vətən müharibəsindən sonrakı dövr ərzində 289 nəfər vətəndaş mina və digər partlayıcı sursatların qurbanına çevrilib ki, onlardan 51 nəfəri həlak olub, 238 nəfər xəsarət alıb. Ümumilikdə 1991-ci ildən indiyə qədər baş vermiş mina hadisələri nəticəsində 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, 3 368 nəfər mina partlayışından həlak olub və ya xəsarət alıb.

Çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və əlilliyə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə ciddi maneə yaradır.

Uzun illərdir ki, Ermənistanın etnik təmizləmə və işğal siyasəti nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış keçmiş məcburi köçkünlərimizin təhlükəsiz qayıdışının təmin olunması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli, orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir.

Dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan məqsədli şəkildə minaladığı ərazilərin dəqiq xəritələrini hələ də ölkəmizə təqdim etməyib.

Ermənistan işğaldan azad edilmiş ərazilərimizi minalamaqla beynəlxalq humanitar hüququn norma və prinsiplərini, xüsusilə də Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və I Əlavə Protokolunun tələblərini pozub və bunu rəsmi şəkildə bəyan etməklə beynəlxalq ictimaiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

Hesab edirik ki, bütün dünya ictimaiyyəti insanların yaşamaq, təhlükəsiz yaşamaq və sağlamlığın qorunması hüquqlarının müdafiəsi naminə mina terroruna qarşı mübarizədə həmrəy olmalıdır.

Bununla əlaqədar insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına ünvanlandığımız bəyanat və müraciətlərdə, habelə xüsusi hesabatımızda işğaldan azad edilmiş ərazilərdə mina problemi ilə bağlı faktlar təqdim olunaraq, onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsi tələb edilib.

Beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək narahatlıq ifadə etməməsi və bununla bağlı təsirli tədbirlər görməyə maraq göstərməməsi təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, bir daha dünya ictimaiyyətinə müraciət edərək mövcud problemin aradan qaldırılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə və minatəmizləmə prosesinə dəstək verməyə çağırıram”.



Xankəndi-Laçın yolunda mübarizənin 114-cü günü

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki. bu gün aksiyanın 114-cü günüdür.

Aksiya gecə saatlarında da davam etdirilib.

Bu səhəri də adəti üzrə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açan etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

İsmayıl Alısoy



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Səlcuq Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib.

Dövlətimizin başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirib.

Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.

 

 
“ Cefri Verbakla bir gecə” adlı   maraqlı konsert baş tutdu

XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbakdur. Cefri Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
15 iyul 2021-ci il tarixindən etibarən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin “ Fəxri Səfiri”dir.
30 mart 2023-cü il tarixində Heydər Əliyev ili çərçivəsində “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı məşğul olan Cefri Verbakla birgə əməkdaşlıq çərçivəsində ilk layihəmiz olan “ Cefri Verbakla bir gecə” adlı konsert baş tutdu. Konsert açılışı Cefri Verbokun həyat və yaradıcılığına hazırlanmış xüsusi video kliplə başladı.
Böyük alqışlarla qarşılanan ifaçı tamaşaçılar “Salam, Bakı ” ifası ilə salamlayıb, ürəkdən “Qarabağ , Azərbaycandır!” deyərək, zala xüsusi ovqat bəxş etdi. Konsertdə sevilən ifaçı tar, gitar, elektrik ud və kamançada lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı Bəstə-Nigar, Dilkeş, Çahargah, Şur, Seygah və digər dillər əzbəri olan muğam mahnıları ilə tamaşaçıların qarşısına çıxdı.
Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Cefri Verbok hər bir ifası bitdikdən sonra, mahnı haqqında məlumat verərək, tamaşaçılarla öz təəssüratlarını bölüşdü. Eyni zamanda tamaşaçıların bir sıra suallarını cavablandırdı.Çıxışdan sonra Umid Mirzəyev də öz təşkilatı- Beynəlxalq Avrasiya Mətbuat Foundunun adından Cefri Verboka təşəkkürnamə təqdim edərək, ona yeni uğurlar arzuladı.
Tədbirin sonunda “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova Cefri Verboku həmçinin Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fədakarlığa görə Fəxri Diploma layiq gördü. Eyni zamanda yüksək səviyyədə iştirak etdiklərinə görə konsert iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

aia.az
 


Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir:

“31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü Qərbi azərbaycanlılar xüsusi hüznlə qeyd edirlər. Qafqaza ermənilərin kütləvi köçürülməsindən sonra erməni ekstremist silahlı qrupları və Ermənistan hökuməti tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib. Soyqırımı etnik nifrət aşılayan irqçi ideologiya zəminində sistemli şəkildə həyata keçirilib.

31 mart 1918-ci ildə Bakıda ifrat millətçi Daşnaksutyun partiyasının silahlı birliyi tərəfindən törədilmiş kütləvi qətliam ondan əvvəlki və sonrakı dövrlərdə, tarixi Azərbaycan torpaqlarında xalqımıza qarşı törədilmiş geniş miqyaslı soyqırımı təcəssüm edən dəhşətli bir hadisədir.
1905-ci ildən başlamış bu soyqırımı Azərbaycanın qərb hissəsində xüsusilə amansız olub. Ermənistan ordusu 1918-20-ci illərdə Zəngəzur, Göyçə, Dərələyəz, Sürməli, Şərur və digər bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib və etnik təmizləmə həyata keçirib.

Ermənistan ordusunun 1918-ci ildə Qacarlar dövlətinin Xoy, Salmas, Urmiya və Qaradağ bölgələrinə soxularaq ora pənah aparmış qaçqınları və yerli azərbaycanlıları kütləvi şəkildə öldürməsi bu dövlətin təkcə öz ərazisində etnik təmizləmə aparmaq deyil, həm də azərbaycanlıları bir qrup kimi tamamilə məhv etmək niyyətini sübut edir.

Yüzminlərlə azərbaycanlının öldürüldüyü bu soyqırımı aktları nəticəsində vaxtilə indiki Ermənistan ərazisində əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başladılar. 1948-52, 1987-91-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulublar. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb.

Azərbaycanlıların bütün tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları dağıdılıb. 1897-ci ildə dövlət qeydiyyatına alınmış 269 məsciddən cəmi 1-i salamat qalıb.

Ermənistan BMT-nin Nizamnaməsinə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan hüquqları sahəsində çoxsaylı beynəlxalq konvensiyalara tərəf olsa da, irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına mane olur, azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlər və terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri şöhrətləndirilir və Njdeizm kimi nasist ideologiyasını dövlət səviyyəsində təşviq edir.

Biz Ermənistan dövlətini törətdiyi soyqırımı, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərinə görə məsuliyyətini etiraf etməyə və barışıq naminə zəruri addımları atmağa çağırırıq. Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir.

Həmçinin, Ermənistan azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dayandırmalı, insanlıq əleyhinə cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməli, onları şöhrətləndirməyə dərhal son verməli, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etmiş hərbi və siyasi xadimlərə, terrorçulara qoyulmuş abidələri sökməli və aparılmış yer adları dəyişikliklərini ləğv etməlidir”.



Həkim olmaq məsuliyyətdir

 

“Həkimlik sənəti daim inkişaf edir, qazanılmış təcrübə hesabına zənginləşərək irəliləyir. Heç  bir  peşədə  Hippokrat andı kimi and yoxdur. Hippokrat andı içən hər bir həkim o anda sona qədər sadiq qalmalıdır.”

Heydər Əliyev

 

 

 

 Həkim - bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına xidmət göstərən insandır. Həkim peşəsi olduqca çətin və məsuliyyət tələb edən bir peşədir. Bu qədim sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Bəli, öz peşəsinin vurğunu olan Hippokrat andını lazımınca yerinə yetirən həkimlərimiz çoxdur. Hippokrat andına sadiq qalaraq  öz peşəsini sevən və illər ərzində göstərdiyi xidməti sayəsində insanların böyük hörmətini və sevgisini qazanmış  həkimlərimizdən biridə  Nəsibə  xanım Quliyevadır.

 Nəsibə Köçəri qızı Quliyeva (Kəngərli) 1962-ci il fevral ayının 10-da Tərtər rayonunda ziyalı ailəsində anadan olmuşdur. Ailədə 5 uşaq olublar, 2 qardaş, 3 bacı. Nəsibə xanım ailənin sonbeşiyi olub. Atası Köçəri Quliyev  bir çox rəhbər vəzifələrində çalışıb. 1962-ci ildən uzun  illər  kolxoz sədri işlədikdən sonra,  xalqın etimadını qazandığına görə  millət vəkili seçilmişdir. Ulu öndər Heydər Əliyev  tərəfindən  dövlətə və xalqına  sədaqətlə  xidmət etdiyinə görə  bir çox fəxri medallarla və 1970-ci ildə “Lenin ordeni” ilə təltif olunmuşdur. Anası Zümrüd xanım isə evdar qadın  olsa da,  gözəl  səsi  və  rəqs etmə bacarığı olub.  Buna görə də  Nəsibə  xanım  hələ orta  məktəbdə oxuyarkən  musiqiyə, ədəbiyyata böyük həvəsi olub. Orta məktəbdə keçirilən hər bir yarışmalarda  birinciliyi  qazandığı üçün müəllimləri ona xüsusi diqqət yetiriblər. Nəsibə xanımın həm də gözəl şeir demə qabiliyyəti də olub. Bu bacarıq və istedadına görə, bütün rayon tədbirləri  Nəsibə xanıma həvalə edilmişdir. O, isə  hər bir tədbirə öncədən hazırlıqlı olaraq məsuliyyətlə yanaşıb. Buna görə də  tədbir və rayon yarışmalarında birinciliyi əldə etdiyinə görə, məktəbin direktoru və müəllim kollektivinin Nəsibə xanıma qarşı sevgi və qayğıları əvəzsiz olub. 



Nəsibə xanım Quliyeva 7-8-ci sinifdə oxuyarkən qələmə aldığı  hekayələr, şeirlər və məqalələri  “Qızıl Bayraq” rayon qəzetində və  “Azərbaycan Gəncləri” qəzetində dəfələrlə dərc edilmişdir. Baba yurdu olan Kəngərli  kəndinin adını isə özünə təxəllüs kimi götürmüşdür.

 Nəsibə xanım Quliyeva 1979-cu ildə 6 saylı orta məktəbi qızıl medalla bitirdikdən  sonra,  Azərbaycan Dövlət Tibb Universitetinin  2-ci müalicə profilaktika  fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı müvəffəqiyyətlə bitirərək müalicə işi üzrə ixtisasa yiyələnmişdir. 1986-1987-ci illərdə ixtisası üzrə internatura keçmişdir. 1988-1995-ci illər ərzində 16 saylı tibbi sanitar hissədə həkim-terapevt kimi çalışmış, 2008-ci ildə götürdüyü elmi işi müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 1995-ci ildən Akademik M.Ə. Mirqasımov adına Respublika  Klinik  Xəstəxanasında  həkim-terapevt  kimi fəaliyyət göstərir.  Onun 15 elmi məqaləsi bir çox elmi konfransların  materiallarında və müxtəlif  tibb  jurnallarında çap edilmişdir. Nəsibə xanım 2020-ci ilin may ayında Ankarada Başkent Universiteti Xəstəxanasında exokardioqrafiya və koronar reanimasiya şöbəsində nəzəri və praktiki təcrübə proqramını müvəffəqiyyətlə tamamlamış  və professor  İ.Haldun  Müderrisoğlu  tərəfindən  sertifikatla təltif olunmuşdur. Nəsibə xanım Quliyeva  2020-ci ilin iyun ayından Yeni  Klinikaya ezam olunaraq  1 il 3 ay çox ağır və gərgin günlərdə fasiləsiz çalışaraq, COVİD-19-la mübarizə aparan qəhrəman həkimlərimizdən biridir. Azərbaycan və Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, həmçinin Azərbaycan Hepatoloqlar və Qastroentoroloqlar İctimai Birliyinin üzvüdür. Nəsibə xanım həm də iki şeir kitabının və bir neçə mahnının da müəllifidir. Bir oğlu, bir qızı və iki nəvəsi var. Biz də Nəsibə xanıma  həkimlik borcunu ləyaqətlə yerinə yetirdiyinə görə, ona can sağlığı, şərəfli peşə yolunda böyük uğurlar arzu edirik.

 Afət İlkin



İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Qeyd olunur ki, K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir:

“İlk öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar elementlər mövcud deyildir.

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır.  

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazıb. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur”.



Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən müəyyənləşib.

 Belə ki, gələn ayın 21-i və 22-si Ramazan bayramıdır. 2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 22 aprel şənbə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.

Beləliklə, Ramazan bayramında ardıcıl olaraq 21, 22, 23, 24 aprel qeyri-iş günləridir. Ümumilikdə həftəsonları da daxil olmaqla, gələn ay 12 gün iş olmayacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov