Xəbər lenti



Güneyli-quzeyli azərbaycanlıların ermənilər və havadarları tərəfindən soyqırımına məruz qalmalarından 105 il ötür.

Prezident Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Bu, ermənilərin güneyli-quzeyli azərbaycanlılara qarşı törətdikləri soyqırımının ümumiləşdirilmiş tarixidir. Ermənilər havadarlarının yardımı və dəstəyi ilə yüz ildən artıqdır ki, azərbaycanlılara qarşı soyqırımı həyata keçirirlər.

1918-ci ilin martında kütləvi qırğınlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə qeydə alınıb.

Soyqırımı nəticəsində onminlərlə azərbaycanlı qətlə yetirilib, bir o qədəri də itkin düşüb.

Yeri gəlmişkən, Birinci Dünya müharibəsindən əvvəl Bakı əhalisinin sayı təxminən 200 000 nəfər olub.

Erməni daşnakların liderlərindən biri olan Stepan Şaumyan sonralar etiraf edirdi ki, Hərbi İnqilab Komitəsi Qafqaz ordusunun qüvvələrini birləşdirərək yaxşı silahlanmış 6 000 nəfərlik dəstələr təşkil etmişdi.

O qeyd edirdi ki, milli xarakterli qırğınlara bilərəkdən imkan yaradırmışlar. Həmin vaxt S.Şaumyan və bolşeviklər sinfi mübarizə adı altında azərbaycanlılara qarşı soyqırımı törədiblər. Sovet dövründə kommunistlər onun adını əbədiləşdirmək üçün Xankəndinin adını dəyişdirmişdilər.

SSRİ dövründə və ondan sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı vəhşiliklərindən əl çəkmədilər. 1987-ci ildə azərbaycanlılar indiki Ermənistan ərazisində yerləşən dədə-baba yurdlarından didərgin salındılar.

Erməni quldurlar Birinci Qarabağ müharibəsində Azərbaycanın Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və s. yaşayış məntəqələrində soyqırımları törədiblər.

1941-45-ci illərdə Cənubi Azərbaycanda qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı” adlı məqaləsində həmin hadisələrə toxunaraq yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, хüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çoх faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıхıb kədərləndirirdi”.

Mart qırğını Güney Azərbaycanın Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə, azərbaycanlılara hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanəti ilə şəhər sakinləri tərk-silah edildiklərindən ermənilərə müqavimət göstərə bilməmişdilər.

Məşhur tarixçi Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxivlərində saxlanılan materiallara əsasən, təkcə 1918-ci ilin mart ayının 17-də, İlaxır çərşənbə günü erməni-daşnak və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdilər. Xalq arasında bu, “Urmu bəlası” olaraq yad edilir.

Silahlı kürd dəstələrinə Smitko adlanan İsmayıl xan, ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq edirdi. Birləşmiş koalisiyanın bütün hərəkət planları Qərbdə hazırlanmış, hətta silahlı quldur dəstələri belə, xaricin dəstəyi ilə silahlandırılmışdılar. Məsələn, birləşmiş koalisiya qüvvələrinin 30 minlik ordusunda rus və fransız zabitlər xidmət edirdilər.

Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam hadisələri 1918-ci ilin fevralından başlanmışdı. Birləşmiş erməni-kürd və assuri dəstələri fevral-mart ayları boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhaliyə divan tutmuş, qarət etmiş, dinc əhalini qətlə yetirmişdilər... Bu soyqırımı təkcə Urmiyada deyil, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində, Muğanda da törədilib. 1917-18-ci illəri əhatə edən bu hadisələr zamanı ermənilərin havadarlarının yardımı ilə Güney Azərbaycanda 200 minə yaxın Azərbaycan türkünü qətlə yetirdiklərinə dair tarixi faktlar var.

1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmasa da, ermənilərin vəhşiliklərinin qarşısı alınmışdı.

Ermənilərin İranda müsəlman azərbaycanlılara qarşı törətdikləri soyqırımından 105 il ötsə də, Tehran hakimiyyəti indiyədək bu hadisəni yada salmayıb. Həmin cinayətləri araşdıranlar daim təqiblərə məruz qalıblar. İrandakı rejim ermənilərin uydurduqları saxta soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə də bir qayda olaraq şərait yaradıb. Əvvəllər İran hakimiyyəti bunu müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışırdı. Ancaq son illər baş verənlər Ermənistanı bütün istiqamətlərdə müdafiə edən Tehran rejiminin maskasını yırtdı. Həmin hadisələrdən sonra İranda qacarların hakimiyyəti devrildi. Onları panfarsizm ideologiyasının daşıyıcıları əvəzlədi. Hazırda İranda hakimiyyətdə olanlar onların davamçılarıdır. Ona görə də 105 il əvvəl törədilən soyqırımını gizlədirlər. Tehran rejimi bununla türklərə qarşı düşmənçiliyini, ermənilərə isə sevgisini göstərir.

“Report” Informasiya Agentliyi



Prezident İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Müəyyən edilir ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Oxu.Az Z.Mikayılov dosyesini təqdim edir:

O, 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.

Z.Mikayılov 1999-2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb. 2009-2016-cı illərdə “Paşa İnşaat” şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. 

Sədr 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də Baş Menecer vəzifəsində çalışıb. 2018-2021-ci illərdə “Azərbaycan Supermarketləri” MMC-də İcraçı direktor vəzifəsində çalışıb. 

2021-ci ildən indiyədək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri kimidir.

Ailəlidir, üç övladı var.

Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.



“İcra hakimiyyətlərinin ləğv edilməsi məsələsi çoxdan gündəmdir. Dəfələrlə bu məsələyə toxunmuşam. Demişəm ki, artıq icra hakimiyyəti orqanlarının vəzifəsi səlahiyyətli nümayəndələrə verilməlidir".

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

“Çünki bu, faktiki olaraq Qarabağda özünü müsbət bir məqam kimi göstərdi və hazırda orada müsbət işlər görülür. Odur ki, bütün Azərbaycan ərazisində bu həyata keçirilməlidir”, - deyə o əlavə edib.

Deputat Prezident İlham Əliyevin Məsim Məmmədovu Laçın rayonuna Prezidentin səlahiyyətli nümayəndəsi təyin etməsindən sonra analoji prosesin Azərbaycanın digər rayonlarında da həyata keçiriləcəyini bildirib:

“İstərdim ki, Azərbaycandakı 14 iqtisadi rayonun hər birinin rəhbərliyinə dövlət başçısının səlahiyyətli nümayəndələri təyin olunsun. Onlar investisiya yatırımları ilə yanaşı, əhalinin sosial problemləri ilə məşğul olsunlar. 

Digər tərəfdən, bələdiyyələrə daha çox səlahiyyət verməliyik”.

V. Əhmədov hesab edir ki, səlahiyyətli nümayəndənin təyin edilməsi müsbət haldır və bu proses bütün Azərbaycanı əhatə etməlidir:

“Yeni sistemdə kadrlar dəyişdirildi, hər bir nümayəndə təyin olunanda Prezident ona göstərişlərini verir, müəyyən problemlərin olduğunu onun nəzərinə çatdırır. Deyir ki, gedin, işləyin, əhalinin xidmətində olun. Bu da artıq o insanların özlərindən və əhali ilə təmaslarından asılıdır. Sözsüz ki, yeni sistem korrupsiyanın da qarşısını müəyyən qədər ala bilər”.



srailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılış mərasimi baş tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və  israilli həmkarı Eli Kohen iştirak edib.

 

Tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak ediblər.

Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.

Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.

***

Azərbaycan XİN də səfirliyin açılması barədə məlumat yayıb. Bildirilib ki, martın 29-u xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.

Tədbirdə, həmçinin İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, çoxsaylı millət vəkilləri, Knessetin təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Yuli Edelşteyn, İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin üzvləri, Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman, Azərbaycan yəhudi icmasının üzvləri, İsrailin ictimai-siyasi xadimləri, Knessetin sabiq spikeri Dalia İtzik, Qüds merinin müavini və s. rəsmi şəxslər iştirak edib.

Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, Səfirliyin açılmasının Azərbaycan və İsrail arasında mövcud olan strateji münasibətləri daha da dərinləşdirəcəyini qeyd edərək, həmçinin, İsraildə Azərbaycan icmasının iki ölkə arasında münasibətlərdə vacib rolunu vurğulayıb.

Azərbaycanın İsrail ilə münasibətlərə verdiyi önəmdən bəhs edən nazir, bu münasibətlərin xalqların birlikdə sülh və əmin-amanlıq içində birgə yaşayışına dayandığını bildirib. İkitərəfli münasibətlərdə ölkələr arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, habelə birgə Hökümətlərarası Komissiyanın işinin vacibliyi qeyd olunub.

Tədbirdə daha sonra çıxış edən İsrail xarici işlər naziri Eli Kohen təhlükəsizlik, iqtisadiyyat, enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perkspektivlərini vurğulayıb. Səfirliyin açılmasının münasibətlərdə olduqca önəmli tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Nazirlərin iştirakı ilə daha sonra Azərbaycanın İsraildəki Səfirliyinin adının əks olunduğu lövhənin açılış mərasimi keçirilib.

Tədbirdə, həmçinin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərgi nümayiş etdirilib.

Tədbir Azərbaycanın klassik və xalq musiqisinin görkəmli nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib.

 

 






 


Türkiyədə prezident seçkilərində mübarizə aparacaq 4 namizəd məlum olub.

 Türkiyə mediası xəbər verir ki, Yüksək Seçki Qurumunun sədri Əhməd Yener hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və ATA Alyansının namizədi Sinan Oğanın prezidentliyə namizədliyinin müəyyənləşdiyini bildirib.

Əhməd Yener prezidentliyə namizədlik üçün 100 min imza prosesinin bitdiyini açıqlayıb.

 

 
 
 
Kamaləddin Qafarov: “Novruz bayramını Qarabağda qeyd etmək  böyük qürur və  şərəfdir”

“Bu il Azərbaycan xalqı Novruzu “Heydər Əliyev İlin”də, Ulu öndərin anadan olmasının 100-cü ildönümü ərəfəsində qarşılayacaq. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı. Ümummilli lider 1998-ci ildə çıxışlarının birində demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Bu tarixi çıxışdan 22 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq mənfur erməni qəsbkarlarının torpaqlarımızdan qovdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi və Azərbaycan xalqı bundan sonra əsrlər boyunca həmin yerlərdə Novruz bayramını qeyd edəcək.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Novruzun fəlsəfi əsaslarından bəhs edərək bildirib ki, bu bayram həyatın və yeniliyin ən mükəmməl rəmzidir: “Novruz sözünün mənası yeni gün deməkdir. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbənin – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin bəşəri ideyalarının layiqli davamçısı olan Ölkə Prezidenti İlham Əliyev hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Novruz müasir həyatımıza sirayət edərək siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünün göstəricisidir.”

K.Qafarov daha sonra deyib: “2004-cü ildən başlayaraq Azərbaycanın mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi, qoruma altına alınması Mehriban xanım Əliyevanın bu işə həssas münasibətinin parlaq ifadəsidir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Fürsətdən istifadə edib mən də bütün soydaşlarımızın Novruz bayramını səmim-qəlbdən təbrik edirəm”


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 96 gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.



Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.



Bakı Olimpiya Stadionunda "Qarabağ" və Türkiyə "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubundan "Qafqazinfo"ya verilən məlumata görə, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, "Iticket.az"ın satış məntəqələrindən, klubun "Park Bulvar"da yerləşən fan-şopundan, eyni zamanda "Iticket.az"dan da əldə etmək olar.

Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov