Xəbər lenti



Mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq, Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılırlar. 

Bildirilib ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrin fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.  

Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifələrindən azad ediliblər. 

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.



Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Sergey Viktoroviç, sizi yenidən görməyə şadam. Azərbaycana xoş gəlmisiniz. Yaxşı bir ənənədir ki, artıq illər boyu biz sizi qəbul edirik. Bizim nazir də mütəmadi surətdə sizin ölkədə olur. Sizin səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib. Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir.

Deməliyəm ki, ötən il münasibətlərimizin çox dinamik xarakteri ilə əlamətdar olub. Prezidentlər səviyyəsində bir neçə görüş olub, həmçinin siz Azərbaycana, həmkarınız isə Rusiyaya səfər edib. Ölkələrimizin hökumətlərinin və parlamentlərinin sədrlərinin qarşılıqlı səfərləri olub, digər rəsmi şəxslərin səfərləri də. Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək.

Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik.

Onu da məmnuniyyətlə qeyd etmək istərdim ki, ölkələrimizin vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur. Buna parlaq sübut odur ki, mənə bu gün təqdim edilən informasiyaya görə, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər.

Əlbəttə, bu gün biz regional təhlükəsizliklə bağlı məsələlər haqqında da danışacağıq. Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik. 

Əlbəttə, bizim münasibətlərimizin və bugünkü danışıqlarımızın gündəliyi mənim haqqında danışdığım istiqamətlərlə məhdudlaşmır. Buna görə gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Əminəm ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. Bir daha xoş gəlmisiniz.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Prezident Putinin səmimi salamlarını və dostcasına arzularını çatdırıram. O, bizim müttəfiqlik qarşılıqlı fəaliyyətimizin inkişafına şəxsən xüsusi diqqət yetirir. Sizin dediyiniz kimi, bu günlərdə biz ötən il Sizin Rusiya Federasiyasına səfəriniz zamanı müvafiq Bəyannamənin imzalanmasının ildönümünü qeyd edirik. Şübhəsiz ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir. Buraya həm Sizin Rusiya Federasiyasının Prezidenti ilə mütəmadi təmaslarınız, iki ölkənin hökumətlərinin sədrləri və nazirlər arasında görüşlər daxildir.

Biz, həmkarım - Azərbaycanın xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramovla daim əyani və indi deyildiyi kimi, onlayn təmaslarda oluruq. Həm də şübhəsiz ki, bizim iqtisadi əməkdaşlığımızın göstəricisi olan əmtəə dövriyyəsi də rekord səviyyələrə çatır və bu, son hədd deyil. Çünki Siz Prezident Putinlə təkcə ikitərəfli deyil, həm də regional və hətta qlobal xarakter daşıyacaq bir neçə meqalayihənin hazırlanmasını müzakirə etmisiniz. Bu layihələrə sizin və bizim bir çox tərəfdaşlarımız maraq göstərir. Bu da Rusiya və Azərbaycanın liderlər kimi iştirakı ilə bu regionda qarşılıqlı fəaliyyətin necə perspektivli olduğunu göstərir.

Əlbəttə, biz mədəni əlaqələrin inkişafında maraqlıyıq. Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək.

Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, Sizin vurğuladığınız kimi, heç şübhəsiz, regional təhlükəsizlik bizim həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq.

Məni qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm və əminəm ki, bu səfər Prezident Putin ilə Sizin müəyyənləşdirdiyiniz istiqamətlər üzrə irəliləməyə kömək edəcək.

Prezident İlham Əliyev: Çox sağ olun, Sergey Viktoroviç. Mən də Sizdən xahiş etmək istərdim ki, mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviç Putinə çatdırasınız, həmçinin Heydər Əlirza oğlu Əliyevin xatirəsinə bu cür xoş münasibətə görə təşəkkürümü bildirəsiniz. Biz bunu çox yüksək qiymətləndiririk. Sağ olun.





X əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

“Qafqazinfo”  xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

 

***

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-Lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq, başıuca yad edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin rəmzinə çevrilib.

 

 







 
Kamaləddin Qafarov: “Xocalı soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir”

“Bəşəriyyət tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Xocalı faciəsinə siyasi qiyməti ilk dəfə Heydər Əliyev verib: “O, bu cinayətin əsil mahiyyətini açaraq deyib: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.”

K.Qafarov Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizminin fitnələrindən qurtardığını vurğulayaraq deyib: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca davam edən cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan bu təxribatlara birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək, cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.”

Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınmasını qeyd edən Kamaləddin Qafarov bu sahədə Ölkə Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğulamışdır: “Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması üçün reallaşdırılan tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hücum diplomatiyasının və tarixi siyasətin nəticəsidir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada Xocalı faciəsi qurbanlarının xatirəsi anılan ölkələrin sayı ilbəil artır.”

Deputat “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini və effektivliyini vurğulayaraq deyib: “Məlum olduğu kimi, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Bu gün həmin kampaniya bir çox ölkələrdə yüksək səmərəliliklə davam edir. Bütün dünyada yüz minlərlə insan və 115 təşkilat kampaniyanı dəstəkləyir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan “Justice for Khojaly” informasiya portalı təbliğat və maarifləndirmə işlərində böyük fəallıq göstərir. Ermənilərin Xocalıda və ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq, bu gün hər birimizin təkcə öz xalqımız qarşısında deyil, həm də bütün bəşəriyyət qarşısında olan borcudur”.


Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

Qarabağ Regional Mədəniyyət İdarəsi;

Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.



Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
 
AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir:
 
"Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımı erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir.
 
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə silahlı hücuma keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi, sakinləri soyqırımına məruz qaldı.
 
Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalını da yer üzündən silmək idi.
 
Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilmişdir. Nəticədə 613 nəfər, o cümlədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər ahıl şəxs xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür, onlardan 150 nəfərin taleyi isə naməlumdur. Soyqırımı zamanı öldürülənlərdən 56 nəfəri ağlasığmaz şəkildə xüsusi qəddarlıqla qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, onlara dəhşətli işgəncələr verilmişdir.
 
Etnik təmizləmə və nifrət zəminində törədilən Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər müharibə cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud və kütləvi surətdə pozulmuşdur.
 
Xocalı soyqırımı zamanı 1949-cu il Cenevrə Konvensiyalarının, "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın, "Uşaq hüquqları haqqında” Konvensiyanın müddəaları ciddi şəkildə pozulmuşdur.
 
Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
 
Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqrımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.
 
Hazırda da Ermənistanın davamlı olaraq həyata keçirdiyi terror siyasəti, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımıza minaların basdırılması və bunun nəticəsində mülki şəxslərin həlak olması və ya ağır yaralanması ilə bağlı məlumatların dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atmağa davam edir.
 
Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımı aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir".
 
Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.


İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi kompleksinə hücum etdiyini bildirib.

 “Bu səhər İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatına məxsus silah istehsalı müəssisəsi və hərbi iqamətgahına hücum edib”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Qəzza zolağından İsrail istiqamətində altı raket atıldığını, onlardan beşinin hava hücumundan müdafiə sistemləri tərəfindən tutulduğunu bildirmişdi.



Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağacağı, gecə və səhərin erkən saatlarında Abşeron yarımadasının şimalında qısamüddətli qara keçəcəyi gözlənilir.

 Günün ikinci yarısında yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 3°-dək isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti isti, gündüz 3-6° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.


Yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb.

 

"Qafqazinfo"ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 3,6-ya bərabər olan zəlzələ hiss olunmayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov