Xəbər lenti



023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanışda Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti təhlil edilib.
 
Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi daşımaları həyata keçirməsi, bölmələrimizin mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərməsi, eləcə də Ağdam, Tərtər və digər rayonlar istiqamətlərində Ordumuzun mövqelərini atəşə tutması nəticəsində yarana biləcək gərginlik xüsusi vurğulanıb.
 
Müdafiə naziri qeyri-qanuni erməni silahlı birləşmələrinin fəaliyyətlərinin fasiləsiz müşahidəsinin bundan sonra da davam etdirilməsi, eləcə də törədilə biləcək istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmaq barədə konkret tapşırıqlar verib.
 
Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini "parlament”, "prezident”, "nazir”, "deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb.
 
Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib.
 
Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə gələrək təlim-metodiki toplanış ilə bağlı rəhbər heyətin məruzələrini dinləyib.


Ukrayna Müdafiə Nazirliyi Rusiyanın 7 İsgəndər-M və 3 İsgəndər-K tipli qanadlı raketlə Ukraynanın paytaxtı Kiyevə hücum etdiyini, 3 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada 10 raketin havada məhv edildiyi, lakin raketlərin hissələrinin bir mənzil və uşaq xəstəxanasının üzərinə düşdüyü bildirilib.
 
Açıqlamada, "Ruslar ötən gecə 7 İsgəndər-M ballistik raketi və 3 İsgəndər-K qanadlı raketi ilə Kiyevə hücum etdi. Bütün raketlər havada məhv edilib. Təəssüf ki, məhv edilmiş raketlərin parçaları yaşayış binasına və uşaq xəstəxanasına düşüb. Biri uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 10 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.
 
Ayşən


Azərbaycanda iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni sistem fəaliyyətə başlayacaq. Bu sistemə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bildirilir ki, icbari sığorta müqaviləsinin bağlanmadığı təqdirdə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə ediləcək.
 
Bununla bağlı iqtisadçı ekspert Eldəniz Əmirov AZXEBER.COM-a açıqlama verib.
 
O, daşınmaz əmlakın İcbari sığortasına birmənalı yanaşmağın doğru olmadığını deyir:
 
"Düşünürəm ki, daşınmaz əmlakın icbari sığortası məcburi olmamalıdır. Daşınmaz əmlakın növündən və yerləşdiyi yerdən asılı olaraq fərqlər qoyulmalıdır.
 
Məsələn, biri dağ kəndində digər evlərdən 1 km uzaqda ev tikib onun sığorta etdirilməsi bu insanın eyni zamanda hüququnun  pozulmasıdır. Bu əmlak mənimdir, sığortalatırda bilərəm, sığortalatdırmaya da. Bəzi hallarda avtomobilləri misal gətirilər, ancaq avtomobilin sığortası üçüncü şəxsə qarşıdır. Bir mənzilin yanması belə başqa birinə zərər verməyəcəksə, onun məcburi şəkildə sığorta olunması doğru deyil. Sıx məskunlaşma zamanı mənzillərin sığortalamasının daha doğru olduğunu hesab edirəm”.
 
İqtisadçı ekspertin sözlərinə görə, təkcə yerləşdiyi yerə görə sığorta haqqının fərqlənməsi deyil, ümumən məcburi sığortanın özünün konteksinə yenidən baxmaq lazımdır:
 
"Ödənilən sığorta haqqı 15 min, 20 min, 25 min manat həcmindədir. Bakı şəhərində bir mənzilin yanması zamanı dəyən xərc, onun sığorta xərci ilə müqayisədə çox azdır. Ona görə də hesab edirəm ki, sığorta məbləğlərinə yenidən baxmağa ehtiyac var. Eyni zamanda mənzillərin yerləşmə yerindən asılı olaraq diferensial yanaşma tətbiq olunmalıdır”.
 
Şəbnəm Zahir


İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Həmçinin oxuyun: С сегодняшнего дня myCard Junior можно приобрести с 50% скидкой!

Moldova Prezidenti Maya Sandu Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb.

Builki Zirvə toplantısında ümumilikdə 47 ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.

Qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı ötən ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.

 

 

 
 
 


Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Bakıda Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi bir vaxtda Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. 30 ildən artıq bir dövrdə Azərbaycan və Amerika Birləşmiş Ştatları transmilli təhlükələrlə mübarizədən inklüziv iqtisadi inkişafa qədər möhkəm tərəfdaşlıq yaradıb.

 Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir.

Bu tədbirlərin, habelə qanunun aliliyinin təşviqinin və Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaq. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik”.



"Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər, lakin yekun sülh gözlənilmir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural İsmayılov Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana sülhlə bağlı çağırış edib: “Bizim sülhlə bağlı konkret mövqeyimiz var. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın dürüst və obyektiv çağırışlarına rəğmən prosesdən yayınmağa cəhd göstərir”.

Politoloq deyib ki, Azərbaycan 30 illik işğal dövründə də Ermənistana sülhlə bağlı çağırışlar edirdi: “Ermənistanı Azərbaycanla normal qonşuluq münasibətləri qurmağa dəvət edirdi”.

Müsahibimizə görə, Qərbin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməsi xüsusi vurğulanmalıdır. T.İsmayılov qeyd edib ki, Qərb Rusiyadan fərqli olaraq, sülh prosesinin daha işlək mexanizmlərini hazırlayır.

“Bu baxımdan Brüssel danışıqlarının ardınca Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər. Bununla bağlı real işartılar da var. Hesab edirəm ki, yekun sülh müqaviləsi olmasa da, Kişinyovda tərəflər arasında ilkin sülhlə bağlı müəyyən işartılara rast gələcəyik”,-deyə Tural İsmayılov əlavə edib.

Cavad



Türkiyədə prezident seçkisində Rəcəb Tayyib Ərdoğan qalib gəldi, bundan sonra rəsmi Ankaranın xarici siyasət kursunun necə olacağı, onun beynəlxalq münasibətlər sistemindəki təsir effektlərinin perspektivi diqqət mərkəzindədir.

Ərdoğan Türkiyəyə miras qalan təhlükəsizlik problemləri ilə mübarizədə köklü dəyişikliklərə çalışacaq, ilk növbədə Ankaranın strateji prioritetlərini nəhəngləşdirmək üçün Afrika, Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiya üzrə iti addımlara, Rusiya-Ukrayna müharibəsinin vasitəçisi qalmağa ehtiyac duyacaq, əldə edə biləcəyi qazancları özünə rəqib olanlarla danışıqlar predmetində üstün mövqe stilinə uyğunlaşdıracaq.

Dividendlərin danışıqlarda nəticə əsaslı paya sahiblənməsi üçün Türkiyə PKK-ya qarşı mübarizənin şiddətini artırmalıdır, ona görə ki, Ankaranın qarşısında siyasi sabitlik dövrünün davamlı olmasını təmin etmək dayanır.

PKK-nın maksimal şəkildə zərərsizləşdirilməsi Türkiyənin regional və beynəlxalq əzələlərini həddindən artıq şişirdib onu qlobal gücə çevirə bilər, ancaq Ankaranın terrorçularla mübarizədə yaxın perspektivdə nəticə əldə edə biləcəyi çətindir.

Buna rəğmən, Ərdoğan dünyanın diqqətini çəkən və beynəlxalq mübarizə kimi tövsif edilən seçkidən qalibiyyətlə çıxdıqdan sonra Türkiyənin təhlükəsizlik komandası daha sərt oynaya və PKK-ya qarşı sancılacaq oxların sayını çoxalda bilər. Suriya və İraqdan başqa, PKK-çıların məskən saldıqları başqa dövlətlərdə də onlara qarşı əməliyyatlara ehtiyac yaranır.

Lakin Türkiyəyə rəqib ölkələr də yerində saymırlar, onlar “dişə diş” hesabı ilə Türkiyəyə qarşı həmlə siyasətində PKK-ya can verməyə çalışmaqda maraqlıdırlar, hərçənd ki, burada münasibətlərin ruhunda fərqli xüsusiyyətlər də var. 

Bir tərəfdən, Türkiyənin yüksək oyunçuluq qabiliyyətinə görə onun statusundan yararlanmaq, digər yandan isə Ankaranın mübarizə meydanında monopoliya yaratmasına qarşı olmaq üçün PKK amilindən istifadə etmək durur – Türkiyənin strateji komandasının mübarizəni böyük güclər arasında tarazlığı davam etdirmək xətti fonunda quracağı gözlənilir.

Türkiyə geosiyasi paketinə yeni məhsullar əlavə etmək istəyirsə, daxildə də iqtisadi durumu düzəltməli və suriyalı qaçqınların yaxın bir ildə geri dönüşündə rəqəmləri əhəmiyyətli şəkildə yüksəltməyi bacarmalıdır.

Ədalət və İnkişaf Partiyası iqtidarı həmçinin bahalaşmanın qarşısını ala biləcək, inflyasiyanı azaldacaq, lirənin məzənnəsini sabit saxlaya biləcək güclü iqtisadiyyat komandası formalaşdırmalı və xarici kapitalın ölkəyə axını barədə yeni qərarlar verməlidir.

Yəni Türkiyə iqtisadiyyatına həm yerli, həm də xarici investorların inamını bərpa etmək üçün güclü iqtisadi meyarlar müəyyən edilməlidir və mühüm struktur islahatları həyata keçirmək lazımdır.

Türkiyə 2000-ci illərin ilk onilliyindəki iqtisadi yüksəliş dövrünə qayıtsa, bu, Ankaranın xarici siyasət zonasında böyük əməliyyatlara stimul olacaq və o, qarşısıalınmaz bir sıra mühüm fəaliyyət sferası yaradacaq.

Ankara təhlükəsizlik narahatlıqlarının iqtisadiyyatdan və hərbi-siyasi hədələrdən qaynaqlanan tərəflərini zədələmək üçün beynəlxalq güclərlə bacarıqlı danışıqlar masası yaratmaq istəyəcək.

Türkiyə beynəlxalq məsələlərdə qlobal güclərə qarşı əzəmətli muxtariyyətə malik olması ideyasını vurğulamaq üçün yeni əməkdaşlıq formatlarına da müraciət edə bilər. Bu, daha çox Türk Dövlətləri Təşkilatının fəaliyyətində, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında, İsraillə normallaşan, Rusiya ilə mövcud münasibətlərin axarında üzə çıxmaq ehtimalına malikdir. Türkiyənin yenidən şəkillənən beynəlxalq münasibətlər sistemində ağırlığını artıran Çinlə əməkdaşlıqda da praqmatik ideyaları dövriyyədə saxlayacağı gözlənilir.

Hər halda, Türkiyənin iqtidar kabinetinin formalaşdırılmasını gözləmək lazımdır, arada olan qısa intervalda isə Ankaranın maraqlarını sarsıda biləcək təhdidlərin zühur etməsi gözlənilən deyil.

Aqşin Kərimov



“Əminəm ki, bu səfər (İsrail Prezidentinin səfəri – red.) ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə söyləyib.

İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib:

“Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov