"Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər, lakin yekun sülh gözlənilmir".
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tural İsmayılov Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana sülhlə bağlı çağırış edib: “Bizim sülhlə bağlı konkret mövqeyimiz var. Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın dürüst və obyektiv çağırışlarına rəğmən prosesdən yayınmağa cəhd göstərir”.
Politoloq deyib ki, Azərbaycan 30 illik işğal dövründə də Ermənistana sülhlə bağlı çağırışlar edirdi: “Ermənistanı Azərbaycanla normal qonşuluq münasibətləri qurmağa dəvət edirdi”.
Müsahibimizə görə, Qərbin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməsi xüsusi vurğulanmalıdır. T.İsmayılov qeyd edib ki, Qərb Rusiyadan fərqli olaraq, sülh prosesinin daha işlək mexanizmlərini hazırlayır.
“Bu baxımdan Brüssel danışıqlarının ardınca Kişinyovda sülhlə bağlı ilkin razılaşmalar əldə edilə bilər. Bununla bağlı real işartılar da var. Hesab edirəm ki, yekun sülh müqaviləsi olmasa da, Kişinyovda tərəflər arasında ilkin sülhlə bağlı müəyyən işartılara rast gələcəyik”,-deyə Tural İsmayılov əlavə edib.
Cavad