Xəbər lenti



NATO üzvü olan 25-dən çox ölkə “Skripal işi” ilə bağlı rusiyalı diplomatları deportasiya edəcək.

 “RİA Novosti”-i xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, “Skripal işi” ilə əlaqədar Rusiyanın 7 diplomatı “arzuolunmaz şəxs” elan edilib: “Rusiyanın NATO-dakı missiyasının tərkibi isə 30 nəfərdən 20 nəfərə endiriləcək”.

Qeyd edək ki, martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb.

Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub. Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.


İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkmənistana, oradan isə Azərbaycana səfər edib. O səfər çərçivəsində bildirib ki, İran hökumətin mühüm hədəflərindən biri qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsidir. Səfərlərin əsas məqsədi iqtisadi və mədəni məsələlərin müzakirəsi olub.

Türkmənistana səfərindən əvvəl Tehran hava limanında açıqlama verən Ruhani bu səfərlərin Türkmənistan və Azərbaycan prezidentlərinin dəvəti ilə reallaşdığını deyib.

Regional və beynəlxalq məsələləri səfərlərində gündəmə gətirəcəyinə deyən Ruhani yeni ildə ilk xarici səfərlərini qonşu və yaxın ölkələrə etdiyinin sevindirici hal olduğunu açıqlayıb:

“İki ölkə ilə ənənəvi münasibətlərlə yanaşı, bölgədəki tranzit məsələsi və İranın cənubunun Orta Asiyaya bağlanması məsələsi vacibdir. Qafqaz ölkələrilə əlaqə bu iki ölkə vasitəsilə reallaşır.

Hazırda Şahars və Astara marşrutları istifadə edilir. Həmçinin iki yeni layihənin də həyata keçirməsi gözlənilir”.

Səfərlərində sənaye, aqrar, səhiyyə və turizm sahəsində sazişlər imzalanacağını ifadə edən Ruhani özəl sektor nümayəndələri ilə də müzakirələr aparacağını vurğulayıb.



BMT-nin İnsan Hüquqları Şurasının martın 23-də Cenevrədə keçirilmiş 37-ci sessiyası çərçivəsində Azərbaycanın, Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tayland və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi, müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.

Qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılması olub. Qətnaməyə əsasən 2018 və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik olan ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir./APA/



Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə 2 ay müddətində davam edən “Zeytun budağı” hərəkatı çərçivəsində Afrin bölgəsini terrorçulardan təmizləməsi və nəzərlərini Menbicə yönəltməsi PKK/PYD silahlılarını təşvişə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gecə saatlarında PKK liderləri Amerikalı nümayəndələrlə bir araya gəlib.

Görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK-nın Menbicdən çıxması tələbi müzakirə edilib.

Görüşün sonunda PKK terrorçularının Menbici ASO-ya təslim etməsi qərarı verilib. Terrorçular isə Menbicdən Fərat çayının qərbinə doğru geri çəkiləcək.



Növbəti həftə Mersində Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi baş tutacaq. Mərasimə Rusiya lideri Vladimir Putin də qatılacaq.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı Türkiyə və Rusiya arasında ilk anlaşma 2010-cu ildə imzalanıb.

Stansiyanın ilk reaktorunun ən gec 2023-cü ildə istifadəyə verilməsi gözlənilir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov