Xəbər lenti



“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Prezidenti seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında 68 rayonda (Naxçıvan MR-in ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.

Bizimaz.az Trend-ə istinadən xəbər verir ki, rəy sorğusunun nəticələrinin təqdimatında İctimai Birliyin rəhbəri İradə Yaqubova bildirib ki, sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhər, 6,2%-ni qəsəbə, 43,4%-ni isə kəndlər təşkil edib.

Onun sözlərinə görə, sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39, 18,8%-i 40-49, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul, 1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır.

Məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır. 2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıb. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunub.

Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkiblər.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd edib. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib.

Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab edib. 5,2% rəyi soruşulan isə cavab verməkdə çətinlik çəkib.

Ermənistan-Azərbaycan münaqişəsinin həllində 25 ildən artıqdır iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞ PA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olub. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.

Sorğu zamanı respondentlərə "Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə, kimə səs verərdiniz" sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildirib. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyib. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.

Sorğu zamanı respondentlərə 2013-ci ildə keçirilmiş ölkə prezidenti seçkilərində kimə səs verdiklərini barədə sualla müraciət edilib. Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər.

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini bildiriblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etmədiyini etiraf edib.

Beləliklə, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.



Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətində baş vermiş yanğında çoxlu sayda insanın ölməsi ilə əlaqədar 28 martın matəm günü elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endiriləcək.

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" Ticarət Mərkəzində yanğın baş verib. Nəticədə 41-i uşaq olmaqla 64 nəfər ölüb.


Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) və Yenimahalle Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində Ankaranın ən böyük məhəllələrindən biri olan Yenimahalledə Xocalı soyqırımı abidəsi ucaldılacaq və mövcud bir parka “Xocalı” adı veriləcək. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, bu barədə Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyəti üzvlərinin Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşarla görüşündə razılıq əldə olunub.

Görüşdə Türkiyədə son dövrdə Azərbaycan həqiqətlərinin daha çox təbliğ olunması və Xocalıda 26 il öncə yaşanan insanlıq dramı ilə əlaqədar müxtəlif formatlı tədbirlərin həyata keçirildiyi, Türkiyənin əksər bələdiyyələri tərəfindən bu istiqamətdə fəaliyyətlərə geniş yer verildiyi, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində vacibliyi qeyd olunub.

Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvləri bu kimi fəaliyyətlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, ortaq problemlərimizin birgə həlli üçün mühüm rol oynadığı vurğulanıb.

Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşar görüşdən məmnun olduğunu və belə görüşlərin müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.

F.Yaşar məsələnin Yenimahalle Bələdiyyəsinin aprel ayı üçün nəzərdə tutulmuş planlarına daxil edilməsi ilə bağlı göstəriş verdiyini qeyd edib.

Türkiyə Azərbaycan Dərnəyinin sədri Enver Türkoğlu, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının üzvü Ahmet Gencehan Babiş və dərnəyin idarə heyətinin üzvləri bələdiyyə sədri F.Yaşara görüş üçün yaratdığı şərait və göstərdiyi dəstəyə görə təşəkkür edərək, bundan sonra da iki qardaş dövlət üçün fəaliyyətlərinin davam etdirilicəyinə əminlik ifadə ediblər.

Qeyd edək ki, Yenimahalle Bələdiyyəsinin sədri F.Yaşar, özünün “Twitter” hesabından fotoşəkil paylaşaraq “Yenimahalle ərazisində bələdiyyəmiz və Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlıq çərçivəsində, Xocalıda yaşanan insanlıq dramının unudulmaması üçün içərisində soyqırım abidəsi olan bir park inşa edəcəyik”, - deyə bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov