Xəbər lenti


"Qarabağdakı qanunsuz silahlılar yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir" -

"Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur".

Bizimaz.az  xəbər verir ki, bunu rbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov qeyd edib: “Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”.
Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi  zərurət idi”

“Azərbaycanın sentyabrın 19-da Qarabağ bölgəsində başladığı lokal xarakterli antiterror tədbirləri qaçılmaz zərurətdən doğan addımdır. İkinci Qarabağ savaşının Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından 3 il keçməsinə baxmayaraq Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatının müddəalarına əsasən üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən yayınır. Xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Son bir neçə ayda həmin silahlı birləşmələr tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin yeni hərbi-mühəndis qurğularının yaradılması ilə möhkəmləndirilməsi, şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi gərginliyin artmasına səbəb olub. Bu birləşmələrin təxribat dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini getdikcə genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanmasını həyata keçirir və bununla həm hərbçilərimiz, həm də mülki şəxslər arasında itkilərə səbəb olurlar. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməz bir haldır. Azərbaycan dövləti bu kimi halların qarşısını almaq iqtidarındadır və bunu etmək ölkəmizin legitim hüququdur.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan son üç il ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər etsə də, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməyib, əksinə, ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırıb: “Bu gün ermənilərin Azərbaycana qarşı apardığı mina terroru barədə məlumatlara artıq bütün dünya mediasında kifayət qədər rast gəlmək olur. Vəziyyət elə bir böhran həddinə çatmışdır ki, hətta ənənəvi olaraq Ermənistanı dəstəkləyən ölkələrin kütləvi informasiya vasitələrində belə ermənilərin terror siyasətini qınayan materiallar dərc edilir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olmuşdur. Elə həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşmüş, nəticədə hərbi qulluqçularımız həlak olmuş və yaralanmışlar. Məhz bundan sonra Azərbaycan Qarabağ bölgəsində konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılmalı, qondarma rejim buraxılmalıdır. Antiterror tədbirlərinin dayandırılmasına yalnız qanunsuz erməni silahlı dəstələrinin ağ bayraq qaldırmaları səbəb ola bilər. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.”

K.Qafarov ölkəmizdə müşahidə olunan siyasi həmrəyliyin əhəmiyyətini vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Bu məqsədlə ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olundu. Siyasi partiyalar dövlət başçımızın ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiklərini, onun ətrafında sıx birlikdə olduqlarını bəyan etdilər. Bu, ölkəmizdə siyasi həmrəyliyin, ümumxalq birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu birlik xalqımızı bütün savaşlardan qalib çıxaracaq, ölkəmiz öz ərazilərində Azərbaycan Respublikasının konstitusiya quruluşunun tam bərpasını təmin edəcək”.


“Qarabağdakı vəziyyət üzrə təhlükəsizliklə bağlı Rusiyanın öhdəliklərini yerinə yetirməməsinə dair Ermənistanın bizə qarşı iddiaları əsassızdır. İrəvan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından sonra Rusiya buna müdaxilə edə bilməz”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il vəziyyətinə görə Azərbaycanın sərhədlərini tanıdıqlarını bəyan etdi. Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Ona görə də biz Ermənistanın təhlükəsizliklə bağlı öhdəliklərin yerinə yetirilməməsinə dair ittihamlarını qəbul etmirik”, - deyə Dmitri Peskov vurğulayıb.

Dmitri Peskov qeyd edib ki, de-yure olaraq Azərbaycan hazırkı tədbiri öz ərazisində həyata keçirib.



Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirilib.

Qeyd olunur ki, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.



Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında deyilir:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.



Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.



Son günlər Azərbaycan Milli Kitabxanasının guya bağlı olması barədə yalan xəbərlər düzgün deyil. azərbaycan Milli Kitabxanasından verilən məlumata görə,hal-hazırda Milli Kitabxana açıqdır və hazırda Elmi - praktik konfrans keçirilr. 21 sentyabrda Gülüstan sarayında keçiriləcək Azərbaycan Milli Kitabxanasının 100 illik yubiley tədbiri mövcud vəziyyətlə əlaqədar təxirə düşüb.
Yubiley tədbirinə Milli Kitabxananın işçiləri,hətta təqaüddə olanlar da dəvətli idilər.




Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, həmin şəxslərdən biri Azərbaycan vətəndaşı Pərviz İsmayılovdur.

Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.

Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.

Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.

Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.



“Prezident İlham Əliyevin 20 ildə Azərbaycan dövləti və xalqı üçün elədiklərindən artığını biz ancaq xəyallarda arzu edə bilərik. Bundan artığını heç bir prezident, heç kəs edə bilməzdi, İlham Əliyev etdi”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Haqq və Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov TV Müsavata verdiyi müsahibəsində bildirib.

Sabiq səhiyyə naziri qeyd edib ki, siyasi dialoq çox vacib məsələdir: “Bəzi partiyalar siyasi dialoqdan qaçırlar. Hər şeyə yox deyirlər. Bizim bəzi müxalif qüvvələri - onlara radikallıqmı deyim, inadkarlıqmı deyim, bəzən heç bilmirlər İlham Əliyev nə istəyir, nə deyir. Sadəcə yox deyirlər, bəyənmirlər. Bu gün kimdən, hardan nə tapşırıq alıblarsa, birmənalı qışqırırlar ki, Azərbaycan ordusu hərəkət etməməlidir, Xankəndiyə dəymək olmaz. Bu kimin tapşırığıdır, kimin istəyidir?! Sən istəmirsən biz Xankəndini nəzarətə götürək, bu necə yanaşmadır?”

Ə.İnsanov vurğulayıb ki, kim hakimiyyətə gəlmək istəyir və düşünürsə, Prezident İlham Əliyevin gördüyü işləri qaralamaqla buna nail olacaq, yanılır: “Prezident İlham Əliyev hələ uzun müddət Azərbaycana rəhbərlik edəcək. Siz istəyirsiniz "nə istəsək edə bilərik?", bəlkə düşünürsünüz camaatın maaşı 5 min olmalıdır? Xeyr, bu gün biz müharibə vəziyyətindəyik. Müharibə bizdən böyük xərclər tələb edir”.

Müxalifətə “Qardaşlar, siz nə qədər istefa qışqıracaqsınız?”, “Yorulmadınız?”, “Bu 30 ildə nəyə lazım oldunuz?”  kimi suallar ünvanlayan HƏP sədri əlavə edib ki, bu proseslərdən çıxdıqdan sonra müxalifət olmaq olar: “Bu çətin dövrdən çıxaq, sonra hamımız müxalifət olarıq. Heç olmasa susun, Prezident İlham Əliyev işini görsün, Azərbaycanın problemləri həll olsun, mən də sizə əl qaldıracam ki, müxalifətçiliyə davam edin”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov