Xəbər lenti



Yeni Azərbaycan Partiyası Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon 2 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.

aia.az xəbər verir ki, yığıncağın gündəliyində iki məsələ dururdu.

Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat və ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi.
Yığıncağın gündəliyində olan birinci məsələ ilə bağlı hesabat məruzəsini təqdim edən ərazi partiya təşkilatının sədri Solmaz Səmədova hesabat dövr ərzində ərazi partiya təşkilatının fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Sonra hesabat məruzəsi ətrafında çıxışlar başlanılıb. YAP üzvləri Nadir Quliyev və Nazim Sultanov öz çıxışlarının sonunda ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab edildiyini bildiriblər. Daha sonra gündəlikdə duran ikinci təşkilatı məsələnin müzakirəsinə baxılıb.YAP Sabirabd rayon 2 saylı ərazi partiya təşkilatında qeydiyyatda duran partiya üzvləri yekdilliklə Səmədova Solmaz Əjdər qızını ərazi ilk partiya təşkilatının sədri və Sultanov Nazim Əli oğlunu isə sədr müavini seçiblər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirərək öz təşəkkürlərini bildiriblər.

Yığıncağın sonunda YAP Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştrakılarına görə bir sıra partiya üzüvləri Fəxri Fərmanlarla təltif olunublar.

aiaa.z
 
 
 
 
 


Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM Ukraynakı vəziyyətlə bağlı açıqlama yayıb. Bu barədə təşkilatın sosial şəbəkədəki səhifəsində paylaşım edilib.

“Biz Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək məsələsində möhkəm və vahid mövqedəyik. Biz Ukrayna xalqına milli konsolidasiya, birlik və sülh arzulayırıq”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat 1997-ci ildə yaradılıb. Hazırda təşkilata Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir. 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da təşkilatın üzvü olub. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlib.



ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya hücum planlarından daşındığı haqda qənaəti “erkən” adlandırıb. O bəyan edib ki, hücum istənilən vaxt başlaya bilər.

Dövlət Departamentinin saytında dərc edilmiş stenoqrama əsasən Entoni Blinken keçirdiyi brifinqdə bildirib ki, Rusiya prezidenti Vladimir Putin hücuma çox yaxşı hazırlaşıb və Ukraynaya qarşı yeni təcavüzdən onu “cəmi bir addım ayırır”. Blinkenin sözlərinə görə, 130 minlik Rusiya ordusu Ukrayna sərhədləri yaxınlığında qalır və müdaxilə riski olduqca yüksəkdir. Ona görə də hücumun fevralın 16-da başlamaması Putinin planlarından ümumiyyətlə daşınması demək deyil.

“Əgər biz Ukrayna ətrafındakı rayonlarda baş verənlərə nəzər salsaq bu həftə təcavüz aktının başlaması tamamilə mümkündür”, - o deyib.

 

Rusiya prezidenti Vladimir Putin isə ötən gün Almaniya kansleri Olaf Şolsla Kremldə keçirdiyi görüşündən sonra bəyan edib ki, Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağına dair təminat “dərhal verilməlidir”. Putinin sözlərinə görə, bu təminat Rusiyaya yazılı şəkildə verilməlidir.

 

“Deyirlər ki, Ukrayna yaxın illərdə NATO-da olmayacaq...Deyirlər ki, bu sabah baş verməyəcək. Bəs nə vaxt baş verəcək? O biri gün? Bəs bu bizim üçün tarixi perspektivdə nəyi dəyişir? Heç nəyi. Ukraynanı NATO-ya üzvlük üçün “hazırlaya” bilərlər. Ona görə də biz bu məsələni dərhal, elə indi həll etmək istəyirik”, - Putin daha əvvəl Qərbə irəli sürdüyü ultimatumu yeniləyib.

 Xatırladaq ki, ABŞ və bəzi digər Qərb ölkələri Rusiyanın bu gün fevralın 16-da hücum edəcəyi haqda xəbərdarlıq yaymışdılar. Britaniyanın “The Sun” qəzeti isə hətta hücumun saatını da göstərmişdi - 03:00. Lakin hücum həmin saatda başlamayanda qəzet tarixi dəyişib, hücumun “istənilən vaxt” başlaya biləcəyini göstərib. Nəşr bu məlumatı ABŞ kəşfiyyatına istinad edərək yayıb.

virtualaz.org


 
Kamaləddin Qafarov: “Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək ”

“Azərbaycan işğaldan azad edilmiş ərazilərində iri miqyaslı bərpa-quruculuq işlərini böyük vüsətlə davam etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Bu gün işğaldan azad olunmuş rayon və bölgələrimizin istər iqtisadi inkişafı, istərsə də mənəvi dirçəlişi üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülür, bu istiqamətdə məqsədyönlü addımlar atılır. Görülən kompleks tədbirlər işğaldan azad edilmiş ərazilərlə yanaşı, qonşu rayon və bölgələrin də inkişafına yeni dinamika gətirir. Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına etdikləri səfər çərçivəsində bir çox mühüm obyektlərin açılışı olub. Dövlətimizin başçısı bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək bir neçə sənaye, turizm, səhiyyə müəssisələrinin, eləcə sosial obyektlərin təməlini qoyub. Bununla da Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycan iqtisadiyyatına sürətli reinteqrasiyasının artıq qarşısıalınmaz proses olduğuna dair bütün dünyaya növbəti mesaj ünvanlamış oldu”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Ağdam rayonunun bərpası ilə bağlı görülən kompleks tədbirlər qısa müddət ərzində bölgənin sürətli inkişaf mərhələsinə keçidini təmin edəcək: “Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra etdiyi çıxışında rayonun inkişafı məqsədilə dövlət tərəfindən görülən kompleks tədbirlər, həyata keçirilən iri miqyaslı infrastruktur layihələr barədə detallı açıqlamalar verməklə yanaşı, eyni zamanda da Azərbaycanlı iş adamlarının bu işlərdə daha aktiv olmalarının vacibliyini qeyd etdi. Həqiqətən də Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin yenidən dirçəlməsi üçün bütün zəruri addımları atır. Dövlətimizin başçısı tərəfindən Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşının qoyulması da məhz bu addımlardan biridir. Məlum olduğu kimi, bu gün ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye parkları və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir. Ağdamın Qarabağ regionunda tutduğu coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını artırır. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Lakin məhz yerli sahibkarlar bu istiqamətdə fəallıqlarını daha da artırmalıdırlar. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlıq fəaliyyəti üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bütün bunlar yerli istehsalın inkişafına təkan vermək və bununla da bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişini, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafın sürətləndirmək məqsədi güdür”, – deyə K.Qafarov bildirib.

Millət vəkili vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin sürətli icrası bu ərazilərin yenidən məskunlaşmasına ən qısa zamanda imkan verəcək: “Artıq bu gün işğaldan azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Dövlət başçısı tərəfindən yeni yaşayış kompleksinin təməl daşının qoyulması xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma-iki ilə inşa ediləcək. Həmçinin 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara yüksək səviyyədə müasir tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. Hazırda Ağdam şəhər 1 nömrəli orta məktəbin inşası davam edir. Bu məktəbdə təqribən minə yaxın şagird oxuyacaq”.

Kamaləddin Qafarov açıqlamasının sonunda demişdir: “Ağdamın yol-nəqliyyat infrastrukturu da tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi isə artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq. Ən əsası da budur ki, görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır və bu da dövlətimizin iqtisadi gücünü və texniki potensialını bir daha bütün dünyaya göstərir”.

AİA.Az



Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür.

Arif Paşayev 15 fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub.

 O, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. 

Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Akademik 40 ildən artıq bir dövrdə zədəsiz nəzarət yarımkeçiricilər fizikasının və ölçmə istiqamətlərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olub.

Arif Paşayev 300-ə yaxın elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifidir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi alıb, medallar və diplomlarla təltif olunub. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə “SSRİ-nin ixtiraçısı” medalına, akademik Y.Məmmədəliyev adına medala və İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülüb. “VEKTOR” - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış alimləri” beynəlxalq layihəsinin qalibi olub və “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif edilib.

Azərbaycanda elmin, təhsilin inkişafında böyük xidmətləri olan akademik Arif Paşayev 2004-cü ildə “Şöhrət” ordeninə layiq görülüb.

O, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyası nəzdində Birləşmiş İxtisaslaşdırılmış Şuranın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində Aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə Şurasının üzvüdür.

Arif Paşayev 1971-ci ildən 1996-cı ilədək AMEA-nın Fizika İnstitutunun “Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları” laboratoriyasına rəhbərlik edib. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirib, Fizika İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak edib.

Əməkdar elm xadimi 1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.

Bizimaz.az görkəmli alim, akademik Arif Paşayevi doğum günü münasibətilə təbrik edir!



Azərbaycanda məşhur apteklər şəbəkəsi olan “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) barədə bu ilin fevral ayı ərzində 7 məhkəmə iddiası qaldırılıb.

Bizimaz.az xəbər verir ki, şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi və gömrük qaydalarını pozmaqda, eləcə də, ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar törətməkdə təqsirli bilinir.

Gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında iki protokol tərtib edilib. Protokollardan biri Bakı Şəhəri Nizami rayon məhkəməsində hakim Rauf Əhmədovun, digərinə Nəriman Mehdiyev icraatına verilib. Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXT) 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə cərimələnib.

Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta barəsində protokol Binəqədi Rayon Məhkəməsi    nə göndərilib.  Apteklər şəbəkəsi İXT-nin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış) maddəsi ilə cərimələnib.

Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi barəsində protokol Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.  “Zeytun Pharmaceuticals” İXM-nin 518.1-ci (mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə cərimələnib.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması barədə 3 protokol tərtib olunub.

Şirkət İXM-nin 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması) maddəsinə əsasən iki dəfə cərimə edilib.

Həmin protokollardan biri Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun, digəri Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev icraatına verilib.

“Zeytun Pharmaceuticals” barəsində daha bir şikayətə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun icraatında baxılacaq.

Şirkət İXM-nin  211.3-ci (İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında) maddəsinə ilə cərimə edilir.   

“Zeytun Pharmaceuticals” MMC-i 4750 manatdan 4900 manatadək cərimə cəzası gözləyir.

“Zeytun” apteklər "Zeytun Pharmaceuticals" MMC-yə məxsusdur. Şirkətin qanuni təmsilçi iş adamı Bəhruz Şirəliyevdir. O, eyni zamanda, "Nurgun Holding"də yüksək vəzifə tutur və vaxtilə "Rəvan" futbol klubunun vitse-prezidenti olub.

Ramid İbrahimov 



Ukrayna Prezidenti Vladimir Zelenski xaricə gedən Ali Rada deputatlarına 24 saat ərzində ölkəyə qayıtmaları üçün çağırış edib.

“Bizimaz.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenski bu barədə Almaniya kansleri Olaf Şoltsla görüşün yekunlarına dair brifinqdə deyib: 

 

“Məncə ki, onlar qayıtmalıdırlar, əks halda biz hamımız dövlət, rəhbərlik olaraq ciddi nəticələr çıxarmalıyıq”.

Eyni zamanda o, hansı partiyadan olan deputatların ölkəni tərk etdiyini açıqlamayıb. Zelenski qeyd edib ki, hakimiyyət, o cümlədən parlament öz nümunəsi ilə xalqa birlik siqnalı verməlidir.

Zelenski etiraf edib ki, o, iş adamlarına heç bir şəkildə təsir edə bilməz, lakin onun fikrincə, onlar da ölkəni tərk etməməli idilər.

"Oliqarxlarla da böyük problem var - burada dövlət biznesə təsir göstərə bilməz və etməyəcək. Düşünürəm ki, onlar artıq öz cəzalarını özləri üçün veriblər, amma hesab edirəm ki, onlar öz müəssisələrinə, onlar və dövlət üçün işləyən on minlərlə insanın yanına qayıtmalıdırlar. Onlar bu yolu seçiblər, adi insanlar, IT mütəxəssisləri deyillər, söhbət ciddi sənaye biznesindən olan adamlardan gedir, hamısı özəlləşdirmənin iştirakçısı olub, dövlət də onlara nəsə verib. Düşünürəm ki, bu, onlara böyük şans verdi”, - deyə, o bildirib.

“Ukrayna həqiqəti” nəşri ukraynalı oliqarxlar və iş adamlarının Ukraynanı çarter reysləri ilə tərk etdiyini, cəmi bir gündə Kiyevdən 20-yə yaxın çarter və şəxsi təyyarənin uçduğunu yazıb.

Həmçinin, bir müddət əvvəl “Xalqın qulluqçusu” partiyasından olan deputatlara ölkədən çıxmamaq tövsiyə olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov