Xəbər lenti




Prezident İlham Əliyevin müraciətində dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməklə Dağlıq Qarabağ problemini həll etdi.

Bununla da bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqları çərçivəsində, İlham Əliyevin şərtləri əsasında yarandı. Həm Ermənistan, həm də dünya erməniliyi bu reallıqla barışmağa məhkumdur. Ermənistanın kapitulyasiya aktı həm də bu reallığın hüquqi təsbitidir. Bu reallığın ən mühüm tərəfi odur ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Başqa bir mühüm reallıq odur ki, Azərbaycan Cənubi Qafqazda erməni faşizminin qarşısını aldı və ona elə bir zərbə vurdu ki, heç vaxt başını qaldıra bilməyəcək.

Prezident İlham Əliyev həmişə qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Nə qədər müasir silahlarımız olsa da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir. Bu müharibədə Azərbaycan əsgərləri rəşadətlə döyüşdü, atalarının, babalarının yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri yaratdı, şəhidlik zirvəsinə ucaldılar. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Bu müharibədə mülki vətəndaşlarımız, qadınlar, yaşlılar, uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin şahidi oldu.

Xalqımız öz qəlbində şəhidlərimizə əbədi heykəl ucaldıb. O cümlədən bu müharibənin qurbanları olan mülki vətəndaşların əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-nin Anım Günü kimi təsis edilməsi bütün xalqımızın ürəyindən xəbər verən qərar oldu.

Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra çıxış yolu qalmayan Ermənistan İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.



Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi. Dünya ictimaiyyəti bir xalqın öz torpaqları uğrunda mübarizəsinin gücünü gördü. Ən əsası odur ki, bu qələbənin nəticəsində bütün dünya Prezident İlham Əliyevi müasir dünyamızın lider etalonu, həm də Müzəffər Ali Baş Komandan kimi tanıdı.

Tarix boyu erməni vətənsiz olub, çünki erməninin öz torpağı olmayıb. Öz torpağı olmayanın doğma yurdu da ola bilməz. Azərbaycan xalqı qalibiyyət rəmzidir, çünki dövlətimiz də var, Vətənimiz də. Azərbaycan bayrağı azadlıq və müstəqillik rəmzidir. Çox şükür ki, millətimizin İlham Heydər oğlu Əliyev kimi yenilməz lideri var. Onun ünvanına nə qədər xoş sözlər desək, yazsaq, azdır. Xalqa bəxş etdiyi bu bayram dolu günlər heç vaxt unudulmayacaq. Bu günlərin mütləq gələcəyinə inanırdıq. Çünki İlham Əıiyev xalqa verdiyi bütün vədləri yerinə yetirib.



Ərazilərini işğaldan azad edən xalqımız Vətən müharibəsində özünün zəngin qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Bu möhtəşəm zəfər göstərdi ki, Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Bütün dünya gördü ki, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi və yenidən qurduğu, Prezident İlham Əliyevin qüdrətləndirdiyi müasir dövlətimiz indi istənilən problemini həll etməyə qadirdir.

Çox hörmətli cənab Prezident, torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsi münasibətilə Sizə Yasamal bələdiyyəsinin üzvləri adından təşəkkür edirik. Sağ olun ki, əbədiyaşar Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Biz çox xoşbəxt insanlarıq ki, Sizin kimi müdrik, səmimi, xalqına dəyər verən, milləti üçün yaşayan Prezidentimiz var. Azərbaycan xalqının dünya xalqları arasında yenilməz bir xalq olduğunu Siz dünyaya sübut etdiniz. Bu xoş anları bizə yaşatdığınız üçün Sizinlə qürur duyuruq.  Biz Qələbəmizlə dünya ölkələri arasında doğma torpağını mənfur düşməndən azad etmiş başı uca xalq kimi təqdim olunuruq. Bizim birliyimizin təntənəsi olan bu böyük Qələbənin əldə olunmasında Siz yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd-mərdanə sinə gərib onların hamısını dəf etdiniz, öz prinsipial mövqeyinizdən bir an belə dönmədiniz. Biz müharibə dövründə xalq-Prezident, ordu-xalq birliyinin bir daha şahidi olduq. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Torpaqlarımız uğrunda şəhid olan hər bir Azərbaycan övladına Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Yaşasın güclü Azərbaycan!

Tahir Məmmədov
Yasamal Bələdiyyəsinin

sədri 



Azərbaycan tarixində Vətən uğrunda Günəş kimi işıq saçan müqəddəslər var. Bu cəngavər siyasət sərkərdələrindən öndə gedəni ulu öndər Heydər Əliyev olub. Ümummilli lider Heydər Əliyev həqiqətən ötən yüzilliyin ən görkəmli siyasi xadimlərindən sayılır. O, XX əsrin ən çətin və dəhşətli hadisələrinin iştirakçısı kimi müharibə dövründə dünyadakı siyasi vəziyyəti düzgün qiymətləndirməyə qadir olub. Heydər Əliyev XX əsr tarixinə Azərbaycan xalqının ulu öndəri, dünya miqyaslı dövlət xadimi kimi daxil olub.

Azərbaycan xalqı yaxşı bilir ki, Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyev məktəbinin ən parlaq, dönməz, yenilməz, mübariz yetirməsidir, dövlətin və millətin həqiqətən ümumxalq lideridir. Cənab İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, ölkənin inkişafında bütün istiqamətlər üzrə müzəffər yüksəliş əldə olunub. Azərbaycan xalqının erməni faşizminə şərəflə qalib gəlməsi Ali Baş Komandan kimi məhz İlham Əliyevin göstərişlərini şücaətlə yerinə yetirən rəşadətli Milli Ordumuzun, Vətən mücahidləri - müqəddəs şəhidlərimizin sonsuz Vətən eşqi, bütövlükdə yumruq kimi birləşən Azərbaycan xalqının səbri, dözümü və ləyaqətinin göstəricisidir.


Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.

Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdur.  30 ilə yaxın idi davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər. Lakin bu müddətdə onların əksəriyyəti əsl həqiqətləri deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu iddia etdilər. Onlar problemin ədalətli həllini, BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etmədilər. Görünən o idi ki, bu prosesin məqsədi əslində ədalətin bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olardı. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.

Lakin xalqımızın işğalla barışacağı qeyri-mümkün idi və danışıqlar prosesinin nəticəsiz qalması, Ermənistanın daha da azğınlaşması Azərbaycana müharibədən başqa yol qoymurdu. Ona görə ötən illərdə Azərbaycan hərbi əməliyyatların yenidən başlanacağını heç vaxt istisna etmirdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın bir qisminin işğal olunmasının obyektiv səbəbləri vardı. Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil.

Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.

Prezident İlham Əliyev xalqa son müraciətində bu barədə deyib: "Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın”.



Azərbaycan danışıqların davam etdiyi illər ərzində enerji layihələrini reallaşdırdı, inkişaf etdi və yeganə problemi olan ərazilərinin işğalının müharibə yolu ilə azad olunmasını istisna etməyərək ordu quruculuğunu həyata keçirdi. Bu mənada Azərbaycan düşmənə zərbəni öz məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin. Belə də oldu və müharibənin ilk günündən işğalçı elə bir zərbəyə tuş gəldi ki, illər boyu möhkəmləndirdiyi istehkamları dərhal tərk edərək qaçmalı oldu.

İndi Ermənistan özünün heç vaxt xilas ola bilmədiyi işğal siyasətinin, erməni millətçilərinin xəstə təfəkkürünün acı nəticəsini yaşayır. Düşməni bu hala salan isə güclü Azərbaycan dövləti və müzəffər Ordumuzdur.

Ramil Tağıyev,
Təhsil RİM Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru



Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev  Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i (Şuşa şəhərinin işğaldan azad edilməsi günü) Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsini qərara aldı.

Bildiyimiz kimi, Prezident İlham Əliyev daha əvvəl “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncam imzalamışdı. Zəfər gününün Ermənistanın kapitulyüasını rəsmiləşdirən Üçtərəfli Birgə Bəyanatın imzalandığı 10 noyabr təqvim günündə qeyd edilməsini təsbit edən  həmin sərəncamın ləğv edilməsi isə Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə verdiyi yüksək dəyərin bariz ifadəsi oldu. Məsələ burasındadır ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Bununla da dövlətimizin başçısı qardaş ölkənin mədəni, mənəvi dəyərlərinə də sayğı nümayiş etdirmiş oldu.

Bu müharibə Azərbaycan xalqının öz vətəni uğrunda müqəddəs savaşı idi. 30 il əvvəl başlasa da, bu savaş bitməmişdi, başa çatmamışdı. Amma ədalət bərpa edilməli, torpaqlarımız azad olunmalı, qisas alınmalıydı. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan dövlətimiz bunu bacardı, savaşı bitirdi, həm də Qələbə ilə. Bu qələbənin müəllifi İlham Əliyevin Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusudur. Xalqımıza bu zəfəri yaşadanlar bizim əsgərlərimiz və zabitlərimizdir.

Xalqımızın əzmi və iradəsi, güclü ordunun yaradılması və milli həmrəylik Vətən müharibəsindəki qələbəni təmin edən mühüm amillər oldu. Azəraycan şanlı qəhrəmanlıq salnaməsi yazaraq, qalib xalq olduğumuzu bütün dünyaya sübut edib tarixi zəfəri qazandı. Prezident İlham Əliyevin sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabr ayının 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bu sərəncam bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. Bununla da Azərbaycanda qeyd olunan əlamətdar tarixlərin sırasına bir dövlət bayramı da əlavə olundu. Bu bayramı xalqımız səbirsizliklə gözləyirdi. Ona görə 8 Noyabr Zəfər Günü xalqımızın ən müqəddəs və gözəl bayramlarından biri kimi hər zaman qürurla, iftixarla qeyd ediləcək.

Akif Məlikov
Əməkdar İncəsənət Xadimi ,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru








Qarabağ müharibəsində qalib gəldik, amma dünya erməniliyi, erməni diasporu ilə müharibə davam edir

Noyabrın 10-da ölkəmizin tarixində yeni səhifə açılıb. Azərbaycan son 200 ildə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyümüzü bərpa edərək çıxdı. Azərbaycan bütün dünyaya sübut etdi ki, beynəlxalq hüququn prinsiplərinə əməl etməklə müharibə aparır. Ermənistana əvvəllər təklif edilən və qəbul edilməyən ən yüksək status anlayışı tarixə qovuşdu.

Keçən əsrin əvvəllərində dövlət müstəqilliyimizi ilk tanıyan dövlət olan qardaş Türkiyə bizə bu haqlı savaşımızda dəstək oldu. Bir millət, iki dövlət" artıq sadəcə şüar deyil. 1918-ci ildən sonra Azərbaycan xalqı ikinci tarixi qələbəyə imza atır. Birinci qələbədə biz türk qardaşlarımızın köməyi, Allah ruhunu şad eləsin, Nuru paşanın dəstəyi ilə Bakını işğaldan qoruduq. Yenə türk qardaşlarmızın mənəvi və siyasi dəstəyi ilə Qarabağı azad elədik.

Gələcəyə nikbin nəzərlərlə baxan Azərbaycan vətəndaşları hər zaman torpaqlarımızın işğaldan azad olunacağı günə inanıblar. Buna Azərbaycanın iqtisadi baxımından olan gücünə görə əminlikləri olub. Eyni zamanda, ordumuzun son dövrlərdə daha müasir texniki təchizatla təmin olunması prosesinin şahidi olmuşuq. Bundan əlavə, hər zaman Ali Baş Komandanın, cənab İlham Əliyevin verdiyi vədləri bir qayda olaraq yerinə yetirdiyini görmüşük.

Bildiyiniz kimi, adicə iki ay öncəyə qədər bəzi insanlarda narahatçılıq, inamsızlıq var idi ki, müharibə etməyəcəyik. Amma bir anın içərisində proses dəyişdi. Bu an qısa görünə bilər. Amma unutmayaq ki, bu an on illər çəkdi ki, biz bu prosesə hazırlaşdıq. Əmin olandan sonra ki, biz bu müharibədə qələbə çala bilərik, ondan sonra bu addımı atdıq. Dövlət başçımız nəyi nə vaxt, hansı gündə edəcəyini yaxşı bildiyini də elan etdi. O günə inanırdıq və şükürlər olsun ki, o gün gəldi və bu məsələdə biz haqlı çıxdıq.

30 il ərzində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən güclənməsi, beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbul edilməsi bu gün qələbəmizi şərtləndirib.

Azərbaycan 44 gün Vətən Müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünyada Azərbaycan ordusu barədə yüksək fikirlər söyləyirlər. Ordumuzun Qarabağda Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı əks-hücum bizə Azərbaycanı yenidən tanıtdı. Biz igid əsgər və zabitlərimizi, şanlı ordumuzu tanıdıq və qələbəyə görə onlara borcluyuq.

Ermənistan isə elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda xaos, hərc-mərclik hökm sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimizi talayıb. Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi, hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik.

Noyabrın 8-də Şuşanın azad edilməsi tarixi günə çevrilib. Artıq Şuşada üçrəngli bayrağımız dalğalanır. Tezliklə üçrəngli bayrağımız Kəlbəcərdə, Ağdamda, Laçında dalğalanacaq. O rayonlar qan tökülmədən, şəhidlər verilmədən Azərbaycana qaytarılacaq.

İmzalanan birgə bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyət, status məsələsinin olmaması qeyd edilməlidir.

Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında yolun açılması da tarixi hadisədir.Sənədin 9-cu maddəsində deyilir ki, Mehri dəhlizi Azərbaycan-Naxçıvan dəhlizi adlanacaq və dəhlizlə hərəkətinin təhlükəsizliyinə Rusiya sərhədçiləri təminat verəcək. Bəyanatın maddələrinə əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Naxçıvanla bağlı bənd məhz Prezident İlham Əliyevin təkidindən sonra bəyanata salınıb. Naxçıvanla Azərbaycan arasında quru yolun təşkili bölgənin uzunmüddətli blokadasını da sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə arasında da alternativ quru yolu olacaq.

İran üzərindən Naxçıvanın qaz təminatı kifayət qədər baha başa gəlir. Ancaq əgər indi 7 rayon və Qarabağın azad olunmuş ərazilərinin qaz təminatı üçün magistral kəmər çəkiləcəyini nəzərə alsaq, o  zaman bu kommunikasiya xətlərinin Zəngilan üzərindən Naxçıvana çəkilməsi də problem olmayacaq.

Bəli, biz Qarabağ müharibəsində qalib gəldik. Amma dünya erməniliyi, erməni diasporu ilə müharibə davam edir. Bu müharibədə, bu mübarizədə möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında daim birləşməliyik.


Sənaye və Texnologiyalar uzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru
Şahin Məhərrəmov

 




Sentyabrın 27-də Qarabağda müharibə başlayanda Türkiyədə işləyən bir çox azərbaycanlı doktorlar yaralıları müalicə etmək üçün könüllü olaraq Azərbaycana gəldi. Virtualaz.org xəbər verir ki, onlardan biri də Akdeniz Universitetinin Tibb Fakülətisi Xəstəxanasında çalışan Amil Hüseynov olub.

Hüseynov 40 gün boyunca Bərdədəki hərbi hospitalda çalışıb, o və qrupu həmin müddətdə 300-ə yaxın yaralı əsgəri və mülki sakini müalicə edib. Ermənistan ordusunun Bərdəni “Smerç” raketləri ilə atəşə tutub onlarla dinc sakini qətlə yetirməsi zamanı doktor Hüseynov da yüngül yaralanıb, amma Bərdəni tərk etməyib və yaralıların müalicəsini davam etdirib.

Hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın əldə edilməsindən sonra A.Hüseynov Bərdədəki işini tamamlayıb və yenidən Antalyaya dönmək üçün hazırlaşır. O, “Anadolu” agentliyinə açıqlamasında deyib ki, müharibənin başladığını eşidən kimi Bakıya uçan ilk təyyarəyə  bilet alıb, daha sonra icazə məsələlərini həll etməyə başlayıb. İstanbul üzərindən Bakıya uçan Hüseynov deyir ki, uşaqlarından birinin sənədində problem vardı. Amma Bakı aerportunda Azərbaycana hansı məqsədlə gəldiyini eşidəndə orada xidmət aparan əməkdaşlar məsələni həll ediblər və Hüseynovu ölkəyə buraxıblar.

Deyir ki, Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasının rəhbərliyi də icazə məsələsində ona kömək edib. “Çalışdığım dönəmdə Türk millətinin dəstəyini hiss etdik. Burada bütün xalq birlik və bərabərlik içərisindəydi. Türkiyə jurnalistlərinin də burada heç bir detalı qaçırmadan çatdırması qürur vericiydi. Türkiyə və Azərbaycan bayraqlarını yan-yana görmək də bizdə qürur yaradırdı”,-o bildirib.

Doktor Hüseynov deyir ki, müharibənin ilk günlərində Bərdə hospitalında çoxlu sayda hərbçini və mülki şəxsi müalicə ediblər. “Yaralı əsgərlər tez sağalıb yenidən cəbhəyə getməyə can atırdı. Onları hospitalda güclə saxlayırdıq. Ermənilərin atdıqları raketlərdən biri xəstəxananın yaxınlığına düşdü, binanın arxasındakı maşınlar yanıb kül oldu. Mən də yüngül yaralandım. Partlayış dalğasının təsirinə məruz qaldım. Qıçım üç gün sarğıda qaldı. Bir neçə kəsik yaranmışdı”,-o bildirir.

Amil Hüseynov bildirir ki, o və komandası 300-ə yaxın hərbçini və mülki şəxsi müalicə edib. “Buradakı missiyam hələlik bitdi, Türkiyəyə dönəcəyəm. Ehtiyac olsa yenə qayıtmağa hazıram”,-o vurğulayıb.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana hərbi qüvvələrin göndərilməsi haqqında qanun imzalayıb.

Bu barədə qərarı "Rəsmi Qəzet" dərc edib.

Qərarın giriş hissəsində qeyd olunub ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010 tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir.

Qərarda vurğulanıb ki, dost və qardaş ölkə Azərbaycanın işğal altındakı ərazilərini azadetmə mücadiləsi illərdir davam edir: "Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb".

Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.



Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır.

Beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparıb. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul idi. Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir.

Bu günkü Ermənistan ərazisində, habelə işğal edilmiş ərazilərimizdə Azərbaycanın tarixi və dini abidələri dağıdılmışdır. Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edib.

Davamlı olaraq atəşkəs rejimini pozan Ermənistan 2020-ci il iyulun 12-də dövlət sərhədi istiqamətində növbəti təxribata əl atdı. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak oldu, mülki infrastruktura isə ciddi zərər dəydi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi.




Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.

2020-ci il avqustun 23-də erməni diversiya dəstəsinin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalandı. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bu faktları, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğunun regional sülhə və təhlükəsizliyə böyük təhdid olduğunu, Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmaq cəhdlərini, işğal edilmiş ərazilərin ilhaqına nail məqsədini, Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” bəyanatının danışıqlar prosesinə ciddi zərbə olduğunu, Ermənistanın dövlət siyasətində nasizmi şöhrətləndirdiyini, bu yaxınlarda qəbul etdiyi təcavüzkar və hücum xarakterli hərbi doktrinada və milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob” fikirlərin əks olunduğunu BMT Baş Assambleyasının 75-ci sessiyasının seüntyabrın 24-də keçirilən ümumi debatlarında çıxışı zamanı xronoloji ardıcıllıqla sadalamış, təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü tutarlı arequmentlərlə sübuta yetirmişdi.

Dövlətimizin başçısı həmin çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu, Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağını diqqətə çatdırmışdı: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”

Cənab Prezident nida işarəsi ilə sonuclanan bu bəyanatı boş yerə səsləndirmədiyini, Azərbaycanın mövqeyinin dəyişməz olduğunu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi ortaya qoydu. Senytabrın 27-si səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı törətdiyi növbəti hərbi təxribat nəticəsində  həm mülki əhali, həm də hərbçilərimiz arasında itkimiz oldu.

Azərbaycanın cavabı özünü çox gözlətmədi. Dərhal Təhlükəsizlik Şurasının iclası çağırıldı, Ali Baş Komandanın Müdafiə nazirinə, digər aidiyyəti qurumların rəhbərlərinə verdiyi müvafiq göstərişlər əsasında Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başladı. Elə ilk  uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vuruldu, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Ali Baş Komandanımızın bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsi hamımızın qəlbini riqqətə gətirdi. Hadisələrin sonrakı gedişi göstərir ki, rəşadətli Azərbaycan Ordusu bu minvalla sonadək döyüşüb 30 ilə yaxındır ki davam edən ermən işğalına son qoyacaq, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəkdir.



Möhtərəm Prezidentimizin dediyi kimi, “Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır”.

Bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlədir. Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik Xidmətinin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

Bu gün hər bir çağırışçının dilində əsas şüar bunlardır: “Biz birlikdə güclüyük!”, “Biz zəfər çalacağıq!” Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamını təntənə ilə qarşılayır. Çoxmillətli ölkəmizdə hər kəs Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə özünə mənəvi borc bilir.




Manaf Manafov,

Pirallahı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi




 


Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin rejimi göstərdi ki, məhdudiyyətlərə əməl etməyib qaydaları pozan vətəndaşlar heç də təkcə bir tikə çörək tapmaq ümidilə “Evdə qal” kampaniyasına “protiv” getmək məcburiyyətində qalan kasıb-kusublar deyil. Akademik Ramiz Mehdiyevin nəvəsinin “xeyir işini” qoyuruq bir kənara. Hələ o müdhiş toy məclisindən əvvəl də cəmiyyət məmur övladlarının hökumətin qərarlarına məhəl qoymadıqlarının dəfələrlə şahidi olmuşdu.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov