Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva “Müasir Azərbaycan Qadını-4 ” layihəsi çərçivəsində Bərdədə tədbir keçirib.

 

Bizimaz.az xəbər verir ki, tədbirdə geniş məruzə ilə çıxış edən deputat qadınlara çağırış edib. O bildirib ki, ziyalı qadınlar bölgələrdə dövlətçilik ruhunun güclənməsi istiqamətində fəal çalışmalıdırlar:

“Torpaqlarımızın işğaldan azad edilməsi üçün hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşməlidir”.

Q.Paşayeva tədbirdə bütün fəal qadınları, işgüzar xanımları, qadın təşkilatlarını həftədə bir dəfə şəhid, müharibə əlili və ya veteranına, məcburi köçkün ailəsinə, ailə başçısını itirmiş və uşaqları ilə çətin vəziyyətdə qalmış analara baş çəkməyə, onların qayğı və problemləri ilə maraqlanmağa çağırıb.

Deputat Azərbaycanda qadınların ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb. Millət vəkili Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumat verib:

“Qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizənin aparılması Azərbaycanın prioritetləri sırasındadır. Qadınlara qarşı zorakılıq ən böyük insan haqları pozuntularındandır. Gender bərabərliyinə diqqəti daha da artırmalı, maarifləndirmə işlərinə ailə və məktəblərdən başlamalıyıq”.

Deputat dövlət qurumlarını, QHT və medianı bu sahəyə daha həssas yanaşmağa və maarifləndirmə işlərinə dəstək verməyə səsləyib.

Q.Paşayeva qeyd edib ki, zorakılığa məruz qalan qadınların əksəriyyəti təhsilsiz, öz hüquqlarını bilməyən qadınlardır:

“Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan isə getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayının artmasıdır. Bu gün insan alveri qurbanlarının əksəriyyətini məhz qadınlar təşkil edir”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov