Xəbər lenti



Bu gün Bakıda Vəkillər Kollegiyasının sədri Anar Bağırovun iştirakı ilə “Universal” Vəkil Bürosunun ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, deputat Aqil Abbas, vəkillər və hüquqşünaslar iştirak ediblər.

 

Açılışda iştirak edən qonaqlar ofis ilə tanış olublar.

Bildirilib ki, binada vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb.

A.Bağırov bildirib ki, Azərbaycanda vəkilliyin inkişafı vəkillərin sayının artırılmasında özünü büruzə verir:

“Bu gün vəkil olmaq hüquqşünaslar üçün bir imic məsələsidir. Düşünürəm ki, vəkil adını daşımaq hər bir Azərbaycan hüquqşünasının arzusudur. Biz çalışırıq ki, vəkilliyə qəbul imtahanı beynəlxalq standartlara cavab versin. Ölkəmizdə vəkil bürolarının sayı artıq 110-u keçib. Bütün bürolarda beynəlxalq standartlara cavab verən və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şərait yaradılıb”.

“Biz bundan sonra da həm Bakıda, həm də regionlarda yeni vəkil bürolarının açılmasına hər cür dəstək verəcəyik. Kollegiya az qurumlardandır ki, özü-özünü maliyyələşdirir. Maliyyə müstəqilliyi olmayan qurum heç vaxt müstəqil ola bilməz. Bu gün vəkilliyə gələn hüquqşünasların 80 faizi 40 yaşına qədərdir”, - deyə A.Bağırov qeyd edib.

Tədbirdə iştirak edən qonaqlar yeni açılan büronun fəaliyyətinin uğurlu olacağına əminliklərini vurğulayıblar.

Eyni zamanda, görüş zamanı deputatların və büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, onların peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinlənilib, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilib.

“Photostock.az” açılış mərasimindən fotoları lentə alıb:

 



Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, istintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20 000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.  

“Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. 

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

11:01

Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıblar.

Bu barədə haqqin.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

B.Hacıyev qeyd edir ki, Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsalar da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.

Xatırladaq ki, Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov barəsində isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsi ilə cinayət işi başlanıb. Onlar “Baku Steel Company” poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham olunurlar.



Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 23 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son bir həftə ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 23 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Ardını oxu...

Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”

AİA.az (Azərbaycan İnformasiya Agentliyi) saytı olaraq bu gündən oxucularımıza yeni bir rubrika təqdim edirik – “Regional inkişaf sahibkar baxışı ilə”. Bu rubrikada respublikamızın rayon və bölgələrində yerli icra strukturları tərəfindən görülən işlər həmin ərazilərdə fəaliyyət göstərən iş adamlarının nəzər nöqtəsindən təhlil olunacaq, regionların inkişafına dair dövlət proqramlarının icrasının effektivliyi yerli sahibkarlar tərəfindən qiymətləndiriləcək. Rubrikamızın ilk qonağı isə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədri Rüstəm Nağıyevdir.

- Rüstəm müəllim, xoş gördük Sizi. Çox sağ olun ki, işlərinizin bu qızğın çağında bizə vaxt ayıra bildiniz.

- Siz də rayonumuza xoş gəlmisiniz. Həqiqətən də bu gün ölkəmizin bütün digər bölgələrində olduğu kimi, bizim Goranboy rayonunda da hər zaman olduğundan daha böyük bir canlanma var. Bütün sahələrdə, istər abdlıq-quruculuq işləri olsun, istər istehsalat, kənd təsərrüfatı və ya xidmət sahəsi – hər yerdə insanlarımız əzmlə çalışırlar, hər kəs həm özünün rifah yüksəlişi, həm də dövlətimizin daha da zənginləşməsi, daha da güclənməsi naminə böyük səylər göstərir. Bununla belə hesab edirəm ki, vaxtaşırı görülən işlər barədə mətbuata hesabat xarakterli məlumatların təqdim olunması da çox vacib və xeyirli bir işdir. Vacibdir ona görə ki, görülən işlər barədə aydın təsəvvürə sahib olmaq hər bir vətəndaşın haqqıdır və xeyirlidir ona görə ki, bu məlumatların ictimailəşdirilməsi ilə görülən işlərin şəffaflığı, obyektiv qiymətləndirilməsi bir qədər də daha artıq təmin olunur.

- Tamamilə Sizinlə razıyam və elə bilirəm ki, artıq vaxt itirmədən birbaşa müsahibəmizə keçid ala bilərik. Rüstəm müəllim, az öncə dediniz ki, bu gün Goranboy rayonunda bütün sahələrdə xüsusi bir canlanma müşahidə olunur. Bəlkə bu fikrinizi bir qədər açıqlayasız...

- Əlbəttə ki, həm də böyük məmnuniyyətlə. Əslində bu canlanma nə bugünün, nə dünənin, nə də bu ilin təzahürü deyil. Bu canlanma, bu ruh yüksəkliyi artıq iki ildir ki, təkcə bizim rayonda deyil, bütün ölkədə yaşanır. Səbəb də təbii ki, bizim tarixi Qələbəmizdir. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın rəşadətli Silahlı Qüvvələri Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Zəfərlə sona çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq 30 il işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Razılaşın ki, bu tarixi hadisə bir ömür yüksək əhval-ruhiyə ilə yaşamaq üçün tükənməz stimuldur. Bu gün respublikamızın bütün rayon və bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımıza həyat yenidən qayıdır. Budur yaşanan ümumxalq sevincinin səbəbi və mən əminəm ki, bundan sonra bizim xalqımızı gələcəkdə yalnız xoşbəxt, sevincli və firavan günlər, illər gözləyir.

- Əslində ilk sualımı bir qədər fərqli istiqamətdən nəzərdə tutmuşdum, amma indi ki, söhbət quruculuqdan düşdü, gəlin elə bu mövzunu davam etdirək. Goranboyda insanların həyat şəraitnin yaxşılaşdırılması istiqamətində bu gün hansı addımlar atılır?

- Tam səmimiyyətlə və tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Goranboy rayonunda həm iqtisadi göstəricilər durmadan yüksəlir, həm yenidənqurma işlərinin vüsəti və əhatə dairəsi getdikcə artır, həm də əhalinin sosial rifah səviyyəsi sürətlə qalxır. Xüsusilə son üç ildə rayon iqtisadiyyatının bütün sahələrində dinamik inkişaf müşahidə olunmaqdadır. O cümlədən rayon ərazisinin abadlaşdırılması, yol infrastrukturunun yenilənməsi, ətraf mühitin yaxşılaşdırılması ilə bağlı məsələlər rayon rəhbərliyi tərəfindən xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Mən statistik məlumatlarla, quru rəqəmlərlə nə Sizi, nə də oxucularınızı yormaq istəmirəm. Amma inanın ki, sadəcə bu ilin ilk 6 ayının nəticələri ilə tanış olsaz, artıq heyrətə gələrsiz. Mən yalnız müxtəlif sahələri əhatə edən bir neçə faktı diqqətinizə çatdırım. Məsələn, təhsil sahəsini götürək. 13 yanvar 2022-ci il tarixdə Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbinin tikintisi yekunlaşaraq şagirdlərin istifadəsinə verilib. Hazırda Dəliməmmədli şəhər tam orta məktəbində aparılan tikinti işləri, eyni zamanda rayonun Qaraçinar və Tap Qaraqoyunlu kənd tam orta məktəblərində aparılan əsaslı təmir işləri yeni dərs ilində başa çatdırılaraq şagirdlərin istifadəsinə veriləcək. Rayonun qəzalı vəziyyətdə olan Səfikürd, Qızılhacılı 1 saylı, Boluslu, Qırıxlı, Goranboy şəhər 2 saylı məktəblərində təmir tikinti işlərinin aparılması planlaşdırılır. Sonra, götürək içməli su təchizatını. Yəqin ki, Siz də bilirsiz, bu sahə rayonumuzda hər zaman problemli olub. Amma indi bu problemlər davamlı şəkildə öz həllini tapır. Rayonun əhalisini içməli su ilə təmin edən Sukanal Sahəsi bu gün 7488 abonentə xidmət göstərir. Bu gün Goranboy rayonunda və Murovdağ-Goranboy su kəmərinin ətrafında olan yaxın kəndlərdə yaşayan abonentlərə içməli su 24 saat fasiləsiz verilir. Son aylarda yağan leysan yağışların təsiri nəticəsində Qara-Goran çayında suqəbuledici və təmizləyici anbar tamamilə istismara yarasız vəziyyətə düşmüşdü. Rayon İcra Hakimiyyəti və Su Kanal Sahəsinin birgə fəaliyyəti nəticəsində nasazlıq aradan qaldırılmış, hazırda əhaliyə içməli su verilməsində heç bir problem yoxdur. Həmçinin rayonun bütün kəndlərində bu məsələlər ardıcıl şəkildə həll olunur. Bu yaxınlarda 186 təsərrüfatdan ibarət olan Qazanbulaq qəsəbəsində 196 abonenti fərdi qaydada dayanıqlı içməli su təchizatı ilə təmin edəcək 7 kilometr uzunluğunda olan mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulmuş, əsas və daxili su boruları yenilənmişdir. Yaxın vaxtlarda fərdi qaydada sayğacların quraşdırılması prosesinə başlanılması nəzərdə tutulmuşdur. Yəni, bir də deyirəm, bütün görülən işlər barədə təfsilatı ilə danışmaq üçün saatlar lazımdır. Amma əsas olanı bu deyil, əsas odur ki, insanlarımız Rayon İcra Hakimiyyətinin timsalında dövlətin diqqətini və qayğısını açıq-aşkar hiss edirlər.

- Bəs sahibkarlar necə, onlar da bu qayğını özlərinə münasibətdə duya bilirlərmi?

- Hə, deyəsən yavaş-yavaş keçid edirik bilavasitə mənim də təmsil etdiyim sahəyə (gülür). Bilirsiniz ki, mən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Goranboy rayon nümayəndəliyinin sədriyəm. Bu isə o deməkdir ki, yerli sahibkarların, iş adamlarının qayğı və problemlərindən xəbərdar olmaq, rayonumuzda əlverişli biznes mühitinin mövcud durumu barədə məlumatlı olmaq mənim birbaşa vəzifə borcumdur. Bu baxımdan ilk növbədə deməliyəm ki, Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb. İnanın ki, istər yeni sahibkarlıq subyektlərinin açılması, istər artıq işləyən müəssisələrin problemsiz fəaliyyət göstərə bilməsi üçün bütün dövlət qurumları və ilk növbədə Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Bir neçə faktı diqqətinizə çatdırım. Bu ilin ilk altı ayı ərzində rayonda “Medlife Hospital”ın tikintisinə 5 milyon manat investisiya qoyulub, ilin sonuna kimi Hospitalın fəaliyyətə başlaması və 232 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulub. Muzdurlar kəndində fəaliyyət göstərən “Umud Aqro” və “AK Petrol” müəssisələrinin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə əlavə 1 milyon manat investisiya qoyulub və daimi iş yerlərinin sayı 50 nəfərə çatdırılıb. Ümumilkdə, 6 ay ərzində 61 daimi iş yeri açılıb ki, onların da əksəriyyəti təbii ki, özəl sektorun payına düşür. Mövsümi iş yerlərinin sayı isə 3000-dən çox olub. Bundan başqa, mənim şəxsən şahidi olduğum daha bir neçə epizod. Bir müddət əvvəl rayonun Borsunlu kəndində bir ticarət obyekti, Qızılhacılı kəndində daha bir sahibkarlıq obyekti və Tapqaraqoyunlu kəndində bir fermer təsərrüfatının yaradılması üçün İcra Hakimiyyətinə müraciətlər olunmuşdu. Hər üç müraciətə dərhal, operativ şəkildə baxıldı və heç bir süründürməçiliyə yol verilmədən müvafiq müsbət qərarlar verildi. Yəni bu gün Goranboyda sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait və ən əsası, dövlətin dəstəyi var və bu, danılmaz faktdır. Əgər belə olmasaydı biz nə belə investisiya qoyuluşlarını, nə də yeni iş yerlərinin açılışını görə bilməzdik.

- Rüstəm müəllim, əlbəttə ki, bu günün ən vacib mövzularından biri də şəhid ailələri, müharibə veteranları və qazilərə göstərilən dövlət qayğısı ilə bağlıdır. Goranboy Rayon İcra Hakimiyyətinin şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər barədə nə deyə bilərsiniz?

- Birmənalı olaraq deyə bilərəm ki, bu gün Goranboyda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Təbii ki, ilk növbədə şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin Goranboyda da layiqincə reallaşdırılması üçün rayon rəhbərliyi tərəfindən bütün lazım olan addımlar atılır. Rayonumuzda Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə böyük diqqət və qayğı göstərilməkdədir. Ölkə Prezidentinin şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonda davamlı olaraq operatv işlər görülür, bu məsələlər hər zaman rayon rəhbərliyinin xüsusi diqqət mərkəzində saxlanılır. Həm də bu istiqamətdə görülən tədbirlər Goranboyda artıq müxtəlif ənənələrin yaranmasına səbəb olmuşdur. Belə ənənələrdən biri də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin doğum günlərində onların məzarlarını və ailələrini ziyarət etmək olub. Həmçinin demək lazımdır ki, bu gün şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Goranboy rayonunda və rayonun kənd və qəsəbələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılır. O cümlədən bir müddət əvvəl Goranboy şəhərində açılışı olmuş Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrinin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir. Bu gün isə həmin Kompleks artıq bütün goranboyluların müqəddəs ziyarətgahına çevrilib. Ümumiyyətlə Goranboy RİH-nin rəhbərliyi və məsul işçiləri tərəfindən mütəmadi olaraq birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarının ailələri, qazilər öz evlərində ziyarət edilir, onların sosial qayğıları öyrənilir, problem və ehtiyaclarının ödənilməsi istiqamətində operativ tədbirlər görülür. Bu məsələlər Goranboy rayon İcra Hakimiyyətində keçirilən Aparat müşavirələrində də hər zaman ətraflı müzakirə olunur. Bu müşavirələrdə vətəndaş müraciətlərinə baxılması, xüsusən də şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, yerlərdə səyyar qəbulların təşkili ilə bağlı konkret qərarlar qəbul edilir.

- Rüstəm müəllim, sonuncu sualım bir qədər şəxsi xarakterli kimi görünə bilər. Səhv etmirəmsə, Siz ixtisasca həm də bizim həmkarımızsınız. Bu baxımdan, Goranboyun ictimai-siyasi həyatının ölkə mətbuatında hansı dərəcədə işıqlandırılmasından, rayonda gedən proseslər barədə KİV-lərdə yaımlanan məlumatların obyektivliyindən razısınızmı?

- Bəli, düz qeyd etdiniz, mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişəm. İxtisasım üzrə işləməsəm də bu peşəyə hər zaman böyük hörmətlə münasibət saxlamışam. Rayonumuz barədə ölkə mətbuatında dərc olunan materiallara gəlincə isə, ümumi götürəndə bəli, həmkarlarımızın həm peşəkarlıq, həm də obyektivlik baxımından işlərindən razıyam. Amma əlbəttə ki, arada müəyyən istisnalar da olur. Nə gizlədim, bəzən bu və ya digər saytın səhifələrində rayonumuz barədə həqiqətə qətiyyən uyğun olmayan iddiaların, bəzən isə açıq iftiraların dərc olunmasını görəndə çox pərişan oluram. Həm də mənə ən çox təsir edən bilirsiz nə olur? Bir çox hallarda həmin yazıları öz saytında dərc edən müxbir və ya redaktor heç özü də bilmir ki, bu böhtan kampaniyalarını sifariş edən əslində kimdir. Amma biz bilirik axı. Çünki biz bu rayonda yaşayırıq, biz burda gedən proseslərin bilavasitə iştirakçılarıyıq. Bəzən olur ki, kimsə bir vaxtlar Rayon İcra Hakimiyyətində hansısa vəzifədə çalışıb, sonradan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün ya işdən çıxarılıb, ya da özü ərizəsini yazıb gedib. Sonra da başlayıb öz səriştəsizliynin, məsuliyyətsizliyinin günahını başqalarında axtarmağa. Bu axtarışların da nəticəsi bəzən mətbuatda dərc olunan böhtan xarakterli yazılarda öz təzahürünü tapır. Bəzən isə daha ağlagəlməz hallar baş verir. Bir də görürsən ki, müxtəlif qanun pozuntuları səbəbilə bir neçə dəfə məhkum edilmiş, rayonun inkişafına indiyədək zərrə qədər olsun bir töhfəsi olmamış, yaşadığı rayonun, kəndin ictimai həyatından, problemlərindən xəbəri belə olmayan birisi başlayır kimisə tənqid etməyə, kimnənsə şikayət etməyə. Əlbəttə ki, belə hallar şox təəssüf doğurur və mən fürsətdən istifadə edib bir daha bütün həmkarlarımızdan (ümid edirəm ki, özümü də sizin topluma aid etdiyimə görə məni qınamazsız) artıq dərəcədə xahiş edərdim ki, belə məqamlarda ayıq-sayıq və bir qədər həssas olsunlar. Ümumilikdə isə, yenə deyirəm, rayonumuzda gedən proseslərin ölkə mətbuatında işıqlandırılmasından çox razıyam. Bunu da deyim ki, mənim şəxsən ölkənin tanınmış jurnalistləri arasında dostlarım çoxdur və ümid edirəm ki, Sizi də onların sırasına aid edə bilərəm.

- Əlbəttə, buna heç bir şübhəniz olmasın. Mən də ilk növbədə səmimiyyətinizə görə və əlbəttə ki, dolğun, əhatəli müsahibənizə görə Sizə minnətdaram, çox sağ olun.

- Siz də sağ olun.


Müsahibəni apardı: Azər MƏMMƏDOV

Fotoşəkilləri təqdim edirik:

 

 
 
 
 

 

Azərbaycanın müstəqillik yolunun əsasını qoyan tarixi hadisə

“Azərbaycanda, о cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlləri ictimai-siyasi hadisələrin mürəkkəb, dramatik dövrü kimi xarakterizə olunur. Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasətinin, ermənilərin Naxçıvana ərazi iddialarının və sərhədlərdə hərbi toqquşmalar yaratmasının Muxtar Respublikanın həyatına ciddi təsir göstərdiyi həmin dövrdə Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtması xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatmasına səbəb oldu”

– Bu sözləri Milli Məclisin deputatı Kəmaləddin Qafarov KİV-ə açıqlamasında deyib.

K. Qafarov xatırladıb ki, Azərbaycana, eləcə də Naxçıvana o vaxtkı mürəkkəb vəziyyətdə zəngin siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik müdrik rəhbər lazım idi: “Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu. O, 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana qayıtdı. 1990-cı il avqustun 21-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət Heyəti Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etdi. 1990-cı il 30 sentyabr parlament seçkilərində o, Nehrəm seçki dairəsindən Azərbaycan SSR-in xalq deputatı , Naxçıvan Trikotaj Fabrikinin kollektivi tərəfindən isə Naxçıvan MSSR-in xalq deputatı seçildi. 1990-cı ilin noyabr ayının 17-də 12-ci çağırış Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi. Həmin sessiyada çox mühüm qərarlar qəbul olundu. Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olundu.Naxçıvan Muxtar Respublikasının Аli Məclisi Azərbaycan SSR Ali Sovetinin qarşısında həmin bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir”.

Millət vəkili daha sonra demişdir: “Görkəmli dövlət xadimi Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. 1992-ci il martın 22-də Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalamışdır. 1992-ci il mayın 29-da Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı olmuşdur. 1992-ci il avqustun 22-də H.Əliyev İran İslam Respublikasına səfər etmiş, ali dini lider Ayətulla Xameneyi, İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşmüşdür. Bu səfərin nəticəsi olara Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokolları imzalamışdır.

Beləliklə, 1991-1993 - cu illər arasında ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı və bu proseslər onun Azərbaycanı yaranmış çox çətin vəziyyətdən çıxaracağına sonsuz inam yaratdı. Hadisələrin sonrakı inkişafı və davamlı dinamik tərəqqi və sosial rifah dövrünü yaşayan mövcud Azərbaycan reallıqları göstərdi ki, xalqımız H. Əliyevi Azərbaycanı xilas etmək üçün Bakıya çağırmaqla çox düzgün tarixi seçim etmiş, ölkəmizi əsl fəlakətdən qurtarmışdır. ”

AİA.Az
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov