Xəbər lenti



“Ermənistanın terrorçu bir dövlət olduğu artıq bütün dünyaya məlumdur”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

 

Onun sözlərinə görə, bu dövlət iki yüz ilə yaxındır terrorla məşğuldur və ermənilər 150 ildən çoxdur ki, təşkilatlanmış şəkildə dünyanın müxtəlif yerlərində terror aktları törədirlər:

“Bəlkə də Ermənistan dünyada yeganə dövlətdir ki, burada parlamentdə təmsil olunan partiyalardan bir neçəsinin, o cümlədən Daşnaksütyun partiyasının nizamnaməsində terror mübarizə forması kimi qeyd olunub.

Biz isə erməni terroruna ən çox məruz qalan ölkə və xalqıq. Qarabağ münaqişəsi başladığı gündən bu günə qədər ermənilər Azərbaycana qarşı yüzdən çox terror törədiblər. Binaları, yaşayış evlərini, avtobusları, qatarları, helikopterləri vurub, mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər”.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qarşısında ermənilərin duruş gətirə bilməməsindən bəhs edən deputat vurğulayıb ki, onlar hələ də terrorçu əməllərindən əl çəkmirlər:

“Təkcə, Gəncə şəhəri ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücuma məruz qaldı, yüzlərlə insan zərər çəkdi, 27 nəfər isə həlak oldu. Ölənlər arasında körpə uşaqlar da var. Bu terror nəticəsində uşaqlar valideynsiz qaldı”.

Müharibənin də öz qaydalarının olduğunu xatırladan M.Quliyev deyib ki, müharibə heç bir halda sivil insanlarla aparılmamalıdır:

“Azərbaycan Vətən müharibəsində bütün dünyaya sübut etdi ki, müharibəni necə əxlaqlı aparmaq olar. Ermənilər Azərbaycan xalqında qorxu yaratmaq, bizi haqq işimizdən çəkindirmək üçün bu yollara əl atdılar. Digər tərəfdən öz səriştəsizliklərinə bu cür bəraət qazandırmağa çalışırdılar. Azərbaycanı da eyni addımları atmağa təhrik etməyə çalışsalar da, buna nail ola bilmədilər. 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad edildi”.

“Postmüharibə dövründə də erməni terroruna təkcə siyasi və mənəvi deyil, eyni zamanda hüquqi qiymət verilməsi məsələsini aktuallaşdırmışıq. Bu işdə isə hər birimiz fəal olmalıyıq. Lakin təəssüf ki, bu günə qədər bir neçə ölkədən başqa Ermənistana terrorçu deyən eşitməmişəm. İndiyə kimi Xocalı soyqırımını bütün dünya tanımalı idi. Amma ikili standartlar bu məsələdə də özünü aydın şəkildə büruzə verir. Terrorçu dövləti Fransa kimi bir ölkənin himayə etməsi, ona bəraət qazandırması, bu qədər erməni terroru qarşısında hətta Azərbaycanı təqsirləndirməsi ona başucalığı gətirmir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz haqq işini davam etdirəcək. 30 illik işğala Azərbaycan özü necə son qoydusa, hesab edirəm ki, erməni vandalizminə də lazım olan cavabı özümüz verəcəyik. Bu da bütün dünyaya bir ibrət dərsi olacaq”, - M.Quliyev əlavə edib.



Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, 41 yaşlı L. Abdullayeva bu təyinata qədər, 2018-ci ildən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsini icra edib. 

L. Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.



“Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



"Bizim münasibətlər nə dərəcədə dinamik inkişaf etsə də, Siz dediyiniz kimi, bir çox məsələlər üzrə mövqelərimizi dəqiqləşdirməyə həmişə ehtiyac var".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Astanada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

"Biz ölkələrimiz arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq. Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə - müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik", - Azərbaycan Prezidenti qeyd edib.
 
Kamaləddin Qafarov: “ 2003-cü ilin oktyabrında xalqımız doğru seçim etdi”

“Bu gün Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün intibah dövrünü yaşayır. Azərbaycan dövləti şanlı tarixinin heç bir dövründə indiki qədər müstəqil, inamlı və güclü olmayıb. Möhtərəm dövlət başçımızn rəhbərliyi ilə ölkəmizdə görülən işlər, həyata keçirilən əsaslı islahatlar möhtəşəm uğurların əldə olunmasını, müstəqilliyimizin daha da möhkəmlənməsini, Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edib”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyevin xalqın və dövlətin gələcəyinə dəqiq hesablanmış uğurlu strategiyası təkcə Azərbaycanın deyil, həm də bütün region ölkələrinin və qonşu dövlətlərin inkişafı üçün yeni, daha geniş perspektivlər açıb. İqtisadi gücünü dinamik şəkildə artıran Azərbaycan sadəcə regional deyil, həm də dünya miqyasında önəmli siyasi-iqtisadi və hərbi güc mərkəzinə çevrilib. Bu gün Avropa və dünya dövlətləri müstəqil xarici siyasət yürüdən Azərbaycanı regional sülhün və təhlükəsizliyin təmin olunması üçün istinad nöqtəsi olaraq qəbul edir . Dünya birliyi ölkələri müstəqil Azərbaycanla hesablaşır, ölkəmizi beynəlxalq aləmdə nüfuzlu söz sahibi olan dövlətlərdən biri kimi qəbul edirlər. Bütün bu nailiyyətlər ölkəmizin 2003-cü ildən bu günə qədər əldə etdiyi möhtəşəm nailiyyətlərin yalnız bir hissəsi olmaqla, Azərbaycan xalqının 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində ən doğru seçim etdiyinin əyani sübutudur.”

Deputat 2003-cü il oktyabr ayının 1-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətini xatırladaraq bildirib ki, Ulu Öndərin həmin müraciətində böyük uzaqgörənliklə dediyi sözlər artıq bütün sahələrdə öz təsdiqini tapıb: “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirərkən demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Bu gün artıq birmənalı olaraq demək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyev həm Ulu Öndərimizin, həm də Azərbaycan xalqının bütün ümidlərini tamamilə doğruldub. Prezident İlham Əliyev xalqın etimadını qazanaraq bu vəzifəyə seçildikdən dərhal sonra Azərbaycanda ordu quruculuğu istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsinə start verildi. Ölkə Prezidenti cənab İlham Əliyev 19 il ərzində daim deyir ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Bu illər ərzində dövlətimizin başçısı səbr və əzmkarlıqla, müdrikcəsinə Qələbəmizi təmin edəcək şəraiti yaratmaq məqsədilə düşünülmüş siyasət yürütdü, zəruri addımlar atdı. Məhz güclü iqtisadiyyat bizə imkan verdi ki, həm müasir silahlar alaq, həm də özümüzün hərbi-sənaye kompleksimizi inkişaf etdirək. Digər tərəfdən də Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət sayəsində son illər ərzində aparıcı beynəlxalq təşkilatlar məhz Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi tarixi Qələbəyə gətirib çıxardı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin və səmərəli əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu və Ulu Öndərimizin öz varisinə etdiyi vəsiyyətinə şərəf və ləyaqətlə əməl olundu. Böyük Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsi, Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycanda iqtidarın irəli sürdüyü təşəbbüslər vasitəsilə ümummilli və siyasi həmrəylik davamlı olaraq inkişaf edir. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan dəstəyi, etimadı və sonsuz inamı bu birliyin və həmrəyliyin əbədi olacağının ən möhkəm zəmanətidir”


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün İrəvana səfər edəcək.

 

“Səfərimin məqsədi iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək olmaqdır”, - deyə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi öz “Twitter”ində qeyd edib.

T.Klaarın gündəliyinə həmçinin Ermənistan-Azərbaycan sərhədinə yollanmaq, oradakı son vəziyyətlə tanış olmaq daxildir.

 



Xətai rayonu Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai Rayon İcra Hakimiyyəti, YAP Xətai Rayon Təşkilatı və Heydər Əliyev adına Hərbi İnstitutun təşkilatçılığı ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunmuş  hərbi-vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlının və Hərbi Orkestrin “Bu yol Zəfər yoludur” adlı konsert proqramı təşkil olunub.

"Bizimaz.az" xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Rövlanov, şəhid atası, Xalq artisti Əli Nur, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, Milli Müdafiə Universitetinin kursantlarının, ziyalıların və sakinlərin qatıldığı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər tədbirində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən söhbət açılıb.

Sonra Zəfər tədbirində Vətən müharibəsində Xətai rayonundan olan 67 şəhidlə bağlı videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyiblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.

Konsertdə Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri – Emin Kazımzadə, Günay Qasımova, Rauf Məmmədov, Leyla Əliyeva, Fərhad Ələkbərov, Vüsal Ağayev tamaşaçılara biri-birindən maraqlı ifalar təqdim ediblər. 

 Sonra səhnəyə dəvət alan məşhur ifaçı Şəmistan Əlizamanlı tədbirin təşkilatçılarına təşəkkür edib, şəhidlərin ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət, qazilərə cansağlığı diləyib.

Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbirlərin rəhbərlik etdiyi “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən mütəmadi olaraq keçiriləcəyini vurğulayan Ş.Əlizamanlı tamaşaçılara hərbi vətənpərvərlik mövzularında möhtəşəm mahnılarını təqdim edib.

Şəhid atası, Xalq artisti Əli Nur çıxış edərək qəhrəman əsgər və zabitlərimizin şanlı döyüş yolundan bəhs etdi, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan Zəfər konserti zamanı səhnədə quraşdırılmış ekranda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı kadrlar nümayiş etdirilib.

Tədbirdə hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistləri ifalarını təqdim ediblər.

Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

 

 









 
Samir Rəhimov
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov