Xəbər lenti



İran hökuməti ABŞ dollarından imtina edərək beynəlxalq hesablamalarda avroya keçid barədə qərar qəbul edib.
 İran KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı hökumətin iclasında qərar qəbul olunub. Qərara əsasən İran xarici ticarəti yalnız avro ilə aparacaq..

İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir. Buna cavab olaraq dollardan imtina edilib.

Seyfi, həmçinin İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının ABŞ olduğunu deyib.


Aprelin 18-də ABŞ-ın “Etnik Anlaşma Fondu”nun (Foundation for Ethnic Understanding – FFEU) yaradıcısı və rəhbəri ravvin Marc Schneier-in , “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru, xristian yevangelistlərin nüfuzlu liderlərindən olan yepiskop Robert Stearns-in və “Northwood” kilsəsinin baş protestant keşişi (pastor) Bob Robertsin təşkilatçılığı ilə ABŞ Konqresində Azərbaycan-İsrail münasibətlərinə, habelə Azərbaycanda yəhudi, xristian və müsəlman əhali arasında qarşılıqlı anlaşmaya və ölkəmizdəki tolerantlığa həsr olunmuş tədbir keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindəna verilən məlumata görə, Azərbaycan Respublikasının yaradılmasının 100 illiyi və İsrail dövlətinin 70 illiyi ərəfəsində təşkil olunmuş sözügedən tədbirə ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohen (Demokrat – Tennesi), Konqres üzvü Henry Cuellar (Demokrat – Texas), Konqresmenlərin ofislərinin əməkdaşları, ABŞ-ın nüfuzlu xristian-yevangelist dini xadimləri, habelə ABŞ-ın yəhudi və xristian icmasının nümayəndələri iştirak edib. Tədbirə həmçinin, ABŞ-ın və İsrailin ABŞ-da fəaliyyət göstərən media nümayəndələri qatılıb.

Tədbiri giriş nitqi ilə açan ravvin Marc Schneier ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrini, eləcə də Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyəsini tərənnüm edib. O, Azərbaycandakı tolerantlıq ənənələrindən və yəhudi icması üçün yaradılmış gözəl şəraitdən bəhs edib, Azərbaycana səfərlərindən çox mütəəssir olduğunu vurğulayıb. Ravvin prezident İlham Əliyevlə bir neçə dəfə olan görüşü barədə xoş təəssüratlarını paylaşıb və Azərbaycandakı bu əmin-amanlıq mühitinin yaradılmasında ölkə rəhbərliyinin müstəsna rolu olduğunu qeyd edib. Azərbaycanın digər 57 İslam ölkəsi arasında unikal rolunu və İsraillə münasibətlərinin uğurlu inkişafını təqdir edən ravvin, ölkəmizin bu sahədə xüsusi seçildiyini və həqiqi dostluq münasibətlərində olduğunu, yerli yəhudi icmasına göstərdiyi münasibətin önündə, habelə dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın qlobal liderləri arasında olduğunu diqqətə çatdırıb.

Ravvin Schneier, 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı Nyu-Yorka səfər edən prezident İlham Əliyevlə, bundan əvvəl isə 2017-ci ilin may ayında Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorka səfər edən xarici işlər naziri Elmar Məmmədyarovla bir qrup nüfuzlu xristian və yəhudi din xadimləri arasında keçirilmiş görüşlərdə şəxsən iştirakını xatırlayıb. Ravvin Schneier qeyd edib ki, sözügedən görüşlər Azərbaycan prezidentinin müsəlman, xristian və yəhudi icmaları ilə münasibətlərə verdiyi əhəmiyyətin və ölkəmizin bu sahədə aparıcı rola malik olmasının bariz nümunəsidir.

Daha sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqresmen Steve Cohen Azərbaycanla İsrail arasında münasibətlərdən məmnunluğunu ifadə edib, bu münasibətlərin ölkəmizin əhəmiyyətinin göstəricisi olduğunu xüsusi vurğulayıb. Ölkəmizin tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində oynadığı rol Cohen tərəfindən təqdir edilib.

ABŞ və dünyada böyük bir şəbəkəyə və nüfuza malik “Eagles’ Wings” yevangelist təşkilatının icraçı direktoru yepiskop Robert Stearns çıxışı zamanı ölkəmizin dinlərarası əməkdaşlığa töhfələri barədə danışıb, Azərbaycanın İsraillə strateji münasibətlərini alqışlayıb. Yepiskop Stearns Azərbaycan prezidenti və xarici işlər naziri ilə Nyu-Yorkda keçirilmiş görüşlərə qatıldığını və bu görüşlərdən sonra Azərbaycanın dinlərarası dialoqa töhfəsini aşkarladığını diqqətə çatdırıb. Bu xüsusda, “İslam həmrəyliyi” ili münasibətilə keçirilmiş tədbirlərə qatılarkən, Azərbaycanın unikal rolunun bir daha şahidi olduğunu bildirib. Belə ki, Azərbaycanın 95 faiz müsəlman əhaliyə malik olmasına baxmayaraq, Azərbaycan rəhbərliyi “İslam Həmrəyliyi” ili tədbirlərinə müsəlmanlarla yanaşı, yəhudi və xristian xadimlərini də dəvət edib. Bununla yanaşı, Azərbaycanın milad bayramını və yeni ili xüsusi təmtəraqla qeyd etməsi, Azərbaycanın tolerantlığa nümunə olmasını və ölkə prezidentinin bu prinsiplərə sadiqliyini bir daha nümayiş etdirməkdədir.

Protestant keşişi (pastor) Bob Roberts çıxışı zamanı ABŞ-da uzun müddət müsəlmanlarla xristianlar arasında dialoqun və əməkdaşlığın inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib. Bu xüsusda, Azərbaycanın vacib və əvəzedilməz roluna işarə edən pastor Roberts öz həmkarlarının Azərbaycanla əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışı zamanı Konqresdə keçirilən sözügedən tədbirin Azərbaycan Respublikasının yenidən seçilmiş prezidenti İlham Əliyevin inauqurasiya mərasimi ilə bir vaxta təsadüf etdiyini, ölkəmizin liderinin Azərbaycan-İsrail münasibətlərinin uğurla inkişaf etməsində əsas rola malik olduğunu diqqətə çatdırıb. Səfir E.Süleymanov ravvin Schneier və yepiskop Stearnsın prezident İlham Əliyevin seçkilərdə inamlı qalibiyyəti münasibətilə ünvanlandıqları təbrik məktubuna və Azərbaycanın dünyada əhəmiyyətli rolunu vurğuladıqlarına görə öz minnətdarlığını bildirib. Ölkə prezidentinin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi, ölkəmizin daha da inkişafı və icmalararası həmrəyliyə töhfəsi istiqamətində işlərin bundan sonra da uğurla davam edəcəyi səfir E.Süleymanov tərəfindən qeyd olunub. Səfir qeyd edib ki, Azərbaycan xalqının tolerantlıq ənənələri ilə yanaşı, ölkəmizdə açıq tolerantlıq və millətlərarası əmin-amanlıq mühitinin formalaşmasında ölkə rəhbərinin dünyaya baxışı mühüm rol oynayır. O, diqqətə çatdırıb ki, Azərbaycan xalqı İlham Əliyevi prezident seçərkən, o cümlədən tolerantlıq və dialoq ənənələrinin davam etməsinə də səs verib.

Azərbaycanla İsrail, habelə Azərbaycanın yəhudi və müsəlman əhalisi arasında tarixi köklərə əsaslanan münasibətlər barədə danışan səfir, Azərbaycanla İsrail arasında artan tərəfdaşlığın İsrailin 70 illiyinə və Azərbaycan Respublikasının 100 illiyinə təsadüf etdiyini diqqətə çatdırıb. Azərbaycanın hələ 100 il əvvəl ABŞ-dan daha öncə, dinindən, etnik mənsubiyyətindən və cinsindən asılı olmayaraq insanlara seçki hüququnu verdiyini və azadlıqlarını təmin etdiyini vurğulayıb.
Azərbaycanın İsraillə əlaqələrinin Azərbaycanın öz yəhudi icması ilə xoş münasibətlər üzərində qurulduğu və ölkəmizin bununla qürur duyduğunu qeyd edən səfir E.Süleymanov iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Səfir sonda Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Steve Cohenə, eləcə də dünyada müsəlman, xristian və yəhudi icmalar arasında dialoq səylərinə görə ravvin Schneierə, yepiskop Robert Stearnsa və pastor Bob Robertsə öz təşəkkürünü bildirib.


Pakistanın Kamra şəhərində Azərbaycan bayrağı ilə nişanlanmış "Super Mushshak" təlim təyyarəsi müşahidə olunub.
 məlumatına görə, foto falcons.pk saytında 12 aprel 2018-ci il tarixində yerləşdirilib.

Bu təyyarələrin ilin sonuna qədər Azərbaycana təhvil veriləcəyi gözlənilir. Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ilə Pakistan Aeronautical Complex (PAC) arasında 10 ədəd "Super Mushshak" təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayında imzalanıb.



Qeyd edək ki, "Super Mushshak" təlim təyyarəsi daha qabaqcıl “MFİ-17 Mushshak”ın modernləşdirilmiş variantı olan ilkin təlim-döyüş təyyarəsidir. “Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7.15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır.



Hazırda “Mushshak” və “Super Mushshak” təlim təyyarələri, Pakistanla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq və Cənubi Afrikanın istifadəsində yer alır. Eyni zamanda Nigeriya və Qətərlə təyyarənin alqı-satqısına dair müqavilələr mövcuddur. Həmçinin Türkiyə 52 ədəd "Super Mushshak" təlim təyyarəsini almaq üçün Pakistana sifariş verib. Sonradan bu rəqəm arta bilər. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim tədris proqramının tələblərinə tam uyğundur.


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
xəbər verir ki, fərmanda deyilir: "Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır.

Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;

3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;

3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

4. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

6.1. birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin;

6.2. hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin;

6.3. birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin;

6.4. müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin;

6.5. birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin;

6.6. hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin.

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

7.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin;

7.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin;

7.3. bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin.

8. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etsinlər.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin.

10. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat versin.


Bu gün növbəti yeddi il müddətinə Azərbaycanın prezidenti seçilmiş İlham Əliyevin inaqurasiya mərasiminin ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya getdi.

Bəs, qanunvericilikdə Nazirlər Kabineti ən gec hansı müddətə qədər formalaşmalıdır?

Prezident baş naziri öz vəzifəsinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir.

Yəni prezident andiçmədən sonra iki həftə müddətində baş nazirin namizədliyini Milli Məclisə təqdim edir və bir ay müddətində baş naziri təyin edir.

Milli Məclis baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir.

Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Prezidenti baş naziri Milli Məclisinin razılığı olmadan təyin edə bilər.

Nazirlər Kabinetinin tərkibinə baş nazir müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də daxildirlər.

Bəs, bu, vitse-prezidentlər və nazir müavinlərinə də şamil ediləcəkmi?

Hüquqşünas Əliməmməd Nuriyev Axar.az-a açıqlamasında bildirib ki, nazir müavinləri hökumətin tərkibinə daxil olmadığı üçün onlar istefaya getmirlər:

“Təbii ki, söhbət baş nazir, baş nazirin müavinləri və Nazirlər Kabinetinin üzvü olan nazirlərdən getmir. Yəni istefaya hökumətin tərkibinə daxil olan şəxslər göndərilir. Digər vəzifəli şəxslər, o cümlədən, nazir müavinləri bu siyahıya daxil deyillər. Çünki bütün nazirlər və icra hakimiyyətinin rəhbərlərinin hamısı Nazirlər Kabinetinin üzvü deyil. Digər qurumlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Eyni zamanda, cənab prezident tərəfindən Nazirlər Kabinetinin yeni tərkibi təsdiq edilənə qədər müvəqqəti olaraq bütün vəzifələrin icrası elə həmin vəzifəni daşıyan şəxslərə tapşırılıb. Kabinet təsdiq olunduqdan sonra kimlərin yeni tərkibə düşəcəyinə birbaşa ölkə başçısı qərar verəcək”.

Vitse-prezidentlərin təyini məsələsinə gəldikdə isə hüquqşünas vurğulayıb ki, Birinci vitse-prezident və vitse-prezidentlər hökumətin tərkibinə daxil olmadığı üçün onların təyinatı ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulmayıb:

“Çünki birinci vitse-prezident və vitse-prezidentlərin andiçmə mərasimindən sonra istefaya getməsi ilə bağlı qanunvericilikdə hər hansı bir norma yoxdur və Nazirlər Kabinetinin tərkibinə daxil deyillər. Eləcə də bu Prezident Administrasiyasındakı vəzifəli şəxslərə də aid deyil”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib və o, yeni müddət üçün səlahiyyətlərinin icrasına başlayıb. Bunun ardınca Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Prezidentin sərəncamı ilə hazırda Nazirlər Kabinetinin tərkibinə daxil olan qurumları onların əvvəlki rəhbərləri əvəzedici kimi idarə edirlər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov