Xəbər lenti



Arayik Harutyunyanın boynunun aşağı basıldığı, qolu qandallı şəkildə videosunu da gördük. Xoşbəxtlik pik həddə!

Bunu bəlkə də, soyuq başla fikirləşəndə, başqa sözlə də ifadə etmək olar. Amma indiki halda ürəyimizdəki sevinclə, gözlərimizdəki qürur hissinin bağladığı sülh sazişinin birinci bəndi bunu deyir.

İkinci bənddə qeyd olunur ki, ən sevdiyiniz adamlara bu fotonu çərçivələdib hədiyyə edin. Qoy iş otağından, evinin giriş koridorundan assın. Qoy hər dəfə o fotoya baxanda necə möhtəşəm bir ölkədə, necə sözünün ağası olan dövlətdə yaşadığını hiss etsin.

Bundan sonrakı bəndlərdə:

Bu foto mənim və mənim kimi onminlərlə insanın çadır şəhərciklərində, vaqonlarda keçən uşaqlıq illərinin dövlət tərəfindən birdəfəlik kompensasiyadır! 

Bu foto həm də, Qarabağ həsrəti ilə dunyasını dəyişən doğmalarımızın ruhuna duadır! Bu foto Arayikin əmri ilə Gəncəyə atılan raket nəticəsində həlak olan, Azərbaycanın ən kiçik şəhidi - 10 aylıq Narinin məzarı üstə düzülən qərənfillərin əvəzedicisidir.

general-memmedovun-mehkemesi-baslayir

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Generalın vəkili Rəşad Mirmehdizadə saytımıza bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət büdcəsinə ödənilib və bu proses davam edir. Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib.

 
 Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib, yüksəkvəzifəli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdarda mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilib.

Sail Ağasəlim



Rusiya siyasi teatrındakı “tamaşa”da baş rollardan birini alan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin qüvvələrini tutduğu yerlərdən geri çəkmək barədə qərar verdi.

Qeyd edək ki, Kreml hadisələrə qədər hakimiyyət daxilindəki çəkişməni ört-basdır etməyə çalışırdı. Lakin Priqojinin Moskvaya yürüşü səbəbindən asılı olmayaraq örtüyü götürdü və aydınlaşdı ki, saray daxilində tarazlıq yoxdur və bu, qeyri-stabillik üçün zəmin hazırlayır.

Ukraynadakı müharibədə Rusiyanın düçar olduğu taktiki uğursuzluqlar Priqojinin simasında təcəssüm edərək Rusiya elitasındakı fikir ayrılıqlarını suyun dibindən üzə çıxardı.

Priqojinin qiyamı (ya da adını nə qoyuruqsa-qoyaq) Rusiya sisteminin institutlarını deyil, Prezident Vladimir Putinin əsas hakim olduğu himayədarlıq şəbəkələrini qismən də olsa sarsıda bildi. Lakin Putinin zəifləməsi ilə Rusiyanın regional siyasətdə münaqişələri nəzarətdən çıxarmağı mümkün idi, ona görədir ki, üsyan trayektoriyası həm Ukrayna, həm də beynəlxalq güclər tərəfindən xüsusi həssaslıqla izlənilirdi.

O da əvvəlcədən bilinirdi ki, mövcud qüvvələrin sayı baxımından Priqojinin Putini devirmək üçün şansı yox idi. 

Yaxşı, görəsən, başqa nələr baş verdi, cənab Priqojinlə Prezident Vladimir Putin pərdə arxasında hansı sövdələşməyə getdilər ki, “Vaqner”in hərəkətinə stop qoyuldu?

Sövdələşmənin üzdə olan elan mətni Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə razılaşdırılıb.

Əlavə olaraq, elandan öncə Putin Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları apararaq Rusiyadakı hadisələr barədə onları məlumatlandırıb.

Telefon diplomatiyası üzrə trafikdə Putinə ən vacib dəstək Ərdoğan və Lukaşenkodan gəlib, hərçənd, Türkiyə lideri Rusiyaya dəstək, Belarus rəhbəri isə moderator kimi vasitəçilik ruhuna “sadiqlik” nümayiş etdirib, amma hələ də aydın deyil ki, Putin məsələ barədə Özbəkistan Prezidenti ilə niyə danışıb.

Qazaxıstan başadüşüləndir, çünki o, KTMT-nin üzvüdür, Türkiyə isə Moskva üçün dəyərli strateji tərəfdaşdır. Amma Özbəkistanla bağlı aydın fikirlər yoxdur, ola bilsin ki, Putin hadisələrə beynəlxalq rəqabət fonu verərək dəstək axtarmaq üçün növbəti hədəflərdən birinin Özbəkistan ola biləcəyini qeyd edib.

Bu fikri gücləndirəcək bəyanat vaxtı ilə Lukaşenkonun dilindən səslənib, o, Qazaxıstandakı iğtişaşlardan sonra Özbəkistanın hadisələrdən dərs çıxarması çağırışını etmişdi, təbii ki, bu, onun öz ritorikası yox, Kremlin lüğət fonduna yerləşdirdiyi ifadələr idi.

O da maraqlıdır ki, Rusiya prezidentinin hər dörd həmsöhbəti yaxın keçmişdə öz ölkələrində kütləvi etirazlar və iğtişaşlarla üzləşib.

Moskva-Daşkənd danışıqlarına Rusiyadakı hərbi çevrilişə cəhd fonunda qiymət vermək bir qədər çətindir, amma hər halda Putinin Özbəkistan lideri ilə müzakirəsi diqqətə alınası ciddi məqamdır.

Hadisələrin axarında ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında da telefon danışığı baş tutdu, deməli, vəziyyətin beynəlxalq konyunktura təsir dairəsi barədə ciddi siqnallar gəlibmiş.

Priqojin geri çəkilibsə, telefon diplomatiyasındakı tezislər burada əhəmiyyətli rol oynayıb, lakin hələ də aydınlaşmır ki, “Vaqner” rəhbəri Ərdoğanın Putinə dəstəyinin çalarlarından qorxdu, yoxsa ümumiyyətlə onun hərəkətləri müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifədən uzaqlaşdırılması əməliyyatının tərkib hissəsi idi. İkinci versiyanı güclü hesab etsək, onda qeyd edə bilərik ki, Putinlə Priqojin anlaşıblar.

Onda demək mümkündür ki:

- Putinin əsas məqsədi saray daxilindəki rəqiblərini zərərsizləşdirmək aktını həyata keçirmək olub;

- Priqojinə Lukaşenko vasitəsilə daha geniş səlahiyyətlər vəd edilib.

Priqojin qüvvələrinə geri çəkilmək əmrini rus qanının tökülməməsi ilə əlaqələndirsə də, çox güman ki, “Vaqner” qrupunun rəhbəri şəxsən əhəmiyyətli güzəştlər alıb.

Ancaq Priqojinin Belarusa getmək istəyi onun qorxularını büruzə verir, yəni o düşünə bilər ki, Rusiyada qalsa, oyun qaydaları əl dəyişib onun məhvinə gətirib çıxarar.

Versiyalar müxtəlifdir, görünən isə budur ki, Putin “Vaqner”in irəliləyişinə qarşı təsirli və sürətli cavab vermək üçün mübarizəsini əsirgəmədi.

Lukaşenkonun vasitəçiliyi ilə əldə edilən razılaşmadan sonra “Vaqner”lə bağlı iki versiya da ağlabatan səslənir.

Birincisi, muzdlulardan ibarət “Vaqner”in öz hakimiyyətinə təhdid yarada biləcək səviyyədə şişməsindən sonra Putin bu qurumun ləğvini sürətləndirəcək, onu yenidən formalaşdırmağı yeni imkanlarla təyin edəcək.

İkincisi, Priqojin Putinin kölgəsi altında formalaşacaq təşkilata rəhbərliyi saxlayacaq və ona Ukraynadakı əməliyyatlarla bağlı geniş səlahiyyət veriləcək.

Hansı versiyanın doğru olduğu zamanla üzə çıxacaq, indi elə bir mərhələdir ki, hadisələrin planlanması gedir və hər şey gedişatın “yol xəritəsi”nə uyğun olub-olmamasından asılı olacaq.

Hadisələrin genişmiqyaslı təhlili Çin amilini də aktual edir, Pekin Rusiya-Ukrayna müharibəsinin hərbi-siyasi nəticələrinə hazırlaşır, amma o, Priqojinin qiyamı kontekstində özünü rəsmi formada kənarda tutur.

Hərçənd, Çinin “People’s Daily” kimi nüfuzlu dövlət mediası Pekin üçün Putinin Priqojindən üstün olmasına eyhamlar vurur. Çin üçün Priqojin civə kimidir, onun hakimiyyət zirvəsinə qalxması Pekinlə əlaqələrdə narahatlıqlar yarada bilərdi - ən azından, Çin bunu düşünə bilər.

Ancaq Priqojin çevriliş cəhdini bərpa etsə, Çin kəşfiyyatı Putinə dəstəyi riskli versiya kimi nəzərdən keçirər.

Priqojinin Çin üçün daşıyacağı risklərə baxmayaraq, Çin hadisələri formalaşdırmağa cəhd etməkdənsə, onları kənardan müşahidə etməyə üstünlük verəcək.

Aqşin Kərimov

Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”

“Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlamasından sonra ölkədə vəziyyət tədricən normallaşmağa başladı: “Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.

Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu xüsusi qeyd edirdi.

Kamaləddin Qafarov daha sonra deyib : “Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlərlə, türkdilli dövlətlərlə, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.”

Deputat ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmiş “Əsrin müqaviləsi”ndən bəhs edərək deyib: “1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ümummilli Liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır”.
Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi  mühüm  tarixi sənəddir”

“İki il bundan öncə, 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən qədim Şuşa şəhərində iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal tarixi sənəd – “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu il təkcə Azərbaycanın deyil, bütün türk dünyasının 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyi Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının, əslində, iki ölkə arasında strateji müttəfiqlik konsepsiyası olması da Şuşa Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapdı. Bəyannamə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən mesaj oldu. Türkiyə və Azərbaycan indiyə qədər də bütün məsələlərdə bir yerdə olublar, bundan sonra da bu birlik davam edəcək.”

Bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat Şuşa Bəyannaməsinin regional sülhü təmin edən sənəd olduğunu da diqqət mərkəzinə çəkib: “ Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Qeyd olunduğu kimi, artıq Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması ilə bağlı da razılığa gəlib. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir.”

K.Qafarov Şuşa Bəyannaməsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşunun stimullaşdırılması məsələsində mühüm rol oynadığını vurğulayaraq deyib: “Bu gün Azərbaycan işğaldan azad edilmiş torpaqlarında möhtəşəm bərpa və yenidənqurma işləri həyata keçirir. Bölgədə gedən proseslər bunu deməyə əsas verir ki, Şuşa Bəyannaməsinin icrası əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Regionun artan investisiya potensialı isə yeni iqtisadi münasibətlərin formalaşmasını şərtləndirir. İşğaldan azad olunmuş ərazilərimizin və ümumilikdə regionun onsuz da yüksək olan investisiya potensialı getdikcə daha da artır. Bu artım isə, öz növbəsində bölgədə yeni iqtisadi münasibətlərin formalaşmasına yol açır. Xüsusilə Şuşa və ətraf ərazilərin gözəl turizm imkanları diqqəti cəlb edir. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha perspektivli olmasını sübut edən mühüm amillərdən biri də əlbəttə ki, Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması niyyəti ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında bundan sonra daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Eyni zamanda da, Şuşada konsulluğun açılması Qarabağda Türkiyənin varlığını nümayiş etdirən çox mühüm siyasi mesajdır”.


Prezident Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublikaçılar Alyansı Türkiyənin yeni parlamentində 600 mandatdan 323-nü qazanıb.  Bu yekun məlumatları çərşənbə axşamı ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Əhməd Ener açıqlayıb.

“Bütün müraciətlərə baxılıb, qərar qəbul edilib. Mayın 14-də 28-ci parlamentin tərkibinə dair səsvermənin yekun nəticələri komissiya tərəfindən təsdiq edilərək rəsmi qəzetdə dərc olunmaq üçün göndərilib. Ədalət və İnkişaf Partiyası 268 mandat, Yeni Rifah Partiyası - 5, Milliyyətçi Hərəkat Partiyası - 50 (Respublikaçılar Alyansına daxildir) mandat qazanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) - 169, Yaxşı Partiya - 43”, - deyə Yener Türkiyə televiziyasında bildirib.

Türkiyə İşçi Partiyası 4 mandat, siyahılarında kürd yönümlü Xalqların Demokratiya Partiyasından namizədlərin seçildiyi Yaşıl Sol Partiyası isə 61 mandat əldə edib. Yener parlament seçkilərində ümumi fəallığın 87,05 faiz olduğunu, xaricdə isə seçicilərin 53,8 faizinin səsverməyə maraq göstərdiyini bildirib.

CHP və Yaxşı Partiya müxalifətdəki Xalq Alyansının bir hissəsidir. Lakin CHP 169 mandat alsa da, siyahıları üzrə daha 4 partiyanın namizədləri seçkiyə getdiyi üçün onların hamısını təkcə funksionerlərinə verə bilməyəcək. CHP fraksiyasının üzvlərinin 120 nəfərə yaxın olacağı gözlənilir.

Qanuna görə, parlament seçkilərinin rəsmi yekun nəticələri dərc edildikdən sonra üçüncü gün bu qanunverici orqanın iclası keçirilir. Gündəlik - bütün deputatlar tərəfindən andın qəbul edilməsi. Belə ki, TBMM Baş Assambleyasının iyunun 2-də toplanacağı gözlənilir.

Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”

“105 il bundan öncə, 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası- Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti çox az bir müddət ərzində - cəmi 23 ay mövcud oldu. Bu qısa dövr ərzində AXC böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna rol oynadı. Cümhuriyyət dövründə müstəqil dövlət quruculuğu baxımından bir çox mühüm qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət aparatı təsis edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: “ Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə Ümummilli Liderimizn adı ilə bağlıdır. O, ötən əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə elan olunmuş Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirmişdir. 2001-ci il oktyabr ayının 18-də Milli müstəqillik günü münasibətilə etdiyi çıxışında Ümummilli Lider demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”. Təsadüfi deyil ki, hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Dünya azərbaycanlılarının Ümummilli Lideri Heydər Əliyev və Ölkə Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də cənab Prezident İlham Əliyevin ötən illərdə imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.”

K.Qafarov bildirib: “Son dərəcə diqqətəlayiq bir məqamdır ki, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan eynilə öz sələfi kimi, cəmi iki ildən sonra bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə isə artıq parçalanmaq üzrə olan Azərbaycan sadəcə müstəqilliyini deyil, həm də vahid bir ölkə olaraq mövcudiyyətini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu. Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla inkişaf və davam etdirilir. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların müəllifidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərində getdikcə artan rolu ölkəmizin beynəlxalq nüfuzunun durmadan artmasına, mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Milli İnkişaf Strategiyasının və Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun nəticələridir. Əlamətdar haldır ki, bu il xalqımız Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 105 illik yubileyini “Heydər Əliyev İli”ndə qürurla qeyd edir” .



Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.

Dədə Turxan

Oğulsan, zəhmətə sal, el yolunda üz ömrü,
Hamı yaşaya bilmir bir ömürdə yüz ömrü,
Allah hamıya vermir belə ölümsüz ömrü,
Tanrının yaratdığı ən böyük əsər yatır,
Görən torpaq bilirmi qoynunda Heydər yatır?

Zəlimxan Yaqub.

Bu günlərdə Vətənimizin hər bir yerində qədirbilən xalqımız, Türk dünyası, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının Böyük oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük hörmət və ehtiramla qeyd edir.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra qısa bir zaman kəsiyində şərəfli bir yol keçməklə nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də bütün dünyada tanınan, hörmət və rəğbət bəslənilən dövlət adamı, siyasi lider kimi hər kəsi heyrətləndirə biləcək bir fenomenə çevrildi. SSRİ kimi böyük bir dövlətin ən aparıcı sahələri, çətin və mürəkkəb məsələlərin həlli ona tapşırılmışdır. Yaşadığı dövrdə mürəkkəb və çətin beynəlxalq məsələlərin həllində belə ona təcrübəli və özünü təsdiqləmiş uğurlu bir siyasətçi, ən etibarlı güc mənbəyi-qüvvə kimi baxırdılar.
Sovetlər birliyinin rəhbərliyinə təzəcə gətirilən Mixail Qorbaçov Heydər Əliyevin bilik və bacarığına, sovet xalqı arasında və beynəlxalq aləmdə olan böyük hörmət və nüfuzuna qısqanclıq hisslərini gizlədə bilmirdi. Ona görə də Sov.İKP-nin Mərkəzi Komitəsinin Baş Katibi seçilən ilk gündən Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün min bir yollar axtarırdı. Şübhəsiz ki, onun bu çirkin niyyətini onun əlaltıları, xüsusilə də fürsət gözləyən erməni millətçiləri duymuşdular. Nəhayət, 1987-ci ildə Mixail Qorbaçovun təkidli israrı ilə Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bununla da bütövlükdə SSRİ hakimiyyətinin bütün rəhbər işçilərinin Azərbaycana olan təzyiqləri daha da gücləndi. Təəssüf ki, bu təzyiqlərə müqavimət göstərməyə qadir olan bir qüvvə, lider qalmamışdı.
Mixail Qorbaçovun çəkindiyi siyasətçilərin hakimiyyətdən bir-bir uzaqlaşdırılması ona çirkin ideyalarını həyata keçirməsi üçün geniş imkanlar yaratdı. Heç kəsin ağlına belə gəlməyən SSRİ-nin dağılması prosesi böyük bir sürətlə baş verdi. Hakimiyyətsizlik bütün sahələrdə özünü göstərməyə başladı. Separatizm, milli hisslər, anarxiya tüğyan edirdi. Bundan məharətlə istifadə edən ermənilərin Azərbaycana qarşı torpaq iddiaları sürətlə böyüdü, qarşıdurmaya, müharibələrə çevrildi, böyük qırğınlara səbəb oldu. Mixail Qorbaçovun komandası belə proseslərin qarşısını almağa nəinki qadir idi, əksinə müxtəlif yollarla separatçılara dəstək də göstərirdilər. Bu da baş verən proseslərin coğrafiyasını daha da genişləndirirdi. Nəticə etibarilə Sovetlər birliyi qısa bir zamanda dağıldı, milli respublikalara parçalandı, hər birinə acınacaqlı bir sosial-iqtisadi durum miras qaldı.
Onlardan biri də Azərbaycan Respublikası idi. Burada vəziyyət daha acınacaqlı idi. Yaxın keçmişdə bizim torpaqlarda bərqərar olan qonşu Ermənistan dövləti bizimlə müharibə aparırdı, torpaqlarımızın bir hissəsi zəbt olunmuşdu. Respublikada hakimiyyətə gələn qüvvələr isə ölkəni idarə edə bilmirdilər. Dövlət strukturları öz funksiyalarını yerinə yetirə bilmirdilər, hər yerdə özbaşınalıq görünürdü. Baş verən bütün proseslər xalqımızın dövlətçiliyini süquta sürükləyirdi. Daxili çəkişmələr, Ermənistanın təcavüzü, ölkəni idarə edənlərin təyin etdiyi siyasətin doğurduğu fəsadlar böyük çətinliklər yaratmış, dövlət müstəqilliyinin taleyini sual altına almışdı.
Belə bir vaxtda öz azadlıq mübarizəsini daha əzmlə davam etdirən Heydər Əliyev min bir çətinliklə Vətənə qayıtdı. Böyük xalq sevgisi ilə qarşılandı. Bundan vahiməyə düşən mövcud hakimiyyət onun Bakıda qalmasını əngəllədi.
Naxçıvana getməli olan Heydər Əliyev tezliklə Naxçıvan Muxtar Respublikasının Ali məclisinə sədr seçildi. Atılan qətiyyətli addımlar, görülən böyük işlər, tarixləşən hadisələr bütün Azərbaycan xalqının coşqusuna səbəb oldu. Ölkədə isə vəziyyət dözülməz idi. Paytaxt Bakıda hərc-mərclik hökm sürürdü. Dünyada Heydər Əliyevin bacarıqlı bir siyasətsi olduğunu qəti əmin olan ziyalılar onu öz yerində, ölkə rəhbərliyində görmək istəyirdilər. Bununla bağlı yerli və xarici mətubatda bir çox cəsarətli çıxışlar edirdilər. Həmin günlərdə professor Zahid Qaralovun  yazdığı “Heydər dağına kölgə salmaq olmaz” adlı 3 silsilə məqaləsi cəmiyyətdə böyük əks-səda doğurdu. Heydər Əliyevin Müdafiəsi Komitəsi yarandı və Zahid Qaralov  onun sədri oldu.  Belə bir vaxtda başda ziyalılar olmaqla Azərbaycan xalqı ayağa qalxaraq Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdülər.
Heydər Əlirza oğlu Əliyev 15 iyun 1993-cü ildə xalqın səsinə səs verərək öz xilaskarlıq missiyasını həyata keçirdi, hakimiyyətə yenidən qayıtdı. Tarixə çevrilən bu gün xalqımızın müstəqillik uğrunda apardığı bütün mübarizələrdə qazandığı ən böyük uğuru, dövlətimizi və xalqımızı hər cür bəlalardan xilas tarixi -Milli Qurtuluş Günü oldu.
Müstəqilliyimizin ilk illərində təhsilmizin idarə olunması da səriştəsiz insanların əlinə düşdüyündən, onlar mövcud təhsil strukturlarını belə tamamilə dağıtdılar və yerinə isə heç nə yarada bilmədilər. Heydər Əliyev görkəmli dövlət xadimi olmaqla yanaşı, həm də böyük alim-pedaqoq idi. Əsl müəllim kimi dövlətin inkişafında təhsilin verə biləcəyi böyük bəhrəni, xalqın və dövlətin inkişafındakı əvəzsiz rolunu uzaq görənliklə görürdü. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”-deyərək, özünü müəllimliyə həsr etmiş insanı ən şərəfli insan hesab etdiyini bildirdi. O, elə qurtuluşun günlərindən “Təhsil millətin gələcəyidir” fəlsəfi fikrini ortaya ataraq ölkə ziyalılarını bu müqəddəs əməlin reallaşmasına dəstək verməyə səslədi. Respublikamızın əsaslı dəyişməsində və yeniləşməsində təhsil islahatlarının bütün islahatların önündə durmasını ardıcıl siyasətə çevirən Heydər Əliyev 31 avqust 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə bir daha bildirdi: “İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”.
Heydər Əliyev 24 sentyabr 1998-ci ildə Azərbaycan Müəllimlərinin 11-ci qurultayına ünvanladığı təbrik məktubunda yazırdı: “Azərbaycanın öz müstəqilliyini bərpa etməsi digər sahələrdə olduğu kimi, təhsil sistemi qarşısında da böyük vəzifələr qoymuşdur. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin yaradılması üçün köklü islahatların həyata keçirilməsi zəruri və təxirəsalınmazdır". Bu gün müstəqil Azərbaycanda inkişaf etmiş bütün sahələrdə Heydər Əliyevin zəhməti və imzası vardır. Respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminə, mədəniyyətinə xüsisi qayğı və diqqət göstərmişdir.
Heydər Əliyevin gərgin əməyi, ideyaları nəticəsində qurulan müstəqil Azərbaycan dövləti əbədiliyə doğru dönməz bir yola başladı, tezliklə uğurlar bir-birinin ardınca sıraya düzüldülər... Müstəqil Azərbaycan Dövləti xalqına xoşbəxtlik bəxş etməklə yanaşı, dünyanın sayılıb seçilən qabaqcıl bir ölkəsinə çevrildi.
İndi hər bir azərbaycanlı üçün Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu Vətən ünvanlı, Vətən sevdalı əqidə və inam məktəbinə çevrilmişdir. Bu məktəbdə öyrədilən əsas dərslik Heydər Əliyevin şah əsəri: Müstəqil Azərbaycan Dövlətidir. Bu məktəbdə Azərbaycan xalqının işıqlı gələcəyinə sonsuz sevgi və inam nümunəsinə çevrilən Heydər Əliyevin böyük ömrü, onun keçdiyi şərəfli həyat yolunda, atdığı cəsarətli addımlarda, hər kəsi heyrətləndirən və bir çoxunun da qibtə etdiyi ilahi ağıl və gücün fövqündə daha aydın görünür. Bu məktəbdə Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyinə vurulan hər kəsin düçüncəsinə ilk növbədə onun: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” ideyası hakim kəsilir, bu müqəddəs sevdalarla da onun yolunu tutaraq dövlətinin və xalqının layiqli əsgərinə çevrilir.
Heydər Əliyev bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə-xalq sevgisi qazanaraq Ümummilli liderə, inam, and, qürur yerinə çevrilərək Ulu Öndər oldu.
Ümummilli lider Heydər Əliyev ölməz ideyaları, hər zaman müdrikliyi, möhtəşəmliyi ilə Azərbaycan xalqının ürəyinin ən uca yerindədir. Dədə Turxan yazır: “Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.”. Nə qədər ki, Azərbaycan xalqı, dövləti var, onun hər bir uğurunda Heydər Əliyevin xeyir-duası var. Elə 44 günlük Zəfər Qələbəsində olduğu kimi, Heydər Əliyevin hər bir ideyası bütün dövrlərdə xalqımızın gözünə işıq, qoluna qüvvət, dizinə taqət olacaqdır. Onun şah əsəri, çiçəklənən Müstəqil Azərbaycan Dövləti cahan mülkündə Günəş kimi əbədi parlayacaqdır!
Bəli, gündən-günə çiçəklənən Müstəqil Azərbaycan Respublikasının ən böyük uğurları isə hələ qabaqdadır. Bu gün dövlət müstəqilliyinin əbədi, sarsılmaz, dönməz olmasına sonsuz əminliklə inanan xalqımız hamılıqla, Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun təbirincə-belə deyir:

Neçə sönməz ocağın, yanan şamın eşqinə.

Müqəddəs əqidənin, saf inamın eşqinə.

Bu gün hamının olan tək İLHAMIN eşqinə.

Salamlar olsun sənə! Salamlar olsun sənə!

VİDADİ ÖMƏR OĞLU ORUCOV
pedaqogika üzrə elmlər doktoru


2018-ci il aprelin 11-də Azərbaycan xalqı növbəti dəfə də seçim edərək cənab İlham Əliyevi yenidən ölkə prezidenti seçdi. Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin iştirak etdiyi və müxtəlif partiyaları təmsil edən 8 namizədin qatıldığı şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.

Andına sadiq lider

Həmin dövrdə bir coxları cənab Prezident İlham Əliyevin yenidən seciləcəyi təqdirdə ümidləri tam doğrultmayacağı haqda mənfi fikirdə idilər.Lakin secildikdən sonra andiçmə mərasimindəki çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki,azərbaycan xalqı hec vaxt yanılmayır.

-“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Güclü iqtisadiyyat.güclü həyat deməkdir

Seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 20 il ərzində onun rəhbərliyi altında inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayandı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 20 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə başçısı İlham Əliyev dəfələrlə cıxışında qeyd edib ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Azərbaycanda 2003-cü ildən başlayan yeni islahatlar nəticəsində ölkədə çox mühüm dəyişikliklər baş vermiş və bir sıra nailiyyətlər əldə olunub: “Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. 

Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın Beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunmuş, Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmış, demokratik inkişaf, suverenlik və özünütəminetmə prinsiplərinə söykənən müstəqil Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr arasında ən qabaqcıl yerlərdən birini tutmuşdur. 

Uğurlu diplomat

Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatların sürətləndirilməsi ilə çevik idarəetmənin qurulması kimi taleyüklü vəzifələr yerinə yetirilməli idi.

2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi.

Prezident İlham Əliyevin bütün diplomatik addımları milli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanıb və bir çox halda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s.
Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətləb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi böyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Azərbaycan dövləti dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək ötən illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdir.

 Zəfərə qazanan Ali Baş Komandan

İlham Əliyevin prezidentliyi dövrü eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür: “Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı idə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi".

Bu gün Azərbaycanın regionda və dünyada yaratdığı yeni bir reallıq var: “Nəhayət ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq 44 günlük müharibə nəticəsində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etetdi. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bunulada Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi".

Heydər Əliyev yolu qələbəyə apardı

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Xalqımız öz Prezidentinə inanır, etimad göstərir. Bundan sonra da xalq öz Prezidentinin ətrafında sıx birləşəcək”.

Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Azərbaycan xalqı öz liderinin  müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir.

Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir.

Ceyhun Cahangirov

 Goranboy rayon Quşcular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru,

YAP Goranboy rayon təşkilatının fəalı.



 

Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”

“Bu gün Azərbaycanın yüksək səviyyədə əlaqələrə malik olduğu Avropa ölkələrindən biri də Almaniyadır. Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə etdiyi işgüzar səfəri də, şübhəsiz, mövcud əlaqələrin bundan sonra daha sürətli inkişafına xidmət edəcək. Prezident İlham Əliyev tərəfindən təqdim olunan aydın strateji istiqamətlər, bu və ya digər sahələr üzrə qeyd edilən konkret rəqəmlər alman biznesinin nümayəndələri üçün son dərəcə maraqlı perspektivlərin olduğunu nümayiş etdirdi.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat deyib: “Möhtərəm dövlət başçımızın alman biznesinin aparıcı təmsilçilərinə təqdim etdiyi məlumatlarda Azərbaycanın iqtisadi cəhətdən tam müstəqil olması faktı öz əksini tapmış oldu ki, bu da ən mühüm cəhətlərdən biridir. Prezidentimiz birmənalı olaraq vurğuladı ki, ölkəmiz iqtisadi cəhətdən müstəqildir və bu, ötən illər ərzində dövlətin ən əsas hədəflərindən biri olub. Dövlət başçımızın açıqlamalarında son iyirmi il ərzində əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artımın olduğu, bu gün yeni hədəf kimi iqtisadiyyatımızın daha çox şaxələndirilməsinin müəyyən edildiyi qeyd olundu. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qaz təchizatı və ya mövcud qaz təchizatının artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən müraciət olunub. Bunun müqabilində ölkəmiz tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. İri xarici şirkətləri maraqlandıra biləcək perspektivli fəaliyyət istiqamətlərindən biri də 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında aparılan yenidənqurma işləri ola bilər.”

Martın 14-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə və kansler Olaf Şoltsla keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərin gedişində bir çox mühüm məsələlərin müzakirə olunduğunu qeyd edən K.Qafarov deyib: “Almaniyanın dövlət və hökumət başçıları ilə keçirilən görüşlərdən sonra Azərbaycan Prezidenti və Almaniyanın kansleri keçirdikləri mətbuat konfransında müzakirə olunan məsələlərə dair açıqlamalar verdilər. Bu zaman bir daha qeyd olundu ki, Azərbaycan və Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində daha da sıx əməkdaşlıq etmək istəyir. Bu istiqamətdə çox önəmli addımlar atıldığını qeyd edən dövlətimizn başçısı keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun əhəmiyyətini bir daha vurğuladı. Mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin mövcud durumu barədə açıqlama verən dövlətimizin başçısı 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalı, xalqımızın məruz qoyulduğu etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşdüyünü və bir milyon azərbaycanlının Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulduğunu, qaçqın-köçkün vəziyyətinə düşdüyünü bir daha Avropa ictimaiyyətinin diqqətinə çatdırdı. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycanın apardığı ədalətli Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdiyini vurğulayan Prezident İlham Əliyev 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistanın cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olduğunu qeyd etdi. Lakin bu gün Azərbaycan Ermənistanla münasibətlərində ədavət səhifəsini çevirməyə hazırlaşdığını bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı mətbuat konfransındakı çıxışında da birmənalı olaraq bildirdi ki, bu gün sülhün zamanı çatıb. Bu məqsədlə Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır və Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlanmalıdır”.
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov