Xəbər lenti



Şirvan şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb. 

Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Şirvan Bələdiyyəsi və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının  xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.



Ukraynada Rusiyanın başlatdığı müharibə həlledici mərhələdədir. Müttəfiqlərin və tərəfdaşların köməyi çox vacibdir.

Bunu Ramştayn formatında görüş zamanı Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

 

“Bilirsiniz, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır. Rusiya hesab edir ki, o, Ukraynanı və bizi üstələyə bilər. Amma bu, Rusiyanın yanlış hesablamalarının sonuncusudur”, - deyə Ostin bəyan edib.

Onun sözlərinə görə, 30-dan çox ölkə Ukraynaya hərbi yardım göndərib. O, müttəfiqləri dəstəyi artırmağa çağırıb və həmçinin yardıma görə Polşa, Norveç və Britaniyaya təşəkkür edib.

Xatırladaq ki, bu gün Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramştayn formatında dördüncü iclası keçirilib.

Mənbə: rbc.ua



Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.

Bununla bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıblar.

 

Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.

Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilib. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunub.

Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin edib və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilib və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunub.

Eyni zamanda müəyyənləşdirilib ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlanıb və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol verib.

Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıtda olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Sonra Prezident İlham Əliyev Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.



u gün tarixi hadisənin - Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq.

Bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

"Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm. Məlumdur ki, cənab Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı diləyirəm".

O, bildirib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib: "Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıll”ı kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir.

Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlarda 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər.

Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 41 ailədən 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək".

Xüsusi nümayəndə qeyd edib ki, ilkin mərhələdə kənd sakinlərinin Ağalıda yaşaması üçün bütün infrastuktur qurulub.



“Avropa İttifaqı Azərbaycanla birgə çalışaraq Mərkəzi Asiya və onun hüdudlarından kənarda da əlaqələr qurmaq arzusundadır. Biz mühüm Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələri böyük maraqla izləyirik və müzakirələrin dərinləşdirilməsinə töhfə verəcəyik. Nəhayət, biz vahid hava məkanı haqqında sazişi yekunlaşdırmaq istəyirik. Çünki bu, biznes, ticarət və turizm imkanlarına böyük təkan verəcəkdir”.

 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Prezident İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.

Avropa Komissiyasının Prezidenti bildirib ki, Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir:

“Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir. Avropa İttifaqı Cənubi Qafqazın təhlükəsiz, sabit və firavan olmasına sadiqdir. Məsələn, biz bu ölkədə minalardan təmizləmə sahəsində ən böyük donoruq. Biz bu vacib mövzunu da müzakirə etdik. Biz bu məqsəd üçün 4,25 milyon avroluq yeni yardım paketini elan etdik. Bununla yanaşı, biz bu mühüm sahədə avadanlıq və təcrübə təklif edirik”.



ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price bildirib ki, Çinin Rusiyaya silahla kömək etmək və ya sanksiyalardan yan keçmək cəhdləri Pekinə baha başa gələcək.

"Unikal" xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.

Eyni zamanda o qeyd edib ki, Çin sanksiyalardan yayınmağa cəhd edərkən tutulmasa da, ABŞ bunu yaxından izləməyə davam edəcək.

“Biz açıq şəkildə işarə etdik ki, Rusiyanın Moskvaya qarşı tətbiq etdiyi misli görünməmiş sanksiyalardan, ixrac nəzarətindən və ya digər maliyyə tədbirlərindən yan keçmək üçün Çindən silah və ya hər hansı yardımın göstərilməsi çox baha başa gələcək". 

Ramil Zeynallı



"Biz bu gün sevincliyik. Ağalıya köçən sakinlərə təşəkkür edirəm".

"Unikal" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin hər yerində bu gün irimiqyaslı işlər davam etdirilir.

"Biz bu gün sevincliyik. Ağalıya köçən sakinlərə təşəkkür edirəm. Müasir bir kənd salınıb, müasir şərait yaradılıb. Şuşada və digər rayonlarda böyük quruculuq işləri gedir. İnanıram ki, yaxın gələcəkdə biz öz Vətən torpaqlarımızın daha da uğurlu inkişafı üçün keçmiş məcburi köçkünlərimizi ora qaytaracayıq".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov