Xəbər lenti

 

Bədbəxt hadisələrdən, o cümlədən, yol-nəqliyyat qəzalarından heç kim sığortalanmayıb. Zaman-zaman vəzifəsi qanununçuluğun keşiyində durmaq olan polis işçilərinin hadisə törətməsi barədə məlumatlara rast gəlinir. Fərq burasındadır ki, onlardan daha böyük məsuliyyət tələb olunur. Amma indi haqqında söz açdığımız faciəni törədən polis əməkdaşının cinayəti onun paqon yoldaşları tərəfindən ciddi-cəhdlə ictimaiyyətdən gizlədilir.

Ardını oxu...


Rayonun ən böyük kəndi olan Dağkəsəmənin camaatı uzun illərdi ki, RİH-nin inzibati-ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov və bələdiyyə sədri Ariz Bayramovdan mütəmadi olaraq  şikayətçi olmalarına baxmayaraq, başbilənlər nədənsə bu iki şəxs haqqında tədbir görmürlər. Görünür ki, həmin şəxslərlə Ağstafa Rayon İcra Hakimiyyətində onları müdafiə edənlərlə aralarında üstüörtlü nəsə vardır. Bu da hamıya məlumdur. Sadəcə kənd camaatı öz abırından utanır.

Ardını oxu...



Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlının komandası məktəbləri kabinetlərindən idarə edirlər

 

Qazax Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyan Nizaməddin Babanlı harada işləyibsə kimlərəsə zəif, aciz kadr kimi görünüb.Və həmişə özünə yaxşı olub. Əslində belə adamlar həyatda daha qorxulu olurlar. Yalandan söz verib əməl etmir, kimlərəsə badalaq qurmaqda pərgar olur, stolu yalandan zəbt edir, dövlətin mənafeyindən çox öz şəxsi mənafeyini güdür. Belə kadrlarda harada işləyibsə həmin sahəni ölü bir vəziyyətə salıblar.

Bu yaxınlarda Qazaxda təhsil sistemində apardığımız xırda bir araşdırma onu göstərdi ki, rayonun məktəblərində vəziyyət, nizam-intizam bərbad gündədi. Nizaməddin Babanlı, necə deyərlər “başının çibinini qoruyur”. Yenə də müəllimlər hər maaş alan kimi direktorların siyahısında adlarının qabağına üstəgələk qoydurur, üstəlik “xeyirə xərcləyin ifadələri” də işlədirlər. Guya Qazaxdakı məktəblərdən rahat şəkildə yığılan pullardan Nizaməddin Babanlının və ya digərlərinin xəbəri yoxdu?

Bu günlərdə Qazaxın Xanlıqlar kənd tam orta məktəbində baş verən hadisə də rayon ictimayyəti, ziyalılar tərəfindən birmənalı qarşılanmayıb. Məktəbin direktoru Şofiq Qədimov Nizaməddin Babanlı kimisinin bəlkə də səriştəsizliyindən istifadə edərək paytaxtda var-gəl edən bir şagirdin adını 8 ildir sinif jurnalına yazdırıb. Adı var, özü yox şagird Bakıda cinayət hadisəsi törətdikdən sonra məsələnin üstünü hüqüq-mühafizə orqanları açıb. Nəticədə, işi hələlik Şofiq Qədimovu vəzifədən uzaqlaşdırılmaqla müvəqqəti bağlayıblar. İndi rayonda hamını düşündürən bir  məslələ də var ki, təhsil şöbəsində hər gün məktəbləri yoxlayan müfəttişlər görəsən  hara baxıblar? Necə ola bilər ki, dərsə gəlməyən bir şagirdin adını məktəb direktoru 8 il rayon təhsil şöbəsindən gizli saxlaya bilib?

Son nəticədə Nizaməddin Babanlı və rəhbərlik etdiyi şöbənin müvafiq cavabdehləri nə üçün səhlənkarlıqlarına görə cəzalarını almayıblar? Aldığımız məlumata görə Nizaməddin Babanlı kimya sahəsi üzrə elmlər namizədidir. Qazaxda böyük bir müəllim ordusunun bəlkə də belə namizədə ehtiyacı yoxdur. Çünki məktəb direktorları məktəblərdə öz bildiklərini edirsə, Nizaməddin müəllim kimə və nəyə lazımdır? Artıq “xəstə dissertasiyalara” da ehtiyac duyulmur. Özü də Nizaməddin Babanlı kimilərinin timsalında.

 P.S. Rayonda olarkən baş vermiş hadisəni araşdırmaq məqsədi ilə Nizaməddin Babanlı ilə görüşdük. Təhsil şöbəsinin müdiri suallarımızı dinlədikdən sonra bildirdi ki, hamısı cəzalarını alacaqlar. Bəs Siz hansı cəza alacaqsınız sualına Babanlı əsəbləşərək belə cavab verdi.

- Mənim nə günahım var. Bu işdən mənim xəbərim olmayıb. Olanlar da cəzalarını alacaqlar.

Maraqlı cavabdır elə deyilmi, rayon mərkəzindən 7 kilometr aralı Xanlıqlar kəndində 8 il məktəbdə “ölü can” – şagirdin adı dərs jurnalına yazılır, amma Təhsil Şöbəsinin müdiri deyir ki, mənim nə günahım var?  

Rayonda olan zaman öyrəndik ki, son illər Qazax rayon icra hakimiyyətinin başcısı Rəcəb Babaşovun rəhbərliyi ilə bir sıra uğurlara imza atılıb. Rayon ictimayyəti, sakinlər bu uğurlardan fəxarət hissi ilə danışırlar.( bu barədə gələn sayımızda)

Amma bu uğurlara hələ də kölgə salanlar iş başındadır.Rayon ictimayyəti elə bu sahələrdən biri olan Təhsil Şöbəsindən danışdılar.

Ətraflı gələn sayımızda.

 Zaur Vəliyev





Müstəqim Məmmədovun dövründə görülən işləri görməmək ücün yalnız kor olmaq lazımdır

Son günlər sosial şəbəkələrdə  Ziya Mahmudov adlı Tərtər rayon sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla bağlı bəzi məlumatlar yayılmaqdadır. Hətta bəzi həmkarlarımız bir azda irəli gedərək Ziya Mahmudovun kimliyini,məqsədini belə dəqiqləşdirməmiş cəbhə bölgəsində yerləşən rayonun rəhbərliyi haqqında həmin məlimatları öz saytlarında yerləşdirməklə sanki böyük iş görmüş kimi öyünməkdən belə cəkinmirlər. 
İlk əvvəl qeyd edək ki, Tərtər rayonu cəbhə bölgəsində yerləşir, illərdir düşmənlə üz-üzə qəhrəmancasına, mərd-mərdanə dayanıb. Yəni bu rayonun sosial-iqtisadi cətinlikləri digər rayon və şəhərlərdən həmişə fərqli olubdur. Düşmənin atəş nöqtəsində yerləşən bir rayonda yaşamağı və işləməyi tərtərlilərdən və burada calışan rayon rəhbərliyindən başqa hec kəs bilə bilməz. Bu rayonun sakinlərivə rəhbərliyi  müharibənin ən cətin dövründə belə dövlətə və dövlətciliyə həmişə sadiq olublar. 
Ən maraqlısı da odur ki, düşmənlə üz-üzə dayanan Tərtər rayonu haqqında ara-bir dəqiqləşdirilməmiş,düşmənin dəyirmanına su tökənlər tərəfindən xoşagəlməz informasiyalar yayılmaqdadır. Təbii ki, müharibə şəraitdə yaşayan tərtərlilər hec vaxt belə xəbərlərə inanmayıblar. Bu günədək yüzlərlə Ziya Mahmudov kimiləri Tərtər rayonu haqqında hec də xoş olmayan, kimlərinsə sifarişi ilə müxtəlif səpkili  xəbərləri məqsədyönlü şəkildə yayıblar. Amma nə tərtərlilər, nədə ki bu rayonunu rəhbərliyi belə xəbərlərə fikir verməyərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.
Son vaxtlar ölkə prezidentinin apardığı islahatlar nəticəsində bir necə rayonun rəhbərliyinin dəyişməsi öz aləmlərində Ziya Mahmudov kimilərinin və belələrinə havadarlıq edənlərin işinə yaman yarıyıb. Cox maraqlıdır ki, belələri hələ də unudub ki, islahatlar kimlərinsə yaratdığı şounun nəticəsi ilə deyil, ölkə başcısının iradəsi ilə həyata kecirir.  Qeyd edək ki,hansısa rayon rəhbərliyi haqqında qərəzli şəkildə  məlumatlar yaymaqla hələ bu günədək hec kəs istədiyinə nail olmayıb.
O ki qaldı ökə başcısının 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmiş Müstəqim Məmmədova, həm respublika rəhbərliyi, həm də rayon sakinləri hec vaxt bu təyinatdan narazı qalmayıb. Cünki icra başcısı Müstəqim Məmmədov həmişə əməlləri ilə tərtərlilərin rəğbətini qazanıb. Onun rayona rəhbərlik etdiyi dövrdə həm rayon mərkəzində, həm də kəndlərdə görülən işləri görməmək ücün gərək insan kor ola. Bunu biz yox, tərtərlilər deyir. Odur ki, gedin Tərtəri gəzin, əziz bəzi "həmkarlarım".
Baxın görün düşmənlə üz-üzə dayanan Tərtərdə sahibkarlıq fəaliyyəti ilə bağlı onlara necə şərait yaradılıb? Baxın görün rayonun mərkəzi kücələri və yaşayış binalarının ətraflarına necə asfalt cəkilib? Cəbhə böyu kəndlərdə vəziyyət necədir? Yol,işıq,qaz kimi problemlər necə həll olunub? Baxın görün Tərtər son illər necə inkişaf edib? 
P.S. Nəyinki Tərtərdə, bütün rayonlarda Ziya Mahmudov kimiləri yuzlərlədi. Amma ən əsası Ziya Mahmudov deyil, onun arxasında duran qüvvələrdir. O quvvələr ki, rayon rəhbərliyi onların arzularını puc edib, sifarişlərini yerinə yetirmir. Belə olan halda da həmin qüvvələr də Ziya Mahmudov kimilərini yaradır.

Zaur Vəliyev



Çox hörmətli cənab Prezident!

Mən Lerik rayonun sabiq icra başçısı Babaəli Məmiş oğlu Ağayevlə Lerik rayonunda tikilmiş və Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hotellə bağlı söhbətlərim şəxsən olub. Babaəli Məmiş oğlu Ağayev mənim xahişimi qəbul etdi, məsələ ilə bağlı mənə xeyli açıqlamalar verdi. O, bildirdi ki, “Lerik rayonuna ikinci dəfə icra başçısı təyin olunanda həmin hoteli tikmək qərarına gəldim. Bakıdan və ölkənin digər bölgələrdən qonaqlarımız olurdu. Onları yerləşdirməkdə çətinliklər çəkirdik. Odur, rayonun büdcəsi hesabına İcra Hakimiyyəti aparatı üçün hotel tikdirmək qərarına gəldim. Aidiyyəti təşkilatları bir yerə topladım, vəsait ayrıldı, tikintini vaxtında başa çatdırdıq”.

Mən Babaəli müəllimdən soruşdum ki, həmin hoteli kimsə sata və ya özəlləşdirə bilərmi? O, mənə cavabında dedi: “Xeyr, heç vaxt belə bir məsələ mümkün olan iş deyil. Hotel Lerik rayon İcra Hakimiyyəti aparatına məxsusdur. Onun satılıb özəlləşdirilməsi tamamilə qanunsuzdur”. Bu, iki dəfə Lerik rayonunda rəhbər vəzifədə işləmiş, daha dəqiq desək, sovetlər dönəmində Lerik rayon Partiya Komitəsinin birinci katibi və müstəqillik dövründə isə Lerik rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş şəxsiyyətin dedikləri idi.

Qayıdaq məsələnin mahiyyətinə. Mən özüm də Lerik rayon İcra Hakimiyyəti aparatında məsul vəzifələrdə işləmişəm. Lerik rayon İcra Hakimiyyəti başçısının ən ucqar ərazisi olan Osyodərə ərazisində icra nümayəndəsi, Lerik rayon İcra Hakimiyyəti aparatında isə hüquq şöbəsində hüquqşünas vəzifələrində bir neçə il çalışmışam. Mənim özümün də işlədiyim müddətdə Bakıdan, respublikanın digər rayonlarından qonaqlarımız olurdu. Həmin qonaqlar İcra Hakimiyyəti aparatının ikimərtəbəli hotelində yerləşir və istirahət edirdilər. Şəxsən iki çağırış Milli Məclisin deputatı olmuş, Lerikin hörmətli ziyalılarından sayılan Miri Qənbərov həmişə İcra Hakimiyyəti aparatının sözügedən hotelində qalardı. Miri müəllim çox vaxt vətəndaşları elə hotelin qarşısında açıq havada qəbul edərdi. Miri müəllim yalnız əhaliyə kömək edər, rayonun daxili işlərinə heç vaxt qoşulmazdı. Bu hoteli tikdirən Babaəli Ağayevə də həmişə öz minnətdarlığını bildirərdi. O, deyərdi ki, “çox sakit bir guşə seçilib, halal olsun Babaəli müəllimə”.

Son vaxtlar Lerik rayon İcra Hakimiyyətinə məxsus olan o hotel qanunsuz olaraq kimlərəsə peşkəş edilib. Məndə olan məlumata görə, həmin hoteli özəlləşdirən vətəndaş onu bir qədər təmir etdikdən sonra artıq 120 min dollara satışa çıxarıb. İndi sual olunur: Cənab Prezident, Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hoteli kim və hansı məqsədlə bu günə qoyub? Bəs sabah Lerik rayonuna bir qonaq gələrsə, o, harada yerləşəcək?

Sizdən xahiş edirəm ki, baş vermiş bu qanunsuz hərəkət haqqında tədbir görəsiniz. Axı, həmin hotel leriklilərin vəsaiti hesabına tikilib. Hotel leriklilərə məxsusdur. Tədbir görməyinizi xahiş edirəm.

Mövzuya qayıdacağıq...

İbadov İlham Mürvət oğlu Tarix: 29.10.2019-cu il

Lerik rayonu, Azərbaycan Jurnalistlər Telefon: 050 673 45 45

Birliyinin üzvü, sabiq dövlət qulluqçusu



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.

Azərtac xəbər verir ki, Prezident İlham Əliyev ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirib:

- Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.

Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır.

İndi isə məruzə edin, bu günə qədər nə işlər görülüb və ilin sonuna qədər hansı addımlar atılacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:

- Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyiniz kimi, bu ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Bu vəsait hesabına 2019-cu ildə Azərbaycanda min kilometrə qədər yeni avtomobil yollarının salınması, təmir olunması, körpülər tikilməsi nəzərdə tutulurdu. Bu gün mən Sizə məruzə edirəm ki, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır.

Prezident İlham Əliyev: Yəni ilin sonuna qədər min kilometrə çatdırılacaq.

Saleh Məmmədov: İlin sonuna qədər 1122 kilometr olacaq. Çünki Sizin bölgələrə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiniz. Biz artıq bu ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq. Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətlə təhvil veriləcək.

Prezident İlham Əliyev: Xınalığa yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.

Prezident İlham Əliyev: Bir də Qonaqkəndə yolun çəkilişi nəzərdə tutulmuşdu. O kənddən də müraciətlər daxil olmuşdu. Mən Sizə uzunluğu 50 kilometrdən çox olan Qonaqkənd yolunun tikintisini də tapşırmışdım.

Saleh Məmmədov: Bəli, uzunluğu 50,3 kilometrdir.

Prezident İlham Əliyev: O nə vaxt təhvil veriləcək?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilmişdir. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmamışdır. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. Sizin tapşırığınıza əsasən növbəti ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır olacaq.

Prezident İlham Əliyev: Magistral yollarla bağlı vəziyyət necədir? Xüsusilə Rusiya sərhədinə gedən yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin tövsiyə və tapşırığınıza əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alındı. Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir. Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin.

Prezident İlham Əliyev: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi nə yerdədir?

Saleh Məmmədov: Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır. Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik.

Prezident İlham Əliyev: Bir də ki, magistral yolların arasında İran sərhədinədək uzanan yol da bizim diqqətimizdədir. Hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Ona görə mən göstəriş vermişəm ki, Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilsin. Bu istiqamətdə hansı işlər görülür?

Saleh Məmmədov: Cənab Prezident, 2018-ci ildə Astaraya səfəriniz zamanı əhalinin bu məsələ ilə bağlı müraciətindən sonra Siz ilkin olaraq 2 milyon manat vəsait ayırdınız. Hazırda İran sərhədinə qədər yol çəkilmişdir. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi həll olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin daxilindən çıxarılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Həmçinin qəsəbədaxili yollara da mütləq fikir vermək lazımdır. Bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapmalıdır.

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin birbaşa göstərişiniz və qayğınız nəticəsində bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracağıq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdıraq.

Prezident İlham Əliyev: İndi gələn ilin investisiya proqramının müzakirəsi gedir. Əlbəttə ki, yol çəkilişi dövlət investisiya proqramında əhəmiyyətli yer tutacaqdır.



Bu gün görkəmli alim, pedaqoq - akademik Vaqif Məhərrəm oğlu Abbasov ikiqat təbriklərin ünvanıdır. Həm peşə bayramı (5 Oktyabr - Müəllimlər Günü), həm də 67 yaşının tamam olması münasibətilə.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov